Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

Əlil 67 manata necə yaşasın? - (Fotolar)

Şirvandakı əlil ailələri dərdlərinə birgə çarə axtarmağa qərar verdi... 

Dekabrın 8-də Şirvan şəhərində yaşayan əmək pensiyası almaq hüququ olmayan, ümumi xəstəlik səbəbindən 1-ci qrup əlil olanlar və onların ailə üzvləri üzləşdikləri  problemləri müzakirə etmək üçün  bir araya gəliblər. Vətəndaş Nəzarəti Şəbəkəsinin təşəbbüsü ilə keçirilən toplantıya yerli sakinlərlə yanaşı, Şirvan şəhərində məskunlaşan məcburi köçkünlər də qoşulublar. Dəvət edilmələrinə baxmayaraq, yerli icra hakimiyyəti və əlaqədar dövlət orqanlarının nümayəndələrindən heç kəs tədbirdə iştirak etməyib.

Virtualaz.org bildirir ki, “Azadlıq” radiosuna danışan əlillər və onların ailə üzvləri çoxsaylı problemlərindən söz açıblar. 

“Bu, necəəlilə hörmətdir ki...” 

Həyat yoldaşı gözdən əlil olan Gülnaz Yusifova 2010-cu ildə baş verən təbii fəlakətdən sonra yaşayış şəraitlərinin daha dözülməz olduğunu bildirdi: ““Barak”da yaşayırıq. Seldən sonra döşəmə çürüyüb. Nəvəmin iki dəfə qıçı sınıb. Neçə dəfə komissiya gəlib baxıb, amma bir nəticəsi olmayıb. 5 ildir ki, gəlinimi qeydiyyata götürüb, ona şəxsiyyət vəsiqəsi vermirlər. Bu, necə əlilə hörmətdir ki, ilin-günün bu vaxtı çöllərdə qalmışıq?!” 

“Qulluqçuya da haqq ödənilməlidir” 

Şirvan şəhər sakini Təranə Cəfərova: “Qayınatamın hər iki gözü görmür. Mən ona baxdığımdan işləyə bilmirəm. Belə xəstəyə qulluq göstərən adama da haqq ödənilməlidir”. 

 “Hələ bir dəfə də olsun qapıdan içəri girib soruşan olmayıb ki..?” 

1993-cü ildən Şirvandakı “Kür” mehmanxanasında məskunlaşan məcburi köçkün Şəmayil Hüseynova da əlil ailələrinə biganə münasibətdən gileyləndi: “Divarlar əyilib, tavan başımıza uçur. Suyumuz gəlmir, qazımız yanmır, ocağımız yoxdur. Nə ərim var, nə oğlum var, yanımda olan qızım da xəstədir. Bəlkə əlli dəfə Bakıya yazmışam, buradakılara da demişəm. Hələ bir dəfə də olsun qapıdan içəri girib soruşan olmayıb ki, sən nə təhərsən, necəsən, nə alırsan, nə yeyirsən, nə cür yaşayırsan? Pensiyadan başqa bizim güman yerimiz yoxdur, o da ehtiyacımızı tam ödəmir”. 

“Bacımın müalicəsinə kömək edin!” 

Şirvan sakini Aynur Cəfərova yataq xəstəsi olan 18 yaşlı bacısının müalicəsinə kömək istəyir: “O insan bilmir çöl-bayır necədir, işıq üzü görmür, ikitərəfli iflicdir. “Barak”da yaşayırıq, amma heç şəraitli evdə də gözümüz yoxdur. İstəyirik onun müalicəsinə kömək edələr. 67 manat müavinətdən başqa yardım göstərilmir”. 

 “Yalan danışmağın özü bir cinayətdir” 

Şirvan şəhər sakini Vaqif Yusifovu həyəcansız dinləmək mümkün deyil:

 “Mən Şirvan şəhərində ən yaxşı ustalardan biri olmuşam, 25 il tikintidə xarrat işləmişəm. 7 ildir ki, mənim gözüm görmür. 10 ildir ki, evimin tikintisi yarımçıq qalıb. Dəfələrlə həm özüm, həm də yoldaşım Şirvan şəhəri üzrə icra başçısının və deputatın qəbulunda olmuşuq, hər dəfə söz verilib ki, komissiya göndərəcəyik, gəlib yaşayış şəraitinizə baxılacaq. Heç kəs gəlməyib. Yalan danışmağın özü bir cinayətdir. Mənim evimin döşəməsi yoxdur, pəncərələrimin şüşəsi yoxdur, yuyunmağa belə şəraitim yoxdur. Yoldaşım işləmir, hərbi xidmət keçmiş 2 oğlum, 1 qızım var, heç biri işləmir. Xahiş edirəm övladlarıma iş verin, yarımçıq qalan evimi tikmək üçün material verin..!” 

“Nəzir, fitrə ilə dolanırıq” 

Tədbirin keçirildiyi yer- “Aytac” şadlıq evi Şirvan şəhərindəki “Kür” mehmanxanasının lap yaxınlığında yerləşir. Gənc bir xanım həmin mehmanxanada məskunlaşdıqlarını, baldızının əlil olduğunu  bildirdi və xahiş etdi ki, onların yaşadığı yerə baş çəkim.

Binanın giriş qapısı önündə yerə palaz sərilmiş, orta yaşlı bir qadın xəstə qızla onun üstündə oturmuşdu. Cəbrayıl rayonunun Hasanlı kəndinin sakini Sona Mustafayeva deyir: “Qızım 27 ildir ki, xəstədir. Ayaq üstə dura bilmədiyindən kürəyimizdə gəzdiririk. Verilən 67 manat müavinət heç dava-dərmana çatmır, camaatın verdiyi nəzir, fitrə ilə dolanırıq. Məskunlaşdığımız yerdə vaxtilə işıq idarəsi olub. 1-ci qrup əlil beton döşəmənin üzərində yatır.” 

Müraciəti 200 nəfərədək adam imzaladı 

Tədbirin sonunda əmək pensiyası almaq hüququ olmayan 1-ci qrup əlillər və onların ailə üzvləri adından prezidentə, Milli Məclisə, Heydər Əliyev Fonduna birgə müraciət qəbul edildi. Müraciətə 200 nəfərədək əlil ailəsi üzvü imza atdı. 

1-ci qrup əlillər və onlara ödənilən müavinət 

1-ci qrup anadangəlmə əlillər əqli və ya fiziki qüsurla dunyaya göz açmış, həyat fəaliyyəti məhdud, özünəxidmət, hərəkət,  ünsiyyət, öz davranışına nəzarət, habelə əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyəti və imkanından  məhrum insanlardırlar. Onların əksəriyyəti yataq xəstələridir.

 Azərbaycan Respublikası prezidentinin 29 avqust 2013-cü il tarixli fərmanına əsasən “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verən əlilliyə görə müavinət 1-ci qrup əlillər üçün ayda 67 manat müəyyən edilib. 

Müqayisə üçün deyək k, 2013-cü ildə yaşayış minimumunun məbləği 116 manat, ehtiyac meyarı isə 93 manat qəbul edilib. 2014-cü ilin büdcə zərfində bu rəqəmlər müvafiq olaraq 125 və 100 manat civarındadır. 

 “Əlilin xərci sağlam adamdan çox çıxır” 

Şirvan Vətəndaş Nəzarəti Şəbəkəsinin əlaqələndiricisi Kazım Kazımlı bildirir ki, 1-ci qrup əlillərin xərcləri sağlam həmyaşıdlarınkından az deyil: “2001-ci ildə güzəştlər ləğv ediləndən sonra əlillər də, digər vətəndaşlar kimi, kommunal, nəqliyyat və sair xidmətlərin haqqını ödəyir. Anadangəlmə əlillərin bədən ölçüləri əksər hallarda qeyri-proporsional olduğundan, geyim əşyaları da fərdi qaydada hazırlanır ki, bu da əlavə xərcdir. Onlar  sanitar əşyalardan istifadə edirlər ki, buna da əlavə vəsait tələb olunur.

Bütün bu xərclərdən sonra əlilin qidalanmasına çox az pul qalır. Həqiqət budur ki, onlar normal qidalana bilmir, aclıq keçirirlər. Bu, dini baxımdan günah, insani baxımdan qəddarlıq, dövlətçilik baxımından vətəndaşa biganə münasibətdir”.

 Kazım Kazımlı hesab edir ki, 1-ci qrup əlillərin müavinətləri heç olmasa ölkə üzrə yaşayış munimumu həddində olmalıdır. 

Qulluq edən dəəlilin hesabına yaşayır 

Vətəndaş cəmiyyəti təmsilçisi diqqəti əlil ailələrinin üzləşdiyi başqa bir problemə- evdə əlilə qulluq edən şəxsin sosial müdafiədən kənarda qalmasına çəkir:  “Bir qayda olaraq əlilə, yaxın qohumu- ailə üzvülərindən biri qulluq edir. Həmin şəxs təhsilinə, ixtisasına uyğun işləyə, digər vətəndaşlar kimi, normal həyat yaşaya bilmir. Qulluq edənə haqq ödənilmədiyindən, faktiki olaraq o da əlilin 67 manat müavinəti hesabına yaşayır. Üstəlik başqa yerdə işləmədiyindən, bu şəxs iş stajı əldə etmir, sonuncu isə onu, qocalığını təmin edəcək əmək pensiyası almaqdan məhrum edir”. 

Əlilə qulluq əmək stajı sayılır, amma... 

Ekspert hesab edir ki, əlilə qulluqla bağlı qanunvericilikdəki bəzi müddəalar da anlaşılmazlıq doğurur: ““Əmək pensiyaları haqqında” qanunun 19.2.2.1 maddəsində yazılıb: “1-ci qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün- yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə olunur”. “Əliliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” qanunun 45-ci maddəsində bildirilir ki, qohumluq münasibətindən asılı olmayaraq 1-ci qrup əlilə (əlillik səbəbindən asılı olmayaraq) qulluq edən şəxsin bu qulluq müddəti onun ümumi əmək stajına daxil edilir. İstər-istəməz sual doğur: əlilə qulluq rəsmləşdirilməyirsə, əmək stajı necə hesablana bilər?”.

1604 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı