Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2015

Doğmalarından uzaqda 50 yaşının tamamını İlahi məsləhət hesab edən Hacı Mövsüm

“İlahi, Sənə ona görə ibadət etmirəm ki, nədənsə ehtiyatlanıram (qorxaqların itaətidir), onunçün səcdə qılmıram ki, əvəzində mükafatlandırasan (tacirlərin sitayişidir), o səbəbdən ibadətdəyəm ki, Sən buna layiqsən…”                                                                                                                                                                                                                                                                                                           Həzrət Əli (ə)  

 
 
Sovet qılıncının azacıq kəsərdən düşdüyü dövrlərdə sırf dini olmasa da, bütün varlığı ilə mənəvi-əxlaqi dəyərlərə və mental xüsusiyyətlərə əsaslanan bir mühitdə doğulub böyümüşəm. Rəhmətlik anam, nənələrim, babalarım namaz qılıb oruc tutar, xüms-zəkat verərdilər. "Əmr be məruf" ("yaxşılıqlara dəvət") və "nəhy əz münkər" ("pisliklərdən çəkindirmək") ailəvi müzakirələrin sevimli mövzusu idi. "Hər kəsin uşaqlıq çağları onun vətəni, isti yurd-yuvasıdır", - deyirlər. Həmin illər mənim də yaddaşımda dərin izlər buraxıb; düşüncələrimin, xatirələrimin əbədi məskəninə dönüb... Ateist rejimin bəzi qadağalarına, məscidləri anbarlara çevirməsinə baxmayaraq, paytaxtdan çox uzaqlarda yerləşən o məntəqədə Haqq-təalanın sonuncu və ən mütərəqqi dini həyat tərzinə nüfuz eləmişdi; hamı klassik İslama tapınmışdı, insanların qəlbində iman nuru - İlahi məhəbbət vardı, Allahın birliyinə, Həzrət Məhəmmədin (s) Onun Rəsulu olmasına qəlbən inanır, bunu dildə kəlmeyi-şəhadət şəklində iqrar edir, fərdi ibadətdə hər hansı maneçiliklərlə üzləşmirdilər.    
 
Lakin 1999-cu ildə taleyin xoşbəxt (təsadüfü yox) məntiqə uyğunluğu nəticəsində İslamçılarla rastlaşmağım, ömür yolumun Azərbaycan İslam Partiyasından keçməsi, peşə fəaliyyətimin bu qurumun mətbuat xidməti ilə bağlanması yuxarıda təsvir olunan dünyagörüşünə yeni çalarlar – ictimai-siyasi rəngarənglik əlavə elədi. Öyrəndim ki, Qurani-Kərimin ayələrinin yalnız 3 faizi ibadi imiş, qalan 97 faizi elm, mədəniyyət, təbiət, birgəyaşayış, ədalət, siyasət və sair barədə öyrədir, yol göstərir. Həmin təşkilat vasitəsilə gənc yaşlarımdan qədim Azərbaycanımızın bir çox guşələrini, müsəlman dünyasının müxtəlif bölgələrini gəzdim, fərqli düşüncə tərzi, geyim, mətbəx, adət-ənənələrlə tanış oldum.Heç zaman azalmayacaq qazancım isə böyük şəxsiyyətlərlə ünsiyyətim, sərhədlərimiz daxilində və kənarda Allahı xatırladacaq xeyli sayda dostlardır. 
 
 
AİP-in təməli Hacı Əlikram ƏliyevHacı Vaqif Qasımov və Hacı Hacıağa Nuritərəfindən qoyulsa da, mən işə başlayanda zindan həyatı yaşayırdılar; sədr Hacı Müzəffər Cəbrayılzadə idi - gözəl insan, təcrübəli din alimi. Sonra onlar da azadlığa qovuşdular, partiya rəhbərliyində təmsil olundular, hərəsi bir aləm, əsl el ağsaqqalı kimi xatirimdə qalıb, neçə illərin kin-küdurətini aradan qaldıracaq, qan davasını dayandıracaq nüfuzları, hörmətləri vardı. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, müxtəlif vaxtlarda ölkəmizdəki İslam hərəkatının başında durdular və gənclərin, işin keyfiyyətini yüksəltməyin xeyrinə vəzifələrindən istefa verdilər. Ümumiyyətlə, Azərbaycanın siyasi kuluarlarına de-fakto istefa mədəniyyətini AİP gətirib desəm, yəqin ki, yanılmaram. 
 
2007-ci ildən isə siyasi quruma Mövsüm Səmədovun liderliyi dövrü başlandı. Sentyabrın 4-də 50 yaşı tamam olan bu şəxsiyyət və dövrü barədə bir qədər geniş söhbət açmaq niyyətindəyəm.Təkcə o səbəbdən yox ki, vaxtilə birgə çalışmışıq (artıq mən AİP-də yoxam). Yalnız onunçün deyil ki, Hacı qondarma ittihamlarla həbsxanaya salınıb (Allah cəmi məhbusların qapısını açsın). Ən əsası bir məqama görə ki, sadəcə o, haqqında danışılmağa, cəmiyyətə təqdim edilməyə, geniş kütlələrə tanıdılmağa (özünün buna ehtiyacı yoxsa da) layiqdir, vəssalam.
 
O zaman ASDP-nin qərargahında baş tutan konfrans, çıxışlar, M.Səmədovun səslərin mütləq əksəriyyətini toplaması və nitqi ilə müşayiət olunan səhnələr indi də gözlərimin qarşısındadır. Yeni sədrdən gözləntilər böyük idi – İslam Partiyası müəyyən meyllənmələr, qeydiyyat, proseslərdə gerilik, seçki uğursuzluqları nöqteyi-nəzərindən haqlı-haqsız tənqidlərə tuş gəlirdi. İslamın adını daşıyan bir siyasi quruma ayrı-ayrı vaxtlarda ya dini elmlərdən uzaq siyasətçi, ya da ictimai həyatdan təcrid olunan İlahiyyatçı rəhbərlik eləmişdi və sair. Hacı Mövsüm ilk gəlişindəcə az qala bədbinlik uçurumuna yuvarlanacaq inanclı kəsimdə ruh yüksəkliyi formalaşdırmağı, bu düşərgədəki xırda ixtilaflara son qoymağı, AİP-i siyasət və ilahiyyat qanadları ilə pərvazlandırmağı bacardı. Bəli, yarandığı gündən qapıları hamının – bütün vətən, din, xalq, mənəviyyat təəssübkeşlərinin üzünə açıq İslamçıların siyasi təşkilatı daim radikalizmdən uzaq, “o kafirdir, bu mürtəddir” qiymətləndirməsini yaxına buraxmadan fəaliyyət göstərmişdi. Amma gəlin gizlətməyək, daha çox Şərq dəyərlərindən qidalanan bir təsisatın Qərb əhvali-ruhiyyəsinin hökm sürdüyü cəmiyyətə addım-addım inteqrasiyası məhz yeni rəhbərin uzaqgörənliyi və məqsədyönlü əməli işləri nəticəsində mümkünləşirdi.
 
M. Səmədov xaraktercə təvazökar adamdır, ötən müddət ərzində sözlərində və hərəkətində bir dəfə də olsun hər hansı “mən”ə, “eqo”ya rast gəlmədim, birinci şəxsin təkində danışmaq məcburiyyətində qalanda isə səsini lap yavaşıdar, özünü “bəndeyi-həqir” adlandırardı.
 
Mediaya verdiyi hədsiz önəm, KİV-lərlə əlaqəni yüksək dəyərləndirməsi, jurnalistləri şəxsən qəbul eləməsi, qəzetlərdən, saytlardan ünvanlanan sualları birbaşa cavablandırması belə, bu xüsusiyyətinə kölgə salmırdı. Çünki üzərinə Haqq yola bələdçilik, Ədalətin bərpasına kömək, Həqiqətin düzgün çatdırılması kimi çətin və əhəmiyyətli missiya götürmüşdü. Bilirdi ki, 70 illik qırmızı imperiyanın əsarətindən çıxan və batil ideyaların axışdığı ölkədə klassik dinin təbliğindən ötrü tribuna lazımdır, həmin kürsünün rolunda isə ya minbər idi, ya da mətbuat. Onda bir natiqlik qabiliyyəti vardı, İslami məntiq və fəlsəfədən çıxış etməsi qısa müddətdə az sözlə fikirlərini əsaslandırmağa imkan verirdi. Yadımdadır, tez-tez ofisə hakimiyyətə və müxalifət düşərgəsindəki rəqiblərə yaxın qəzetlərin yöndəmsiz, təxribatçı suallarla yüklənmiş müxbirləri təşrif buyurar və özləri də bilmədən Hacı Mövsümün cazibəsinə, sehrli aurasına düşürdülər. Beləcə, səmimiyyəti, dürüstlüyü, sərrastlığı ilə həmsöhbətinə sirayət etməklə qənşərindəkinin arzuolunmaz fikirlərini də “zərərsizləşdirərdi”. Nəticədə öyrədilmiş, AİP-i “yıxıb sürüməyə” gəlmiş yazar ən pis halda bədxah niyyətindən daşınar, yaxud da tamam fərqli məqalə ilə çıxış edərdi.
 

Ömrü boyu İlahi razılığı qazanmaq üçün çalışan, dünyaya axirətin tarlası kimi baxan bu azad, cəsarətli, ləyaqətli bəndənin vücudunda yalnız Allah xofu özünə yer tapmışdı.Hərdən otağına daxil olub Qurani-kərimdən xüsusilə Qiyamət günü, xilqətin Xaliqi qarşısında imtahan məsələləri ilə bağlı ayələri oxuduğu zaman yarpaq təki titrədiyini görürdüm. Həzrət Peyğəmbərin, Əhli-Beytin, səhabələrin, din alimlərinin şərafətli həyat və fəaliyyətini örnək sayır, İslam tarixinin qəhrəmanlıqlarla dolu səhifələrindən nə boyda ruhlanırdısa, faciəli məqamları, Haqq yolçularının məzlumiyyətini yada salanda bir o qədər kövrəlir, göz yaşlarını saxlaya bilmirdi. Onun ibadəti də ulu Yaradanla mübhəm ünsiyyət, gizli razi-niyaz şəklində idi. Vəkil Anar Qasımlı həbsxanadakı görüş zamanı həmin epizodlardan birini belə xatırlayır: “Əyləşdik. Çay gətirdilər. Mən içdim. Hacı isə əlini stəkanın üzərinə qoyub narahat olmamağı, tam soyumasını gözlədiyini söylədi. Beləcə, söhbətimiz xeyli çəkdi. Həmin müddətdə hiss elətdirməsə də, sonrakı görüşlərdə bildim ki, oruc tutur. Ramazan ayı da deyildi...”
 
Hacı Mövsüm dəyanətini, mövqeyini, qətiyyətini zindanın soyuq divarları arasında da sarsıda, dəyişə, sındıra bilmədilər. O nə susdu, nə bağışlanma dilədi, nə də dediyi sözü fırlatdı. Elə milyonların tanıdığı və sevgi bəslədiyi Özü – Tanrının sadiq bəndəsi olaraq qaldı. Vaxtilə eyni kameranı bölüşmüş ilahiyyatçı Tale Bağırzadənin sosial şəbəkələrdə yayılmış qeydlərində ictimaiyyətdən təcridinin Səmədovun mübariz ruhiyyəsinə heç təsir göstərmədiyi, məhbəsdəki özbaşınalıqlara açıq etirazını bildirdiyi, təzyiqlərə məruz qalan dustaqların müdafiəsinə qalxdığı, “Allahu-əkbər” sədalarının bütün “zon”u lərzəyə gətirdiyi və sair daha geniş əksini tapıb.
 
Nə istəyirdi Hacı Mövsüm və nəyə görə qəzəbə tuş gəlib əsassız yerə belə bir cəzaya məhkum olundu?
20 il qabaq deyirdi ki, BMT-nin illik sammitində Azərbaycanın ərazi bütövlüyünə səs verməyən ölkələr ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağın taleyini ədalətli həll edə bilməzlər, bu gün hakimiyyət də belə qənaətə gəlib. Söyləyirdi ki, başdan ayağa günaha, çirkaba, korrupsiyaya bulaşmış məmur ordusu xalqın malını çapıb talayır, “Beynəlxalq Bank işi”nə və digər maliyyə maxinasiyalarına görə onlarla sahibkar içəri salınıb, yüzlərlə adam dindirilir, axtarışdadır, sümürülən milyonlarsa qayıtmır ki, qayıtmır...
Bildirirdi ki, “Avroviziya” tipli musiqi yarışmaları milli-mənəvi dəyərlərə ziddir, bədxərclikdir, hansısa qlobal dərdimizə dərman ola bilməz, bugünkü maliyyə çətinlikləri və üzdəniraq Konçita rüsvayçılığının timsalında hamımız bunun şahidiyik...
İstəyirdi ki, sovrulub aparılan təbii sərvətlərimizin əvəzində supergüclər haqq səsimizə səs versinlər, Ermənistanı təcavüzkar dövlət kimi tanısınlar, son vaxtlar beynəlxalq aləmdə təklənməyimiz bu sahədə də konkret iş görülmədiyini, uduzduğumuzu göstərir və sair.     
 
Bəli, həyatda baş tutan hər şeyi böyük Yaradanın təqdiri sayan və buna görə şükranlıq hissi yaşayan əziz dostumuz, zindan taleyini də, isti yuvasından, doğmalarından uzaqda 50 yaşının tamamını da İlahi məsləhət hesab edir. Lakin həmin yubiley Azərbaycanın, regionun hürriyyətə, rövşənfikirliyə, tərəqqiyə, şüurlardakı inqilaba dəyər verən; zülmlə, haramla, talanla, yaltaqlıqla, köləliklə barışmayan; Allaha, dinə, müqəddəslərə məhəbbət bəsləyən hər bir sakininin ürəyində, ailəsində, obasında xüsusi təntənə ilə keçirilir.
 
50 yaşın mübarək, Hacı Mövsüm!
 
Allah tezliklə sənin və bütün həbsxanadakıların qapısını açsın, inşaallah!
 
Qurban Cəbrayıl  
800 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi