Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2013

Vüsal Qasımlıdan məntiqsiz açıqlama

Hakimiyyətlə vüsala qovuşan iqtisadçı qiymət artımına haqq qazandırır

Rövşən Ağayev: «Hökumət məhsulu baha satıb, vətəndaşın cibindən pulunu çıxarmamalıdır»

Tarif Şurasının yanacağın qiymətinin bahalaşması ilə bağlı qərarından sonra hökumət təmsilçiləri və hakimiyyətə yaxınlığı ilə seçilən iqtisadçılar bu qərarı əsaslandırmağa çalışır. Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin Iqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı da bahalaşmanın iqtisadi əsaslarının olduğuna və bunun yoxsulluğun səviyyəsini artırmayacağına inandırmağa çalışıb.
SAM-ın şöbə müdiri hesab edir ki, bu vaxta qədər Azərbaycan iqtidarı tənzimlənən qiymətlərin artırılması nəticəsində əhalinin aztəminatlı təbəqəsinə dəyə biləcək ziyanı minimuma endirib, əksinə, tariflərin bahalaşmasından əldə olunan gəlirləri əhalinin aşağı təbəqəsinin xeyrinə yenidən bölüb. Bu ilin sentyabr ayında bəzi büdcə təşkilatlarında çalışanların əmək haqqı, həmçinin pensiya və müavinətlərin 10 faiz artırıldığını xatırladan hakimiyyətyönlü iqtisadçı-ekspertin sözlərinə görə, həmin artımların maliyyə təminatı üçün 2014-cü il dövlət büdcəsində tələb olunan məbləğdə vəsait nəzərdə tutulub. Tətbiq olunmuş artımlar təxminən 3 milyona yaxın əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına zəmin yaradacaq. 2014-cü ilin dövlət büdcəsi deməyə əsas verir ki, növbəti ildə də respublikamız bütün sahələr üzrə dinamik inkişaf edəcək.
V.Qasımlının sözündən belə çıxır ki, qiymətlər 10 faizlik maaş artımını təmin etmək üçün artırılıb. Yəni 3 milyon əhalinin əmək haqqının 10 faizlik artımı 9 milyon əhaliyə təxminən 30 faiz qiymət artımı bahasına başa gəlib. Bu isə heç bir məntiqə söykənmir.

V.Qasımlının açıqlamasını məntiqsiz adlandıran iqtisadçı-ekspert Rövşən Ağayev hesab edir ki, büdcə təşkilatlarında işləyən, büdcədən müavinət, pensiya alan insanların məvaciblərini inflyasiyaya, yaşayışın dəyərinə görə indeksasiya etmək hökumətin birbaşa borcudur. Belə çıxır ki, hökumət vətəndaşın maaşını artırır, sonra o pulun vətəndaşın cibindən çıxarır: “Məntiqi baxımdan belə çıxır ki, hökumət on faiz maaş artırır, sonra da on faizlik artımı kompensasiya etmək üçün yanacağın, elektrik enerjisinin qiymətləri artırır ki, bu qiymət artımı nəticəsində gələn pullarla maaş verilsin”.
Ekspertin sözlərinə görə, insanların ləyaqətli yaşaması, ləyaqətli əmək haqqı, pensiya alması, sosial müdafiə sisteminin qurulması hökumətin birbaşa öhdəliyidir. Hökumət məhsulu baha satıb, vətəndaşın cibindən pulunu çıxarmamalıdır. Hökumət normal büdcə, vergi sistemi qurmalıdır, qara iqtisadiyyatı leqallaşdırmalıdır, biznesi stimullaşdırmalıdır ki, büdcə optimal vergi yükü hesabına formalaşsın. Həmin büdcəyə toplanan vergilər hesabına vətəndaşa ləyaqətli pensiya, müavinət, əmək haqqı versin: “Əvvəla on faizlik artımın özü hələ 10-15 manat deməkdir. Hökumət minimum sosial normativlərə, minimum əmək haqqına baxmalıdır ki, bu səviyyə minimum yaşayışı təmin edir ya yox. Sonra hökumət orta aylıq əmək haqqı ilə minimum pensiya arasında nisbətə baxmalıdır. Bu nisbət dünyada qəbul olunmuş orta nisbətə uyğundur, yoxsa yox, ondan sonra indeksasiya edib maaşı, pensiyanı o səviyəyə qaldırmalıdır. Özü də bunu vətəndaşın cibindən pul çıxarmadan”./azadlıq/
1724 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:36