Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2015

Azərbaycanda məmur intiharları...- Şok statistika və ilginc səbəblər

Azərbaycanda intiharlar ilbəil çoxalır. Bunun müxtəlif səbəbləri var. Xüsusilə əhalinin sosial-iqtisadi durumunun getdikcə ağırlaşması, insanların kredit bataqlığına boğulmağa başlaması onları son çarə kimi intiuhara sürükləyir.

Son iki ildə Azərbaycanda həm də vəzifəli şəxslərin intihar hallarının artdığını göstərir. Məsələn:

Ötən ilin iyulunda Şabran rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zəkiyev özünü asıb. O, Şabran rayonunun Çölquşçu kənd poçt məntəqəsinin müdiri olub.

Yenə ötən ilin sentyabrında Göyçay rayonunda bələdiyyə sədri özünü asıb. Həmin vaxt rayon prokurorluğunun böyük müstəntiqi Emin Qurbanovun verdiyi məlumata görə, Çayarxı kəndində yaşayan 1954-cü il təvəllüdlü Mahmud Şıxməmmədov yaşadığı evin həyətindəki mal-qara tövləsində özünü asıb. O, 2009-cu ildən Çayarxı, Qarabaqqal və Hacalıkənd kəndlərini birləşdirən Qarabaqqal bələdiyyəsinin sədri imiş.

Bu ilin iyulunda isə Kürdəmir rayon Su-Kanal İdarəsinin müdiri Tariyel Kərimov intihara cəhd edib. T.Kərimov sirkə turşusu içib.

Ötən ilin martında Bakının Nizami rayonunun Qafqaz küçəsində üç uşaq atası, 1969-cu il təvəllüdlü, əslən Naxçıvandan olan Zeynalov Aslan Valeh oğlu öz evinin zirzəmisində intihar edib. Həmin vaxt Nizami rayon polis bölməsindən bildirilənə görə, Zeynalovun cəsədini gecə saatlarında kabinet kimi istifadə etdiyi zirzəmidə tapıblar. Məlumata görə, Zeynalov Nizami rayon İcra hakimiyyətində küçə-yol şəbəkəsinin təmizlənməsi şöbəsinin müdiri olub.

Ötən ilin oktyabrında isə Qazax rayonu, Qaymaqlı kənd tibb məntəqəsinin 63 yaşlı baş həkimi Pənah Məmmədov özünü asaraq intihar edib. KİV-in məlumatına görə, hadisə ailə-məişət zəminində olub.

2014-cü ilin dekabrında Goranboy rayon uşaq musiqi məktəbinin direktoru Məmişov Yolçu Məmiş oğlu özünü odlu silahla vuraraq intihar edib. İntiharın səbəbləri tam bəlli olmasa da, ilkin versiyaya görə, o, borca görə intihar edib. Belə ki, məktəb direktorunun çox miqdarda borcu olub. Borcu qaytarmaq imkanı olmadığına görə isə canına qıyıb.

Yeri gəlmişkən, bu Azərbaycanda məktəb direktorunun intiharı ilə bağlı ilk fakt deyil. Belə ki, 2013-cü ilin iyulunda Quba rayonun Muçu kənd ümumi orta məktəbinin direktoru 1972-ci il təvvəlüdlü Əliağa Eyvazov özünü məktəbin kitabxanasında asıb. “İntiharın səbəbi bilinmir” – həmin vaxt hadisə ilə bağlı rəsmi açıqlamada bildirilirdi.

Elə həmin ilin yanvarında isə Salyan rayonunun Qızılağac kəndində 1956-cı il təvəllüdlü Fətulla İsmayılov yaşadığı evin həyətindəki üzüm talvarından özünü asaraq intihar edib. Qeyd edək ki, mərhum Qızılağac kənd Əlövsət Quliyev adına orta məktəbin direktoru olub.

19 iyul 2015-ci ildə isə Şirvan şəhəri Natəvan küçəsi 61 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Kərimov Rəmzi Elxan oğlu özünü həyətində yerləşən üzüm çardağından asaraq intihar edib. Məlumata görə, intihar edən şəxs “Azərbaycan Dəmir Yolları” QSC-nin Şirvan şəhərində yerləşən idarələrindən birində baş mühasib vəzifəsində çalışırmış.

Sadaladıqlarımız Azərbaycanda vəzifəli şəxslərin intiharı ilə bağlı son iki ildəki faktların heç də hamısı deyil.

Bəs görəsən, ölkəmizdə vəzifəli şəxsləri intihara sürükləyən nədir? Burada da bir neçə səbəbin varlığından danışmaq olar. Monitorinqlər göstərir ki, həmin səbəblər arasında ailə-məişət münaqişələri də yer tutur. Amma daha ciddi səbəblər də var. Belə ki, bəzi hallarda məmurlar özlərindən daha yüksək vəzifəli şəxslərin təzyiqlərinə dözməyərək intihar edirlər. Məsələn, Kürdəmir rayon Su-Kanal İdarəsinin müdiri Tariyel Kərimovun intihara cəhd etməsi onun rayonun icra başçısı ilə arasındakı ixtilafla əlaqələndirilirdi.

Həmçinin bəzi məmurlarların rəhbərlik etdikləri və ya müəyyən əhəmiyyətli vəzifə (məsələn, mühasib və s.) tutduqları qurumlarda korrupsiya yoxlamalarına başlanılması, ortaya müəyyən yeyinti faktlarının çıxması da bir çox hallarda onları canlarına qıymağa sürükləyir.

Bir sözlə, təəssüf ki, Azərbaycanda intiharlar yalnız siosial-iqtisadi durumu ağır olan, məmur özbaşınalığından və s. bezən sadə vətəndaşlar üçün deyil, bəzən elə vəzifəli şəxslərin özü üçün də son çarəyə, yeganə çıxış yoluna çevrilir./qayna.info/
723 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:12