Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2013

Zibillikdə yaşayan kimsəsiz qadını incidən məmur kimdir?

Mən onu burada çox görmüşdüm.

Fikir vermişdim ki, təqribən 45-50 yaşlarında olan bu qadın yalnız yaşamağa çalışır. Özü üçün qurduğu kiçik bir komada həyatın sürprizləri ilə üz-üzə...

Zibillikdən yığdığı taxtalardan olan daxma bəlkə də onun gözündə bir saraydır. Çünki onu yağışdan, qardan, şaxtadan qoruyan məhz buradır. Getdiyi yerdən qayıtmağa, başına yağanlardan daldalanmağa yalnız bir yeri var!

“Böyük bağça”nın yanındakı kiçik daxma

Qoruyur deyəndə ki, daxma adi sığınacaqdan başqa bir şey deyil. Taxta qalıqları, şifer qırıntıları, sellofan parçalarından toplayıb başını salmağa yer düzəldib. Burada mübaliğə yoxdur. Sözün əsl mənasında buraya insanın ancaq başı yerləşir...

Ancaq o, burada öz “təsərrüfat”ını qurub. Evinin qarşısında əlinə keçən tərəvəz məhsullarının toxumunu atıb ki, ac qalanda torpağa pənah apara bilsin.

Söhbət Suraxanı rayon Hövsan qəsəbəsində yaşayan Şükufə xanımdan gedir. “Böyük bağça”nın yanındakı kiçik daxma ona məxsusdur. Həyatı başdan-ayağa mübarizədən ibarət bu qadın burada ağır həyat şəraiti və kimsəsizliyi ilə mübarizə aparır...

İndi mübarizə aparmalı olduğu daha bir səbəb var. Yerli icra hakimiyyəti orqanı ona sığınacaqsız qalmaq kimi bir dərd də verib. Dediyinə görə, iki ilə yaxındır ki, burada yaşayır. 20 ildən çoxdur ki, həyat yoldaşından ayrılıb. Ailəsinin dağılması isə ana ola bilməyəcəyi ilə bağlı olub.

Sonra ailəsinin himayəsi altında dolanıb. Bir neçə il anasının, qardaşının və bacısının yanında yaşayıb. Ancaq bunun belə davam edə bilməyəcəyini anlayıb. Kiməsə yük olmaq ona ağır gəlib. Öz yükünü özü çəkmək, öz başına çarə qılmaq qərarını verib. Bunun üçün üz tutduğu məkan da zibilxana olub:

“Ətrafımda elə imkanlı adam yoxdur ki, mənə ev tiksin. Zibillikdə, heç kimə lazım olmayanlardan toplamağa başladım. Hər gün bu komanın bir taxtasını, bir daşını, şiferini daşıdım. Özümə bir daldalanacaq düzəltdim”.

Soyuq, qaranlıq daxmasını da o, elə taxtalarla qızdırır. Yemək üçün də hər gün taxta yandırır:

“Özümə taxta yandırıb yemək hazırlayıram. Ancaq qonşulardan da əl uzadanlar olur. Bağçaya uşaq gətirənlər bəzən 1-2 manat verirlər. Elə olur ki, onların verdiyi pulla günlərimi yola verirəm. Mənə hazır yemək gətirənlər də olur. Beləcə günlərimi günü günə calayıram”.

Dovşan siçovullarla yaşamağa kömək edir

Ağır həyat şəraitinə alışmaqda ona dovşanı da kömək edir. Dovşan balası onu gələn “təhlükələrdən” xəbərdar edir: “Burada yaşamaq heç də asan olmadı. Təklik də qorxuncdur. Mənə daim kömək eləyən ailələrdən biri bir dovşan verdi.

Ondan sonra sanki həyatım bir az asanlaşdı. İndi biri-birimizə həyanıq. Gecələr dovşanı sinəmin üstünə qoyub yatıram. Siçovullar gələndə dovşan tez hiss edib qaçır. Onda mən də oyanıram. Yoxsa, burada siçovullarla yaşamaq çətin olar. Dovşan olmasa, çoxdan bu siçovullara yem olardım”.

Bu komanı da mənə çox görürlər

Di gəl, Şükufə xanımı bu siçovullu, soyuq, qaranlıq daxmasında da rahat yaşamağa qoymurlar. Əraziyə baxan Mənzil Kommunal İstismar Sahəsinin rəhbəri onun sığınacağını da uçurmağa qərar veriblər.

Dediyinə görə, həmin əraziyə nəzarət edən 103 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) işçiləri ona ərazidən uzaqlaşmağı barədə göstəriş veriblər:

“Hər gün gəlib-gedirlər. Məni tələsdirirlər ki, tez çıxım. Bu komanı da mənə çox görürlər. Heç düşünmürlər ki, bu qışın soyuğunda hara getməliyəm? Mən bu vaxtda kimdən sığınacaq alım, harda daldalanacaq tapım? İnsan kimi rəftar eləsələr pis olar? Necə olubsa, bu torpaq birdən-birə qiymətə minib. Hamısı gəlib “mənimdi” deyir. Artıq nə edəcəyimi bilmirəm. Heç olmasa, bu yer qədər istifadəsiz bir yer versinlər. Daşını versələr, özüm də tikərəm. Birotaqlı bir evə ehtiyacım var. Mən bundan başqa heç nə istəmirəm”.

Qeyri-qanuni koma

103 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Həbib Qurbanov AzNews.az-a bildirib ki, qadının özü üçün qurduğu daxma qeyri-qanuni olduğundan yaxın günlərdə söküləcək.

Ev məsələsinə gəlincə, MKİS-nin rəsmisi bu məsələnin onların səlahiyyəti çərçivəsində olmadığını qeyd edib: “Bu məsələ üçün Hövsan qəsəbə Bələdiyyəsinə və ya Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etsin”.

/aznyus/
1662 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51