Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2015

İcra başçısı imkansızlıq üzündən övladını itirmiş atanı ələ saldı - FOTOLAR

Neftçalanın icra başçısı İsmayıl Vəliyev Aşağı Qaramanlı kənd sakini Əbülfət Qurbanova «Get evinin üstünü qaldır, elə et ki, təyyarə dəyməsin» deyib 

Neftçalada durumun yetərli qədər ağır olduğu barədə hələ bir müddət əvvəl məlumat vermişdik. Bildirmişdik ki, rayonda sosial-iqtisadi problemlər biabırçı vəziyyət yaranıb. Neft-qaz hasilatı ilə məşğul olan rayonun kənd və qəsəbələrinin əksəriyyətində təbii qaz yoxdur. Varsa belə, onun varlığı ilə yoxluğu məlum deyil.

«Mavi yanacaq» problemi yaşayan kəndlərdən biri də Aşağı Qaramanlıdır. Daha doğrusu, bu kəndə qaz xətləri çəkilərkən layihədən bir xeyli kənara çıxılıb. Nəticədə, bir çox sakin ciddi problemlə üzləşib. Əslində, Neftçalanın Aşağı Qaramanlı kəndinin «qaz bombası»nın üzərində olduğunu demək daha dəqiq olardı. Çünki kəndə çəkilən qaz xətlərinin böyük bir qismi yerin altı ilə aparılıb. Təhlükəsizlik tədbirlərinə dair Əsasnamədə isə vurğulanır ki, təbii qaz xətlərinin yerin altı ilə çəkilməsi qadağandır. Çünki baş verə biləcək istənilən sızıntının sonradan partlayışa səbəb olma ehtimalının böyüklüyüdür. Amma Qaramanlıda bunu qətiyyən nəzərə almayıblar. 

Qeyd edək ki, Neftçala rayonunda təkcə Aşağı Qaramanlı deyil, həmçinin Kür-Qarabucaq, Birinci Qaralı, Qədimkənd kimi kəndlərdə də vəziyyət fərqli deyil. Bu kəndlərin bəzilərində qaz xətləri yerin altı ilə, bəziləri qapıların üzəriylə aparılıb. Bəzi kənd sakinlərinin evlərinə isə ümumiyyətlə qaz xətti çəkilməyib. Və səbəb kimi də gülünc arqument göstərilib…

Nəzərinizə çatdıraq ki, Aşağı Qaramanlı kəndində Əbülfəzl Abbas məscidi var. İnanclı insanların üz tutduğu bu məscidə qaz xəttinin çəkilməməsinin səbəbini bilən yoxdur. Ona görə ki, əsas qaz xəttindən 30-35 metr aralıda yerləşən bu ibadət yerinin «mavi yanacaq»la təmin olunmaması hamıda təcccüb yaradıb. 

Elə kənd sakini Fuad Nağıyevin də başına analoji iş gətirilib. Daha doğrusu, onun evinə qaz xətti çəkilərkən darvaza üçün yer saxlanılmayıb. Ev sahibinin qürbətdə olması səbəbindən özü çəkiliş zamanı hadisə yerində olmayıb. Amma atasının etirazlarına baxmayaraq, «Azərqaz»ın işçiləri bildiriblər ki, onlar layihə üzrə hərəkət edirlər. «Bu həyətin darvazası yoxdur, ona görə də qapı üçün yer qoya bilmərik». 

Maraqlıdır ki, Allah iraq etsin, sabah yanğın və ya başqa bir bədbəxt hadisə baş verərsə, o zaman yanğınsöndürən maşın və ya ambulans bu həyətə necə girəcək? Bu suala cavab verə biləcək kimsə yoxdur. Çünki sualın cavabı yoxdur. 

Aşağı Qaramanlı kənd sakini Əbülfət Qurbanovun durumu isə daha ağırdır. Üstəlik, acılı atana Neftçala İcra Hakimiyyətində yetərli qədər ələ salıblar. Söhbəti zamanı Qurbanov bildirib ki, 46 yaşı var və 15 il kirayələrdə yaşayıb. Ayrı-ayrı adamların qapısında işləyərək, ailəsini dolandırmağa çalışır. Nəhayət, özünə kiçik bir daxma tikərək, ailə-uşaqla oraya yığışıb. «Hər yerə qaz çəkildi, bircə mənim evimdən başqa. Səbəbini öyrənmək üçün döymədiyim qapı qalmayıb. Mənə nə cavab verirlər, nə də qəbul edirlər. Məsələdən Neftçalanın icra başçısının, kəndimizin icra nümayəndəsinin, bələdiyyənin xəbəri var. Amma tədbir görmürlər».

Həmsöhbətimiz bildirir ki, üzləşdiyi problemlə əlaqədar rəsmi qurumlara müraciət etmək istəsə də, qarşısını alırlar. «Qonşularım evimin şəkilini çəkərək, Facebookda paylaşmışdılar. Həmin insana olmazın təzyiq göstərdilər. Yazdığım məktubu kompyüterdən çapa verməyə imkan vermirlər. Prezidentə göndərdiyim məktubu isə poçtda cırıb, tullayıblar».

Əbülfət Qurbanov, həm də 12 yaşlı uşağını itirib. Övladının xəstə olması və maddi imkanının müalicəyə çatmaması uşağının tələf olmasına gətirib çıxarıb. Amma Neftçalanın icra başçısı bu ürəyi dağlı atanı ələ salmaqdan çəkinməyib. «Öz kiçik imkanlarım hesabıma özümə daxma tikmişəm. Neftçalanın icra başçısının qəbulunda olarkən mənə bildirdi ki, «Get evinin üstünü qaldır, amma elə et ki, təyyarə dəyməsin. Sonra qaz xətti çəkilər». Beləcə məni ələ saldı, kor-peşman geri döndüm. Düzdür, İsmayıl Vəliyevin İstanbulda yaşayan qaynı Rövşənin adına 2 milyon dollarlıq fabrikim yoxdur ki, ipək alveri edib, biznes quram, saraylar tikdirəm».

Sonda onu da bildirək ki, Əbülfət Qurbanov özü də xəstədir. Lakin maddi imkanının olmaması müalicə almasını əngəlləyir. Rəsmi qurumların isə insanların hansı durumda olması veclərinə də deyil. 

Müvafiq qurumlardan mövcud vəziyyətlə bağlı münasibət öyrənmək cəhdlərimiz alınmadı. Qarşı tərəfi dinləməyə hazırıq./Jam.az/







852 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber