Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2015

Eldar Sabiroğlu Siyavuş Novruzovdan rəsmən şikayət etdi

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq millət vəkili Eldar Sabiroğlu Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova müraciət edərək millət vəkili Siyavuş Novruzovun onun barəsində səsləndirdiyi dövlətə xəyanət ittihamının araşdırılmasını xahiş edib.

Bu informasiyanın nə dərəcədə doğru olduğunu dəqiqləşdirmək üçün E.Sabiroğlu ilə əlaqə saxladıq. İnformasiyanın doğruluğunu təsdiq edən sabiq millət vəkili, bu ittihamın hüquq müstəvisində araşdırılmasında qərarlı olduğunu bildirib:

“Bəli, mən bu gün hörmətli baş prokuror Zakir Qaralova müraciət etdim. Bunun da səbəbini ictimaiyyət bilir. Deputat Siyavuş Novruzov səlahiyyət çərçivəsini aşaraq məni ağır cinayətdə ittiham edib. Guya ki, Müdafiə Nazirliyində xidmət edərkən düşmən Ermənistan tərəfə informasiyalar ötürmüş, dövlət sirrini satmış, beləliklə də “xəyanət” yolunu tutmuşam. Təsəvvür edirsiniz, bu, nə qədər ağır ittihamdır? Bu adam nəyə və kimə arxayındır ki, bu dərəcədə böhtan atmağı özünə rəva görür?! Kimə arxayın olduğunu isə mən ictimaiyyətə açıqlamışam.

Mən 7 il Müdafiə Nazirliyində çalışmışam. Əgər doğrudan da belə bir hərəkətə yol vermişəmsə, nədən ölkənin müvafiq hüquq-mühafizə orqanları mənim bu “xəyanətimin” üstünü 7 il müddətində aça bilməyiblər? Halbuki, ölkənin Milli Təhlükəsizlik Nazirliyi və digər strukturları bu və bu qəbildən olan cinayətlərin üstünün operativ surətdə açılmasında çox böyük peşəkarlıq göstərib. Təkrar olaraq soruşuram. Bəs nəyə görə deputat S.Novruzovun ehtimal etdiyi "xəyanəti" lazımi orqanlar vaxtında müəyyən edə bilməyib?

Hörmətli Zakir müəllimə müraciət edərək barəmdə irəli sürülən ittihamın araşdırılmasına göstəriş verməsini xahiş etdim. Əgər belə bir cinayətə yol verdiyim sübut olunarsa, ən ağır cəzaya layiqəm. Əks təqdirdə, deputat və hüquq doktorunun məsuliyyətinin qanuna müvafiq olaraq müəyyən edilməsini baş prokurordan rica etdim. İnanıram ki, baş prokuror qanunun aliliyini, ədaləti üstün tutaraq bu məsələdə obyektivliyi ortaya qoyacaq. Mən dövlətimin qanunlarına, ədalətinə inanıram”./Moderator/
479 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber