Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2015

“Məktəb başlayır, heç bilmirik neyləyək...”

Yeni tədris ilinə sayılı günlər qaldı; məktəblər və şagirdlər buna hazırdırmı?

Yeni tədris ilinin başlamasına artıq sayılı günlər qalıb. Bir çox valideynlər artıq məktəb bazarlığını edib. Amma məktəb bazarlığını sona saxlayanlar da az deyil. Halbuki satıcılar məktəb başlayana yaxın qiymətlərin daha da artacağını deyirlər. Biz də yeni tədris iliərəfəsində bazardakı vəziyyəti öyrənmək üçün məktəb ləvazimatları satılan bir neçə yerə baş çəkdik. 

Məktəb ləvazimatları satılan yerlərdə tünlük yaşanırdı. Qiyməti aşağı salmağa çalışan alıcıların və qiymətdə heç bir endirim etməyəcəyini deyən satıcıların səsləri bir-birinə qarışmışdı. Satıcılar əksər valideynlərin məktəb bazarlığını bir-iki həftə əvvəldən etdiyini deyirdi. Qiymətlərə gəlincə isə satıcılar məktəbli formalarının standart qiymətdə satıldığını deyirdilər. Alıcı Rəna Quliyeva məktəb bazarlığının ona çox baha başa gəldiyini dedi: “Maaşıma görə məktəb bazarlığını gec etməli olduq. Qiymətlər çox bahadır. Adicə uşağın əmək dərsində istifadə etdiyi plastilinin qiyməti 15 manatdır. Yaxşı çantalar 30 manatdan başlayır. Hələ iş bununla bitmir, dəftər, qələm, corab, köynək nə qədər pul tutur. Dəftərləri az alacam. Daha sonra qurtardıqca alaram. Çünki pul çatdırmaq olmur. Aldığım məvacibin hamısı demək olar ki, məktəb bazarlığına gedib. Növbəti maaşa qədər nə yeyib-içəcəyik bilmirəm. Heç bilmirik neyləyək...”



Digər alıcı Sərxan Əliyev isə məktəbə yaxın məktəb yarmarkalarının olmasını təklif edir: “Necə ki, bayramqabağı bir sıra yerlərdə yarmarkalar keçirilir və ərzaqlar yerlərdə ucuz satılır, məktəbə yaxın da belə bir şey edə bilərlər. Vallah, bu camaat yazıqdır. Məcburuq uşağımıza təhsil verməyə, məktəbə göndərməyə. Amma bundan da istifadə edib hər şeyi od qiymətinə satmaq olmaz ki... Bu uşaqların hər biri gələcəyin müəllimi, mühəndisi, hüquqşünasıdır. Onların oxuması üçün şərait yaradılmalıdır”.

Qiymətlərə gəlincə isə məktəbli formalarının qiyməti qız və oğlan üçün standart qiymətə 35 manata satılırdı. Məktəbli forması üçün jiletlərin qiyməti isə 6-7 manata, qızlar üçün ayrıca yubka almaq istəyənlər üçün isə bu qiymət 12-25 manat arası dəyişir. Məktəblilərin geyinəcəkləri ağ  köynəklərin qiyməti isə 12 manatdan başlayırdı. Aşağı siniflərin geyinəcəkləri ağ corabların qiyməti formasına görə 1-3 manat arasında, uzun corablar isə 4-6 manat arasında satılırdı. 



Məktəb ləvazimatlarına gəlincə isə 100 vərəqli dəftərlər 50 qəpik-1 manat, sadə karandaş 10-80 qəpik, xətkeş 20-60 qəpik, pozan 20 qəpik-1 manat arası, flomastr 3-15 manat arası, qələm qabı 2-6 manat arası, rəngli kağız 80 qəpik-3 manat arası, qovluq 3-5 manat arası, yapışqan 50 qəpik-2 manat arası, pərgar 80 qəpik- 5 manat arasında satılırdı. 1-ci sinif şagirdləri üçün nəzərdə tutulan yemək qabı 8- 12 manat, su qabı 4-15 manat, rəsm albomunun qiyməti isə 40 qəpik- 5 manat arasında satılırdı. Yuxarı sinif şagirdləri üçün tapşırıq, misal kitabları 3-5 manata, test bankları 2-3 manatadır. Məktəbdən verilməyib valideynin özünün almalı olduğu “Sinifdənxaric oxu” kimi bir sıra dərsliklər var ki, onların da qiyməti 5 manatdan başlayırdı.

Maraqlıdır, məktəblər şagirdləri qəbul etmək üçün tam hazırdırmı? Ümumiyyətlə, bu il birinci siniflərə neçə nəfər uşaq qəbul olunub?



Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu il birinci sinfə gedəcək uşaqların sayının həftə sonunda daha dəqiqliyi ilə açıqlanacağını bildirdi: “Uşaqların dəqiq sayı bu həftəsonu açıqlanacaq. Orta məktəblər isə dərs ilinə demək olar ki, tam hazırdır. Yeni təhsil müəssisələrinin tikintisi əsasən bölgələri əhatə edir. Təmir-tikinti qrafikinə uyğun olaraq, sentyabr və oktyabrda Gədəbəydə Moruxlu, Bərdədə Türkmənkənd, Kürdəmirdə Atakişili, Şəkidə Qaratorpaq, Lerikdə Anbu, Zaqatalada Yengiyan, Şamaxıda Şərədil, Astarada Artupa və Sım, Cəlilabadda İncilli, Qubada Əspərasti və Məckə-Xacə kənd tam orta məktəblərinin tikintisinin başa çatdırılması və təhvil verilməsi nəzərdə tutulub. 

Bunlarla yanaşı, Şəmkir şəhərində Nizami Gəncəvi adına məktəbin, Lənkəranda oğlanlar üçün ailə tipli kiçik qrup evlərinin tikintisi yekunlaşdırılacaq, Qəbələdə peşə məktəbinin təməli qoyulacaq. Yeni tədris ili ərəfəsində əsaslı təmir olunmuş bir sıra təhsil müəssisələri də müəllim və şagirdlərin istifadəsinə veriləcək. Belə ki, Balakən rayonu ümumi orta internat məktəbinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tədris binasının, Seçenov adına Birinci Moskva Tibb Universitetinin tədris korpusunun, Bakı Texniki Kollecinin, Bakı Rabitə və Nəqliyyat Kollecinin, Kimya-biologiya təmayüllü Respublika Liseyinin, Bakı şəhəri Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbin əsaslı təmiri artıq yekunlaşıb”. /musavat/
739 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:19