Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2015

Ölkədəki böhran daha üç can aldı – biri özünü asdı, biri yandırdı, biri binadan atdı…

Müxalifət liderindən baş verənlərə ağrılı reaksiya: “Çox az miqdarda pulla ən çətin vəziyyətdə olan belə ailələri faciələrdən qorumaq olardı. Amma…”

Sumqayıtda dünən gecə saat 02:00 radələrində özəl taksi fəaliyyətilə məşğul olan Məqsəd Süleymanov 20 Yanvar küçəsindəki bazarın yaxınlığında özünü yandırıb.

Sumqayıt Şəhər Prokurorluğu və Şəhər Polis Idarəsinin birgə yaydıqları məlumatda deyilir ki, Məqsəd Süleymanov naməlum səbəblərdən üstünə benzin töküb özünü yandırıb.


Taksi sürücüsü Sumqayıtdakı “Şəfa”ÿsanatoriyasının yataqxanasında məskunlaşıbmış. Zəngilandan olan məcburi köçkünmüş.

Məlumatda bildirilir ki, həmin ərazidə xidmət aparan və hadisəni görən Post Patrul Xidmətinin əməkdaşları dərhal müdaxilə edərək, xüsusi cihaz vasitəsi ilə yanğını söndürüb, təcili yardım çağırıblar. Məqsəd Süleymanovun yanıq xəsarətləri ciddi olduğundan Bakıdakı 5 saylı Xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, dünən günorta saat 15 radələrində o, dünyasını dəyişib.

Hazırda faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.

27 yaşlı Məqsəd Süleymanovun iki azyaşlı övladı var. Onun özünü yandırmasının səbəbinə gəlincə, Məqsəd Süleymanov yanında olanlara “Məni buna ”QAI Ramin” məcbur etdi” deyib.

***

Sentyabrın 15-də Binəqədi rayonunda baş vermiş intiharın da bəzi təfərrüatları məlum olub. “Lent.az”ın məlumatına görə, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində fərdi yaşayış evinin həyətində özünü asan 1977-ci il təvəllüdlü Seyidov Samir Tahir oğlu bank əməkdaşı olub.

Qohumları bildirir ki, Samir Seyidov Sumqayıtda yerləşən bank filialında inkasasiya şöbəsində çalışırmış. 3 uşaq atası olan 38 yaşlı Samirin 20 min manata yaxın borcu varmış və bir neçə gün əvvəl bank sistemində aparılan ixtisarla əlaqədar işdən çıxarılıb. Bundan sonra o, depressiyaya düşüb və ailəsinə məktub yazaraq intihar edib.

Samir Seyidov məktubunda yaxınlarından övladlarına yaxşı baxmalarını xahiş edib və onu bu həyatda axtarmamalarını qeyd edib.

Samir Seyidovun 3-cü övladı 2 həftə əvvəl dünyaya gəlibmiş.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

***

Xətai rayonu G.Şıxlinskaya küçəsində isə 64 yaşlı qadın intihar edib. “Qafqazinfo”nun məlumatına görə, 1951-ci il təvəllüdlü Əliyeva Dilarə Hüseynəli qızı özünü yaşadığı mənzildən atıb.

Səkkizinci mərtəbədən yerə düşən Dilarə Əliyeva hadisə yerində keçinib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

***

Bu intihar hadisələrinə AXCP sədri Əli Kərimli özünün facebook səhifəsində münasibət bildirib. O, bir neçə gün qabaq İsmayıllıda 12 yaşlı məktəblinin intihar etdyini də yada salmaqla başlayıb və diqqəti taksi sürücüsü və bank işçisinin özlərini öldürmələri ilə daha 5 uşağın ağır zərbə almasına yönəldib.

“Millət özünü asmış 12 yaşlı İsmətin faciəsindən özünə gəlməmişdi ki, daha 5 körpənin faciəsinin xəbərini aldıq. Bu 5 uşaq sadəcə yetim qalmadı, ataları haqsızlığa, imkansızlığa dözməyərək, intihar etdi.

2 uşaq atası, 27 yaşlı taksi sürücüsü Məqsəd Süleymanov üstünə benzin tökərək, özünə od vurub. Amma ölümündən qabaq orada olan adamlara “Məni buna QAİ Ramin məcbur etdi” deyə bilib.

1977-ci il təvəllüdlü 3uşaq atası, bank işçisi Samir Seyidov isə özünü asaraq intihar edib. Samirin banklara borcu varmış, üstəlik bankdakı son ixtisarlar nəticəsində işini də itiribmiş. Güvəndiyi, ona dəyər verə, ağır günündə qolundan tuta biləcək bir dövləti olmadığı üçün (dövləti özü işğal altındadır) çarəsizlikdən ailəsinə məktub yazaraq intihar edib.

Atalarını bu qədər faciəli şəkildə itirmiş bu uşaqların körpə psixikasına hansı zədələrin dəydiyini təsəvvür edirsinizmi?

Çox az miqdarda pulla ən çətin vəziyyətdə olan belə ailələri faciələrdən qorumaq olardı. Amma Azərbaycanın milyardları (öz oğurladıqlarını demirəm hələ) Avropa Oyunlarına, 100 milyonları isə Avropada muzeylərin, qəsrlərin, tarixi abidələrin bərpasına, parkların salınmasına və bu qəbildən mənasız işlərə xərcləndi. Axırda da İlham Əliyev elan etdi ki, Avropanın dəyərləri islamofobiya, irqçilik, ksenofobiya imiş. Yaxşı, adamdan soruşmazlarmı ki, bu ac-yalavac insanların boğazından kəsib, bu “islamofob”lara, “irqçi”lərə pul xərcləməkdə məqsədiniz nə idi?, – deyə AXCP sədri yazıb./azadlıq/
522 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber