Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2015

Daha bir icra başçısı oğlunu deputat etmək istəyir

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov oğlunu parlament seçkilərinə hazırlaşdırır.

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin yaxınlaşması millət vəkili adına iddialı olan şəxsləri də hərəkətə keçirib. Artıq bir sıra şəxslər müxtəlif dairələrdən deputatlığa namizədliklərini irəli sürəcəklərini bəyan edərək, ortaya iddia qoyublar. Bu il deputatlığa namizəd olacaq şəxslər arasında bir sıra məmur övladlarının da adı çəkilir.

Bu il millət vəkilliyinə namizədliyini irəli sürəcək məmur övladları sırasında Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun oğlu Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Ofisinin Koordinatoru Ümid Abuzərlinin də adı var.

Ümid Abuzərli Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Ofisinin Koordinatoru olaraq son illər bir çox beynəlxalq tədbirlərdə aktiv iştirak etməyə çalışır. İcra başçısının oğlu bu məqsədlə iqtidara yaxınlığı ilə seçilən mətbu orqanlarda tez-tez təbliğ olunmağa da üstünlük verir.

Məlumatlara görə, Tahir Kərimov oğlunun hakim partiyanın namizədlər siyahısında yer alması üçün YAP rəhbərliyindəki şəxslərə dəfələrlə minnətçi düşüb.

İcra başçısı məhz bu ilki seçkilərdə oğlunun namizədliyinin Daşkəsəndən sürməsini istəyir. Belə ki, Mübariz Qurbanlıdan sonra sözügedən rayonda deputat mandatının boş qalması və Tahir Kərimlinin Salyan rayon icra başçısı olmamışdan qabaq Daşkəsən rayonuna rəhbərlik etməsi Ümid Abuzərlinin məhz bu rayondan namizədliyinin irəli sürüləcəyini deməyə əsas verir.

Tahir Kərimlinin bu arzusunun nə qədər real olduğu isə YAP-ın yaxın günlərdə ictimaiyyətə açıqlayacağı deputatlığa namizədlər siyahısından sonra ortaya çıxacaq.

Onu da qeyd edək ki, Ümid Abuzərli təkcə hakim partiyanın gənclər birliyində təmsil olunmur. Özəl biznesə də sahib olan gənc namizəd Level Up Təhsil və İnkişaf Mərkəzinin Təsisçisi kimi də tanınır. O bu şirkət vasitəsi ilə müxtəlif təhsil kursları və xaricdə təhsil işi ilə məşğul olur./azxeber/
569 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber