Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2015

Oğru başçılarının yerini dəyişəndə...

Neftin ucuzlaşması ilə ölkənin yeni mərhələyə - artıq açıqca hiss olunan böhran dövrünə qədəm qoyduğu bir vaxtdır. Başqalarını demirəm, amma ən azı tərəfdarlarının bir qismində Ilham Əliyevdən gözləntilər var. Nəsə edəcəyinə. Ağır dövrü əngəlləyəcəyinə. Artan bahalığın, işsizliyin, çöküşün qabağını almağa. Illər öz sözünü deyib, normalda Azərbaycan vətəndaşı belə gözləntiyə sahib deyil, amma nəzəri olsa da, yapçılar, tərəfdarlar, məddahlar, yaltaqlar, bahalı neft dövrünün kefini çəkənlər, səfasını görənlər nəsə gözləyirlər.

Tez-tez dövriyyəyə buraxılan “islahat olacaq” hiylələrini yox, sadəcə tədbirlər, addımlar kimi bir şeylər...

Amma əvəzində nə görürlər?

Icra başçılarının yerini deyişirlər...

Eyni oğru başçılarını rayonlara görə əvəzləyirlər. Bu ora gedir, o bura gəlir.


Bəlkə də kimsə fikirləşir ki, yəqin burada bir hikmət var, amma hətta Hikmət adında yeni başçı da tapsalar, nəsə dəyişməyəcək. “Toplananların yerinə dəyişəndə cəm dəyişmir” kimi qaydanı da buna misal çəkmək artıqdır. Təzə gələnin təzə yerdə təzə iştahı olur... Ən azı təzə komandası olur. Bunlar öz işlərində çox yaradıcıdır, qabağa gedib yeni mənbələr axtarmağı da əla bacarırlar.

Bəs bunu nə üçün edirlər? Siz elə bilirsiniz ki, bununla hansısa dəyişiklik görüntüsü yaratmaq istəyirlər? Xeyr, dəyişiklik görüntüsü məqsəd olsaydı, o zaman Ziya Məmmədov arada təhsil naziri, Oqtay Şirəliyev isə SOCAR-ın prezidenti olardı. Burada məntiq də axtarmağa dəyməz, zatən yoxdur da!

Məntiq odur ki, bu siyasətin acı dramını bu xalq yenə çəkməkdədir. O dərəcədə ki, neftin ucuzlaşmasına sevinir və xilas kimi baxır. O dərəcədə ki, haqsızlıqdan özünü yandıran vətəndaşın xəstəxanadakı ölümü adiləşib. Başqa bir məntiq axtarmayın, avtoritar idarə dünyanın hər yerində zülmün mənbəyi, dərdin səbəbinə çevrilib...

Baxın, indi dünya başqa bir ölümdən danışır. Avropaya qaçaq yolla keçmək istəyən ərəb miqrantların gəmisi Türkiyə sahillərində batıb və ölənlər arasındakı bir uşağı dalğa sahilə çıxarıb. O məsum uşağın sahilə çıxmış cəsədinin şəkli bütün dünyanı sarsıdır. Hamı öz qəzəbi və göz yaşlarıyla bu bədbəxtliyə reaksiya verərkən, Türkiyənin məşhur qəzetçilərindən - köşə yazarı Ərtoğrul Özkok səbəbi yazıb: “Ülkesini babasının çiftliği sanan diktatör...” və bu diktatorluğun yaratdığı digər fəsadlar...

Bir də baxırsan ki, YAP-çılar müxalif partiyalara lağ edirlər ki, onlar mühacirətə gedənlərə sənəd düzəltməkdən başqa nəyəsə yaramırlar. Bunu dəfələrlə eşitmişik. Tez-tez də mühacirətə gedənlərin saxta sənədlər əldə etməsi ilə bağlı qovğalar, ittihamlar səslənir. Amma başlıca həqiqəti hələ də pərdələməyə çalışırlar. Axı bu adamlar niyə ölkədən getmək üçün dəridən-qabıqdan çıxırlar. Hətta saxta sənəd düzəltməyə məcbur olurlar!

Bəs insanın ömrü seçkidən tutmuş məktəbəcən saxtakarlıqla yoğrulanda bilmirdiniz ki, onlar buradan qurtulmaq üçün saxtakarlığa belə əl atacaqlar.

Sistem dəyişmirsə, başçıların yerinin dəyişdirilməsinə “toplananların yerinə dəyişəndə cəm dəyişmir” deməklə də iş bitmir. Bu da bir zülmdür. Təzə gələnin təzə yerdə təzə iştahı olur... Ən azı təzə komandası olur. Gözləyin, gəlirlər!

Şahvələd Çobanoğlu
724 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı