Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2013

Azərbaycandan gedən 6 milyon dollarlıq tiryək Almaniyada tutuldu

Almaniyanın gömrük orqanları Azərbaycan üzərindən keçirilən 228 kiloqramlıq tiryəki bu ölkənin Polşa ilə sərhəddi yaxınlığında saxlayıb.

Virtualaz.org saytı bu barədə Almaniyanın “Bild” qəzetinə istinadən xəbər verir. Xəbərdə deyilir ki, narkotik maddə əfqan mənşəli olub və ötən ay Berlinə doğru istiqamət alan yük maşınında aşkarlanıb.

Alman hüquq-mühafizə orqanları bu faktı dekabrın 6-da xüsusi mətbuat konfransı keçirərək açıqlayıblar. Qeyd edilir ki, bu, Almaniyada son 10 ildə aşkarlanan ən iri həcmli narkotik maddədir.

Heroin hazırlamaq üçün xammal kimi istifadə olunan tiryək xammalının qiyməti 5,7 milyon avro (6 milyon dollardan çox) olub.

Xəbərlərdə deyilir ki, narkotik maddə 1 kiloqramlıq paketlər halında qablaşdırılıbmış.

Almaniyanın federal maliyyə nazirinin dövlət katibi Hartmut Koschyk Berlin-Brandenburq əyalətinin Gömrük Axtarışı İdarəsində keçirdiyi mətbuat konfransında həmin narkotik maddəni nümayiş etdirib və deyib ki, ötən 10 ildə bir dəfəyə bu qədər iri həcmdə narkotik maddə ələ keçməmişdi.

“Biz istisna etmirik ki, tiryək xammalı heroin emalı üçün Berlinə aparılırdı” - deyə Hartmut Koschyk bildirib.

Məlumata görə, Almaniyanın gömrük axtarışının onlarla təhqiqatçısı hazırda ələ keçirilən narkotik maddədən çıxış edərək beynəlxalq narkotik qaçaqmalçılarının izinə düşməyə çalışır. Bildirilir ki, Türkiyə nömrə nişanlı yük maşını Almaniyanın Polşa ilə sərhədini keçəndən sonra gömrük patrullarında şübhə doğurub. Maşın rentgen qurğusu ilə axtarılıb və narkotik maddə aşkar edilib. Narkotik maddə yük maşınının qoşqusunun içərisində gizlədilibmiş.



Gömrük patrulları köhnə yük maşınının qoşqusuna baxanda onun təzə fanerlə üzləndiyini görüb və bundan şübhələniblər.

Maşının Türkiyə vətəndaşı olan sürücüsü saxlanılıb, onun üzərindən iki mobil telefon, naviqasiya sistemi və taxoqraf götürülüb. Naviqasiya sisteminin məlumatlarına əsasən müəyyən edilib ki, yük maşını Azərbaycan üzərindən Türkiyəyə, oradan İtaliyaya, daha sonra Polşaya və Almaniyaya keçib. Narkotik maddənin Əfqanıstandan gətirildiyi təxmin edilir.

Əgər narkotik maddə yük avtomobilinə Azərbaycan ərazisində yüklənibsə və maşın buradan yola çıxıbsa, deməli, narkotik Xəzər dənizi üzərindən Orta Asiyadan gətirilib.

Qeyd edək ki, ən iri beynəlxalq narkotrafiklərdən birinin Azərbaycan üzərindən keçdiyi beynəlxalq təşkilatların və yerli hüquq-mühafizə orqanlarının hesabatlarında dəfələrlə göstərilib. ABŞ Dövlət Departamentinin narkotiklərə qarşı mübarizə hesabatında göstərilmişdi ki, Azərbaycan Əfqanıstandan Avropaya narkotik daşınması üçün istifadə olunan əsas marşrutlardan biridir və yerli hüquq-mühafizə orqanları ölkə üzərindən daşınan tonlarla narkotikin az bir qismini yaxalaya bilirlər.

1473 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı