Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2015

Avropanı dağıtmaq xərcləri

Yaxud, Ziyafət müəllim, çox da şey eləmə

Suveren, müstəqil dövlətimiz “gözə-göz, dişə-diş, buruna-iki qulaq!” prinsipi ilə çalışmaqdadır. Heç kimi cavabsız qoymuruq, maşallah. Hər gün düşmən cavab atəşiylə susdurulur.

Örnək üçün, Avropa Parlamenti Azərbaycanı kəskin tənqid eləyən qətnamə qayırmışdı. Bundan sonra bir qrup xırda çaplı yaltaq İçərişəhər tərəfdə hansısa ofisin qabağına toplaşıb “Rədd olsun Avropa!” qışqırdılar. Bəlkə də çaşıb Gürcüstan səfirliyini səs bombasına məruz qoymuşdular, çünki deyilənə görə, Avropanın, ATƏT-in bizdə ofisi qalmayıbdır. Hamısı QHT-lərə, jurnalistlərə, müxalifət partiyalarına öldürücü hücumlar vaxtı, bir-iki il qabaqdan şələ-külələrini yığışdırıb çıxıb gedibdir. Hətta gedəndə belə söz deyiblər: “Biz gedirik, amma o qara şey sizi öldürəcək”. Düzü, hələ bilmirik qara şey deyəndə nəyi nəzərdə tutublar, bir versiya var neftdən bəhs ediblər, başqa versiyaya görə Qarabağdan, çünki biz Qarabağsız yaşaya bilmərik.

Uzun sözün qısası, hər kəsin, hər bir düşmənin cavabı öz ranqına uyğun verilməlidir. Ola bilməz ki, misal üçün, erməni iriçaplı mərmilər atsın, sən isə quşatanla çınqıl atasan. Atəşkəs pozulanda layiqli pozulmalıdır. (Qarabağlılar demişkən, “layıxlı”). Bəs Avropa Parlamentinin (AP) çəkisində bizim hansı qurum rinqə çıxa bilərdi? Düzdür, başqa vaxt olsa tək Zahid Oruc onların cavabını bülbül cəhcəhi ilə verə bilərdi. Amma indi bir az pis vaxtdır, neft düşüb, manat çezib, müəllimlər ət istəyir, polislər yağ deyir, prokurorların uşaqları oboy yeməkdən kağız kimi ağarıblar. Ona görə də AP-ın qabağına YAP ciddi bir “tarapp” eləməli idi. Məcbur olub ağır artilleriyanı - deputatxananı yay tətilindən, şezlonqdan durğuzub gətirdilər, AP-ın cavabı dünən verildi. Hətta bəzi deputatlar tələsdiklərindən ayaqqabıları qumlu, kürəyi günəş kremli durub gəlmişdilər. Bir neçə deputatın əlində qarpız dilimi vardı. Bəziləri qarğıdalı gəmirirdi. Üç-dörd deputat qətfəyə bürünmüş gəlmişdilər. Bəs necə, axı ana vətən darda idi!

Deputatxananın dünənki növbədənkənar iclası bu baxımdan çox rəngarəng keçmişdir. İlk söz alan Sabir Rüstəmxanlı Avropa Parlamentinin ağzına kəllə qoyub, dodaqlarını partladıb. Bundan sonra Oqtay Əsədov şəxsən Avropa Parlamentini yıxıb yerə, başını soxub kanalizasiya borusuna. Deyilənə görə, həmin borunu hələ Oqtay müəllim "Azərsu"nun müdiri olanda Avropa Yenidənqurma və İnkişaf Bankının krediti ilə qayırıblar.
Ən yaxşı çıxışlardan birini isə, həmişəki kimi, vitse-skiper Ziyafət Əsgərov edibdir. Deyib, Avropa Əfqanıstanı, İraqı-zadı xaraba qoydu, indi bizim də başımıza həmin oyunu açmaq istəyir.

Açığı, burda Ziyafət müəllim bir az siyasi səhvə yol verib, hətta gələcək karyerasını Qaradağ karyerində daşkəsən maşının altına atıb. Çünki Ziyafət müəllim Qərbin həmin Əfqanıstan və İraqı “pis günə qoymaq” əməliyyatında Azərbaycanın da iştirakını gərək unutmazdı. Axı biz də, Allah heç qoymasa, həmin koalisiyaların üzvüyük, əsgərlərimiz Əfqanıstan və İraqda demokratiya qayırırdılar! İraqdan çıxmışıq, amma Əfqanıstanda hələ də qayırırıq. Bu yerlərə əsgər göndərmək haqda qərarları isə elə Ziyafət müəllimin üzvü olduğu deputatxana qəbul eləmişdir - prezidentin uyğun müraciətindən sonra. Adama deyərlər, bəs niyə bu düşmənlərə qoşulurdunuz?

Avropanı dağıdandan sonra deputatxana üzvlərimiz 2016-cı ilin dövlət büdcəsini də qayırıblar, vəziyyət gözlənilən kimi, ürəkaçan deyil. Gələn ilin büdcəsi bu ilinkindən 6 milyard az - 14 milyard manat nəzərdə tutulub. Belə çıxır ki, gələn il yaltaqlara sabun almağa pul verilməyəcək. Gərək Avropanı dağıdanda tez qaçaydılar, uçqun altında qalmazdılar.

Zamin Hacı/musavat
691 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı