Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2015

Bakıda insanlıq daramı: "Küçədə ölmək istəmirəm..."

Cəfər Cabbarlı küçəsində “Eldar eloğlu” hekayəsi; Doğma dayısı Eldar Məhərrəmovu evinə buraxmır; küçələrdə gecələyən 44 yaşlı kişi “istədim özümü öldürüm, amma körpüyə çıxmağa halım olmadı...”, deyir 

Cəmiyyətdə belə bir rəy yaranıb ki, həbsdən çıxan hər kəs cəzasını çəkibsə də, ona insan kimi davranmaq, sahib çıxmaq olmaz. Sanki onlar itirilmiş adamlardır... Bu səbəbdən də paytaxt Bakıda küçəyə atılmış, taleyin ümidinə buraxılmış neçə-neçə insan dramı yaşanır. Parklardakı skamyalar, ağac dibləri, sahibsiz evlər bu insanların məskənlərinə çevrilir. Bu insanlar zaman keçdikcə içki düşkünü olurlar...


Və bir gün belə bir xəbər oxuyuruq - “Parkda kimliyi məlum olmayan insan cəsədi tapılıb”... Sizə talesiz bir insan haqda,  sözün əsl mənasında ac və susuz halda səfalət içərisində yaşayan bir şəxsin dramı haqda danışacağıq.

O, 2 aydan çoxdur ki, parkda, beton piltələrinin altında yaşayır. Küçədən, zibillikdən tapdığı şeylərlə qarnını doydurmağa, ölməməyə çalışır. Onun küçəyə düşməsinin səbəbi isə ailəsidir. Daha dəqiq desək, qohumlarının onun evini zəbt etməsi...

Atası və anasından qalan evi zəbt edən doğma dayısı onu evə yaxın buraxmır. Başqalarının köməkliyi ilə onu döyüb, söyüb küçəyə atıblar. Söhbət Bakı sakini Eldar Məhərrəmovdan gedir. 

44 yaşı olan Eldar Məhərrəmov 2007-ci ildə həbs edilib. Ona 8 il iş verilib. Həbsə girməsinin səbəbi mənzil üstündə yaranan mübahisə üzündən uzaq qohumlarından birini bıçaqla vurması olub. Buna görə Eldar 8 il məhbus həyatı yaşayıb. İyunun 27-də isə həbsdən azad edilib. 

Eldar həbs edilmədən öncə Bakıda, Nəcəf bəy Vəzirov küçəsində ailəsi ilə birgə yaşayıb. Anası və atası dünyasını dəyişdikdən sonra onun doğma dayısı Eldarı ailəsinin evinə buraxmayıb. E.Məhərrəmovun bacısı da ona sahib çıxmır.


Bütün bunlara görə, Eldar artıq sahibsiz, ac, işsiz, evsiz halda yaşayır. Özünün dediyi kimi, yaşamağa yox, heç olmasa sürünməyə çalışır. Müsahibim hazırda Nəsimi rayonu, Cəfər Cabbarlı küçəsində olan yeni körpünün yaxınlığındakı parkda, beton örtüyün altında gecələyir... C.Cabbarlının “Solğun çiçəklər”i, “Oqtay Eloğlu”su yada düşür... Bu Eldar da eloğludur axı...

***
Əynindəki paltarları da ona kömək etmək istəyən şəxslər verib. Eldar deyir ki, heç kim ona kömək etmir. Şəxsiyyət vəsiqəsi də yoxdur. Haraya, kimə yaxınlaşırsa, ona dilənçi kimi qəpik verib qovurlar: “Hazırda ”bomj" kimi yaşayıram. Çimə bilmirəm. Yaşayacaq yerim yoxdur. Yeyəcək yeməyim, içməyə suyum yoxdur. Ac qalmaqdan, zibillikdən xarab yeməkləri götürüb yeməkdən mədə ağrısına tutulmuşam. Gecələr ağrıdan yata bilmirəm. Havalar da soyuyub. Bir köynək və şalvardan başqa heç nəyim yoxdur. Şəxsiyyət vəsiqəsi lazımdır. Mən həbsə girəndə sovetin vaxtından qalan pasportlar var idi. İndi isə dəyişilib. Mənə yeni vəsiqə lazımdır, amma ala bilmirəm. Çünki nə edəcəyimi bilmirəm. Getdiyim yerdən də məni qovurlar. İçki düşkünü də deyiləm".



Eldar deyir ki, ona sadəcə bir az dəstək və kömək lazımdır. Küçədə ölmək istəmir: “Belə getsə, ağlamaqdan gözlərim də görməyəcək. Artıq hiss edirəm ki, psixi problemlərim də yaşanır. Burada yatmaq asan deyil. Məni buradan da gəlib qovmaq istəyirlər. Hər şeyim var, amma heç nəyim yoxdur. Qohumlarım var, amma yenə də təkəm. Mən ailəsi olan yetiməm. Həbsdə yatmağım, insan olmamağım anlamına gəlmir axı. Bu qədər şeyə dözmək də olmur... Keçən gün istədim özümü öldürüm. Amma körpüyə çıxmağa halım olmadı. Ac olduğum üçün çox gəzə bilmirəm. Ancaq yaxınlıqda olan taksi sürücülərindən xahiş edə bilirəm. Kimin nəyə gücü çatsa verir, ona da çörək alıram. And olsun Allaha, bayaq zibillikdən xarab olmuş qarpız götürüb yemişəm. 



Bezmişəm qardaş, axı mən də insanam. Şəxsiyyət vəsiqəm düzəlsə, bir kömək edən olsa, adam içinə çıxaram. İşləyib, kirayədə qalaram. Əlim, ayağım yerindədir. Sadəcə, sahib çıxanım yoxdur. Məni adam saymırlar".

****
Redaksiyadan: Biz bir vətəndaşımızın faciəsini işıqlandırdıq, ictimailəşdirdik. Müxbirimiz onu həyatın dibindən, ölümün ağuşundan alıb, özünə müsahib edib, yeyəcək, geyəcəklərini onunla bölüşüb. Lakin Eldarı belə şeylərlə xilas etmək mümkün deyil. İndi sıra əlaqədar təşkilatlarda və cəmiyyətdədir. 

Bizsə, Eldarın taleyini izləyəcəyik, onunla bağlı xəbər verməkdə davam edəcəyik. 




/musavat/
750 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...