Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2015

Öldürülən məhkumun işindəki ilginc ifadə üzə çıxdı

Məhkum Yadigar Nuriyev: “Mən içəri girəndə təpik, dubinka... daha nə ilə vurmurdular onu”
“Onu vuranda mən içəri girdim. DPNK-nın otağına. ”Rejim", “DPNK” Babayev Elşadı vururdular. Guya ki, rəisə cavab qaytarıb. Rejim rəisi Faiq, DPNK Vüqar, baş “starşina” Rahib, bir də Hafiz idi, rəisin “zam”ı. Ona deyirdilər ki, filankəslə niyə “spor”laşmısan?" - bu sözləri “Yeni Müsavat”ın əməkdaşına məhkum Yadigar Nuriyev deyib.

Onun sözlərinə görə, ötən ilin dekabrında məhkum Elşad Babayevin döyülməsi onun gözlərinin qarşısında baş verib. E.Babayev dekabrın 22-də dünyasını dəyişəndən sonra isə onu Məhkumların Müalicə Müəssisəsinə köçürüblər və geri qaytarmayıblar. Y.Nuriyev Bakı Şəhər Prokurorluğunun müstəntiqi Cavid Abbasova verdiyi ifadəsində E.Babayevin döyülməsi haqda şahid kimi ifadə verib: “Müstəntiq Cavid Abbasov gəlmişdi. Məndən ifadə aldı. Dedi ki, onun vəziyyəti pis olanda, karsda olanda yanındakı 1-2 nəfəri dindirmişəm, onlar geri çəkildilər. Sual verdi ki, sən belə eləməyəcəksən? Dedim ki, yox, nə görmüşəm onu deyirəm”.

Y.Nuriyev müstəntiqə dediklərini bir daha təkrarlayıb:

“Mən onu vuranda içəri girdim. DPNK-nın otağına. ”Rejim", “DPNK” Babayev Elşadı vururdular. Guya ki, rəisə cavab qaytarıb. Rejim rəisi Faiq, DPNK Vüqar, baş starşina Rahib, bir də Hafiz idi, rəisin “zam”ı. Ona dedilər ki, filankəslə niyə “spor”laşmısan? O, dustaqla “spor”laşmışdı, elə belə. Rəis də ona demişdi ki, belə eləmə. O da rəisə cavab qaytarmışdı. Rəis də demişdi ki, vurun. Mən içəri girəndə təpik, dubinka... daha nə ilə vurmurdular onu. Əlləri qandalda idi".

Y.Nuriyev deyib ki, Elşad Babayevin ölümü ilə bağlı 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli İbrahimova da fikirlərini deyib: “Rəis Əli İbrahimova da dedim ki, Elşadın ölümündə işçilərin günahkardır, onun vurub öldürüblər. Rəis də dedi ki, o xəstə idi, əcəl idi. Dedim ki, yox, o xəstə deyildi, özüm girib görmüşəm. Elşad döyüləndən sonra onunla birgə kamerada olmuşam. Gömgöy idi bədəni. Onu karsdan aparıb bir daha döydülər. O uşaq öləndə məni karsa bağlamışdılar. O da karsda keçinib. O, uşaq ölən gündən, dekabrın 22-dən məni atıblar bura, müalicə müəssisəsinə. Dializ xəstəsiyəm. Hər həftə mən dializə gedirəm”.

Qeyd edək ki, ötən il dekabrın 22-də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində məhkum Elşad Babayev dünyasını dəyişib. Ölümündən sonra onun meyiti Qaradağ Rayon Məhkəmə Tibb Ekspertizasına aparılıb. Bacısı S.Babayeva orada qardaşının meyitinin fotolarını çəkib və ictimailəşdirib. İş üzrə araşdırma aparmalı olan istintaq orqanına də həmin fotoları təqdim edib. Amma gözlənildiyinin əksinə olaraq məhkumun ölümü ilə bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci - vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb. Sonradan isə işi Qaradağ Prokurorluğundan alıb Bakı Şəhər Prokurorluğuna veriblər. İşin istintaqı müstəntiq Cavid Abbasova tapşırılıb.

Bir neçə gün əvvəl isə müstəntiq C.Abbasov E.Babayevin yaxınlarına bildirib ki, cinayət tərkibi olmadığından işə xitam verilib. Maraqlıdır ki, müstəntiq xitam qərarını verərkən şahid kimi dindirdiyi məhkum Yadigar Nuriyevin ifadəsini nəzərə alıbmı? Ümumiyyətlə, həmin ifadəni rəsmiləşdirib işə əlavə edibmi?

Bu sualların cavabı açıqdır. Bundan başqa, iş üzrə digər şahidlər də olub. Simuzər Babayeva qəzetimizə açıqlamalarında bildirib ki, bu il yanvarın 29-da baş prokurorun 1-ci müavini Rüstəm Usubovun qəbulunda olub. Onu dinləyən baş prokurorun 1-ci müavini karsda olan və onun ölümünə şahid olan Zaur adlı məhkumun, vəkil Qurban Məmmədovun dindirilməsini də tapşırıb. Görəsən, müstəntiq işə xitam verməzdən əvvəl baş prokurorun 1-ci müavinin tapşırığını icra edib? Məhkumun bacısının təqdim etdiyi və iş materialları arasında olan fotolara baxıb?

Yada salaq ki, hüquqşünas, keçmiş siyasi məhbus Qurban Məmmədov Qaradağ rayonu, 14 saylı cəzaçəkmə müəssisəsində məhkum olaraq cəza çəkib. 2014-cü il dekabrın 30-da hüquqşünas əfv olunub və müsahibə verərək “Elşad Babayevin işgəncə verilərək öldürülməsi bir faktdır” söyləyib.

Belə bir vəziyyətdə iş üzrə xitam qərarının Azərbaycan qanunvericiliyinə uyğun qəbul olunması şübhə doğurur./musavat/
540 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber