Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

Azərbaycan neftinin gizli mafiyası aşkarlandı

Dövlət Neft Şirkəti öz sövdələşmələrini kimlərin əli ilə və necə edir?

Dekabrın 10-da Londonda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlı “Global Witness” təşkilatının apardığı araşdırmanın nəticələri açıqlanacaq. Araşdırma ARDNŞ-lə bağlı sensasiya sayılacaq fatların üstünü açıb. Bu barədə təşkilatın yaydığı məlumat bülletenində bildirilir.
Araşdırma əsasında “Anonim Azərbaycan” adlı hesabat hazırlanıb. Sənəddə Azərbaycan neft sənayesində “gizli fiqur kimi çıxış edən Anar Əliyev adlı şəxs” barədə danışılır. Araşdırma nəticəsində bəlli olub ki, çox az adamın tanıdığı Anar Əliyev ARDNŞ-lə ən azı 48 yüksək mənfəətli sövdələşmədə iştirak payına malikdir. Sövdələçmələrdə nə üçün məhz bu şəxsin iştirak etməsi və onun iştirakının ölkə üçün nə dərəcədə səmərəli olması isə məlum deyil.
“Global Witness” Anar Əliyev kimi şəxslərin kimlərisə təmsil etməsi və Azərbaycan vətəndaşlarının hesabına mənfəət qazanması hallarlı ilə bağlı araşdırma aparıb. Təşkilat qeyd edir ki, ARDNŞ və onun tərəfdaşlarının öz fəaliyyətlərini qanun çərçivəsində qurduqları istisna olunmaya bilər. Lakin bu şirkətlərin hansı yolla Azərbaycanın neft sənayesində iştiraka nail olması ilə bağlı şəffaflıq yoxdur. Bu isə maraqların toqquşması və tərəfkeşlik kimi mümkün faktların baş verməsinə dair narahatlıq yaradır.
Bildirilir ki, belə qeyri-şəffaflıq Azərbaycanın uzun müddətdən bəri üzvü olduğu Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (MSŞT, ingilsicə - EİTİ) olan etimadı azaldır. Hazırda ölkənin EİTİ standartlarına əməl etməsinə baxmayaraq, enerji sənayesnin digər sahələrində mövcud qeyri-şəffaf mühit korrupsiya riskini artırır.
“Bizim hesabatda Azərbaycan xalqının öz ölkəsində baş verməkdə olan neft bumundan tam şəkildə faydalana bilməməsi ilə bağlı ciddi narahatlıq ifadə olunur. Bu şübhələrə son qoymaq üçün Azərbaycan hökuməti hasilat şirkətlərinin benefisiar səhmdarlarının açıqlanmasını EİTİ prosesinə əlavə etməli və yüksək prioritetli bir məsələ kimi Anar Əliyevin ARDNŞ-lə hansı əlaqəyə malik olduğunu açıqlamalıdır” - deyə “Global Witness”in direktoru Simon Taylor bildirib.
“Anonim Azərbaycan” adlı hesabatdakı faktlardan bəzilərini də təşkilat yaydığı məlumat bülleteninə daxil edib:

- Anar Əliyevə məxsus şirkətlər Azərbaycanın neft sənayesi ilə bağlı iştirak etdikləri sövdələşmələrdən 375 milyon ABŞ dollar dəyərində mənfəət qazandıqlarını açıqlayıblar. Lakin “Global Witness” bu şirkətlərin müvafiq tender prosesi vasitəsilə seçilməsini təsdiq edən heç bir sübuta rast gəlməyib.
- Anar Əliyev ARDNŞ-ın neftin satışı üzrə İsveçrədə yaradılmış törəmə şirkəti olan “SOCAR Trading”ə etdiyi cəmi 5 milyon ABŞ dollar yatırımdan 118 milyon ABŞ dolları dəyərində mənfəət əldə edib. Bu şirkətin “SOCAR Trading”də hansı yolla iştirak payı əldə etməsi tam olaraq açıqlanmır.
- ARDNŞ-lə tərəfdaşlıq edən bir çox şirkətlərin səhmdarları açıqlanmadığından Azərbaycanın neft sənayesində mövcud bir sıra sövdələşmələrdən əslində kimlərin mənfəət əldə etməsi məlum olmur.
- ARDNŞ-ın Dubayda “SOCAR International DMCC” adı altında neft satışı üzrə yaratdığı törəmə şirkətin 50%-i adları gizli saxlanan səhmdarlara məxsusdur.

“Anonim Azərbaycan”ın hazırda ingilis dili versiyası mövcuddur. Hesabat azərbaycan dilinə tərcümə olunmaqdadır.

***

“Global Witness” təbii sərvətlərlə bağlı yaranan münaqişə və korrupsiya, eləcə də ekologiya və insan haqlarının pozulması halları ilə bağlı araşdırmalar aparan və bu sahədə aksiyalar həyata keçirən belnəlxalq miqyaslı qeyri-hökumət təşkilatıdır./azadlıq/
1629 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber