Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

Bütün inqilabları zaman yetirir

Gərək çiban yetirə...
Bütün inqilabları zaman yetirir. Zamanı gəlmədən nəinki çevriliş baş tutmaz, hətta, budaqdan yarpaq belə düşməz. Bir söz vardır: "Ayı tələsər, armud vaxtında yetişər". Bəli, yetirməyən armudu yeməyə cəhd eləsən, ya dişin sınacaq, ya qarnın ağrıyacaq. Zamanı gözləmək lazımdır. O zaman nə zaman gələcək, onu bilmək mümkünsüzdür. İnsan iradəsi toplumu idarə etməyə qadir deyil. Xeyr! Mən demirəm ki, əlimizi-əlimizin üstünə qoyub oturaq. Dediyim odur ki, xalqı mövcud rejimin səhvlərinə qarşı maarifləndirmək lazımdır. Hər dəfə mitinqlərə çıxıb döyülmək, həbs edilmək, alınmayacağını bilə-bilə meydanlarda bağıra-bağıra şüar söyləmək yeganə çıxış yolumuz deyil. Yazmaq-pozmaq, insanların gur olduğu yerlərdə vəziyyəti danışmaq daha çox işimizə yaraya bilər.
Bir balaca tarix oxuyanlar yaxşı bilirlər ki, Hitlerin "Pivə" inqilabı, kommunistlərin "17 oktyabr" inqilabı insanların ona tam ehtiyac hiss etdikləri dönəmlərdə baş qaldırdı və uğur qazandı. Hitlerin cəmi bircə dəfə pivə "boçka"larının üzərinə çıxıb həqiqəti deməsi xalqın həyatında köklü dəyişiklərə səbəb oldu. Eləcə də Azərbaycanın tarixində önəmli yer tutan "Azadlıq" hərəkatı. O hərəkat ki, əsarətində saxladığı xalqlara 70 il zülm eləyən, azad danışmaq, azad yazmaq hüququnu əlindən alan, müxtəlif zaman kəsimində qardaşı - qardaşa düşmən salan bir rejimin - Sovet hakimiyyətinin (imperiyanın) çökməsinə səbəb oldu. Yəqin heç kim inkar etməz ki, imperiyanın tərkibində birləşən respublikaların buna ehtiyacı var idi. Bu ehtiyac və etiraz öz bəhrəsini verdi. Zülmdən təngə-cəzana gəlmiş insanlar meydana axışdı. Bununla da uzun müddətli diktatura dövrü bitdi; devrildi.
Budur, indi biz, "hakimiyyətlə hakimiyyətlik etmək olmaz" deyən, "polis tutar" deyib hər hansı bir məmur qarşısında hüququ olan şeyləri tələb edə bilməyən bir xalqdan çevriliş gözləyirik. Gülünc görünür, vallah!
İnqilabı o xalqlar edir ki, buna hava kimi, su kimi ehtiyac duyur. Bu ölkənin vətəndaşları isə seçkidə tumanından topa-topa bülleten çıxarıb atırdı qutulara. Zaman gözləmək lazımdır, bəylər, zaman. Əks halda Misirdəki, Suriyadakı kimi qırğınlar, xaos, vətəndaş müharibəsi qaçılmazdır.
P.S. Babam həmişə deyərdi: "Çiban yetirməsə, deşilməz". Onda uşaq idim. Dünyanın gedişatından ağlım heç-zad kəsməzdi. Babamın fikirlərinə isə gülərdim. İndi-indi başa düşürəm ki, rəhmətlik kişi düz deyirmiş. Gərək çiban yetirə.../musavat/
1551 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:10
İmam Rzanın (ə) müs