Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2015

Dərin mənəvi çatlar

Əlinə fürsət düşən kimi yeddi arxa dönəni üçün sərvət toplamaq təlaşına düşənlərə yazığım gəlir. Tam səmimi deyirəm. Dünən zəlzələ anidən “beşiyimizi” yırğalayanda ağlımdan keçən ilk şey də bu oldu. Bir anlıq beynimə yüklənmiş bütün fikirlər dağılıb uçdu. Qayğıların, sıxıntıların, problemlərin yerinə boşluq doldu. “Sən saydığını say, gör fələk nə sayır...” Insan ölümün hər zaman lap yaxında olduğunu bilmirmi? Bilir, təbii. Amma bilə-bilə də pisliklərdən uzaq dayana bilmir. Hər şey bir anda bitə bilər. Gözlənmədən, plansız, ağla-fikrə gəlməyən bir məqamda və bir yerdə. O yığıcılıq hirsi, acgözlük, toplanan sərvət və kölgənə aldığın nəsil vərəsəliyi də qəfil bir zəlzələyə qurban gedə bilər anidən. Heç nə düşünməyə macal tapmadan yerlə-yeksan olarsan eləcə. Bir anlasa insan oğlu bunu...

Dünən ölkəni anidən silkələyən zəlzələdən çox yara almadıq, amma fəlakət qurbansız da ötüşmədi. Göyçayda iki uşaq anası yer təkanlarının təsirindən müvazinətini itirib su quyusuna düşərək dünyasını dəyişib. Ağdaşda isə bir qadın evin silkələməsindən panikaya düşüb özünü ikinci mərtəbədən ataraq, ağır xəsarət alıb. Ən kədərlisi insan itkisi, insan xəsarətidir, şübhəsiz. Qalan yaraları sarımaq, müalicə etmək və sağaltmaq mümkündür. Elə Zərdab və Şəki rayon icra hakimiyyətlərinin binasında açılan çatları da. Sosial şəbəkələrdə məhz bu binaların zədələnməsi haqqında dolaşan “lətifə”lərlə işim yox. Belə fəlakətlərdən ölkəyə dəyən kiçicik bir ziyana görə də üzüntü duyuram. O başqa söhbət ki, biz istəsək də, istəməsək də, “haqq divanı” hər kəs üçün doğru yerdə və doğru zamanda olacaq. Bizim əlimizdə hələ ki, zəlzələ kimi amansız təbii fəlakətləri önləyəcək güc yox. Amma həyatımızda, günümüzdə, yaşamımızda açılan çatların çoxu zəlzələ ilə bağlı deyil axı. Ən böyük bəla budur əslində, nəfsinə hakim ola bilməyən insanın öz əlləriylə vurub açdığı çatlar...

Üç il əvvəl elə həmin zonada baş vermiş qorxunc Zaqatala zəlzələsini xatırlayırsınız yəqin. O da yadınızda qalmış olar ki, ağır dağıntılar və problemlər yaradan həmin fəlakətin ardınca da başqa bəlalar gəlmişdi. Hökumətin bərpa işlərindən sonra evləri dağılan yüzlərlə insanın fəryad göyə dirənmişdi. Böyük pullar xərclənmişdi, amma geridə qalan bərbad bərpa işləri də maxinasiya və yeyinti ilə bağlı açıq faktlar çıxarmışdı ortaya. O zaman mətbuat rayon sakinlərinin dilindən bu haqda çox yazmışdı və yəqin oxuyanlar da xatırlayır. Bax, mənim fikrimcə, əsl çat budur. Əsl çat insanların faciəsi, kədəri, acısı üzərində qazanmaq və şişmək ehtirasıdır. Əsl çat insanların ürəyində ağır yaralar açan dağıntılardan özünə saray qurmaq hirsidir. Əsl çat amansız fəlakətin qurbanı olmuş minlərlə insana ayrılan vəsaitə, yardıma və kompensasiyaya “şərik” çıxmaq qansızlığıdır. Bax, əsl dəhşət budur. Əsl dəhşət illərdir ölkə insanının mənəviyyatında açılan bu çatların böyüyə-böyüyə dərinlərə doğru getməsidir. Bu, insan adlı məxluqun edə biləcəyi ən iyrənc, ən eybəcər, ən qəddar şeydir, bəlkə də. Nə qədər içi boşalmış, düşkünləşmiş, hissləri ölmüş olmalısan bütün bunları edə bilmək üçün! Bu iyrənc şeylərin baş verdiyi ölkəyə zəlzələ nə lazım, o yer çoxdan viran olmuşdur demək ki...

Səadət Cahangir
876 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:58