Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

Gənc zabit yeni müdafiə nazirinə səsləndi

“İstirahət hüququmuz yuxarıdan gələn qanunsuz şifahi göstəriş əsasında əlimizdən alınıb... ”
Redaksiyamıza “N” saylı hərbi hissənin hələlik adının çəkilməsini istəməyən zabitindən müraciət daxil olub. Müraciətdə zabitlərin məişət problemlərindən söz açılır və qəzet olaraq bu problemlərin Müdafiə Nazirliyinin yeni rəhbərliyinin diqqətinə çatdırılması xahiş olunur.
Baş redaktora ünvanlanan müraciətdə deyilir:

“Hörmətli Rauf bəy, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin həqiqi hərbi xidmət hərbi qulluqçuları olaraq çox istərdik ki, biz zabit və gizirlərin ən aktual problemlərindən biri olan istirahət hüququ haqqında da məsələyə öz qəzetinizdə toxunaydınız. Belə ki, general-polkovnik Zakir Həsənovun Azərbaycan Respublikasının Müdafiə Naziri postuna təyinatından sonra onsuz da ağır olan məişət məsələlərimiz daha da ağırlaşmağa başlayıb. Korpus, idarə və komandanlıqların ali rütbəli zabitləri tərəfindən tabeliklərində olan hərbi hissə komandirlərinə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların güzəranlarının pisləşdirilməsi üçün dolayı yollarla şifahi göstərişlər verilib. Bu göstərişlərə əsasən Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən təsdiq olunmuş ”Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununun “Hərbi qulluqçuların istirahət hüququ haqqında” 11-ci maddəsinin tələbləri kobud şəkildə pozulur".

Zabitin sözlərinə görə, hərbi hissə komandirləri tərəfindən yuxarıdan gələn şifahi göstərişlərin əsasında həftənin bütün 7 günü zabitlər xidmətə cəlb edilir və bununla da istirahət hüquqları əllərindən alınır: “Hər xidmət günü saat 19.00-21.00 arası başa çatır. Halbuki qeyd olunan qanuna əsasən, həqiqi hərbi xidmət hərbi qulluqçularının istirahət hüququ həftədə 41 saatdan çox olmayan xidmət vaxtı və 2 istirahət günü ilə beşgünlük xidmət həftəsi ilə müəyyən edilib. Hər gün hərbi hissə komandirlərinə yuxarı komandanlıq tərəfindən şifahi göstəriş əsasında təyin olunmuş vaxt başa çatdıqdan sonra Bakı və Sumqayıt qarnizonlarına aid olan və Bakı şəhərindən xeyli uzaq məsafədə yerləşən hərbi hissələrin qeyd olunan hərbi qulluqçuları kirayədə məskunlaşdıqları ünvanlarına öz vəsaitlərinə ən azı 5-6 avtobus marşrutu dəyişməklə yetişirlər”.

Müraciətdə daha sonra bildirilir: “Hər gün ailəsinin yanına gecə saat 22.00-23.00-da çatan və səhər-səhər də 06.00-07.00-da da hərbi hissəyə xidmətə yollanan zabit və gizirin ruh yüksəkliyindən və xidmətə yüksək münasibətindən məgər danışmaq olarmı? Bəs biz himayəmizdə olan övladlarımızın təlim-tərbiyəsi ilə vaxt tapıb necə məşğul olmalıyıq? Mənim üzümü hərbi xidmətdən evə hər gün gec gəlməyim səbəbilə görə bilməyən körpə oğlum məgər gələcəkdə mənim kimi zabit olmaq fikrinə düşərmi? Və ya körpə yaşlı qızım gələcəkdə onu sevən hər hansı bir zabitlə ailə həyatı qurarmı? Əsla yox!”

Qeyd edək ki, dünən iş günü olmadığından şikayətə MN səlahiyyətlilərindən münasibət öyrənə bilmədik. Məsələni diqqətdə saxlayacağıq./musavat/
1626 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber