Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Sentyabr 2015

Mühacirətdə olan diplomat Tale Bağırzadəni müdafiə etdi

"Hacı Tale Bağırzadə kimi ölkəmizin gələcəyini düşünən cəsarətli insanlar məhrumiyyətlər hesabına mübarizə nümunəsi nümayiş etdirərək cəmiyyəti düşünməyə, qorxu hissindən azad olmağa vadar edir"

Bu sözləri AzadXeber.az-a Azərbaycanın Avropa Şurası və Avropa Birliyindəki keçmiş nümayəndəsi, diplomat Arif Məmmədov MBH sədri Tale Bağırzadənin Yevlaxda əli silahlılar tərəfindən saxlanılaraq polis idarəsinə aparılmasına münasibət bildirərkən deyib:

Arif Məmmədovun sözlərinə görə, öz təbii haqqlarını müdafiə edən dindar bacı və qardaşlarımız daim təzyiqlərə, repressiyalara məruz qalırlar: "Hacı Tale Bağırzadəyə qarşı həyata keçirilən təzyiqlər hökümətin insan haqları və dini azadlıqlara qarşı yürütdüyü siyasətin real göstəricisidir.

Qərbi əsassız olaraq islamofobiyada ittiham edən hakimiyyət əslində ölkə daxilində elə ən sərt islamofobiya siyasiətini aparır.

Avropada məscidlərin sayı günbəgün artdığı halda, «tolerantlıq» ifadəsilə maskalanmış Azərbaycan hakimiyyəti Allah evlərini bağlayır, insanlara öz dini azadlıqlarını ifadə etmək hüquqlarını kəskin şəkildə məhdudlaşdırır.

Tale bəy ilahiyyatçı olmaqla yanaşı həm də ictimai xadimdir. O, özünün Konstitusiya ilə təsbit edilmiş hüququndan istifadə edərək daim hökümətin yürütdüyü anti-İslam siyasətinə olan etirazını bildirmişdir. Çox təəssüf ki, hökümət nümayəndələri onun bu etirazını konteksdən çıxardaraq dövlət əleyhinə aparılan təbliğat kimi qələmə verməyə çalışırlar. Şübhəsiz ki, bunun uydurma bir bəhanə olduğunu hamı bilir".

"Heç kimə sirr deyil ki, hökümət ictimai nüfuza malik olan fəalları təhdid etməklə milləti daim qorxu altında saxlamağa çalışır. Amma mən əminəm ki, bütün bu təzyiqlərə baxmayaraq xalqın mübarizə əzmini dağıtmaq mümkün olmayacaqdır. Hökümət unudur ki, Azərbaycan xalqı 1990-cı ilin 20 yanvarında tankların qarşısına silahsız çıxan bir xalqdır və bu xalqı hər hansı bir təzyiqlə qorxutmaq mümkün deyildir.

Məhz Hacı Tale, Xədicə İsmayılova, Leyla Yunis, Tofiq Yaqublu və İlqar Məmmədov kimi xalqın cəsarətli övladları zülmə əyilməyərək əsl Azərbaycanlı obrazını nümayiş etdirirlər. Məhz bu insanlar hakimiyyətə meydan oxuyaraq hakimiyyətin bu xalqı alçatmaq planlarını alt-üst edirlər.

Hacı Tale həbsxanadan çıxan andan mübarizəsindən dönməyəcəyini elan edərək hələ də tam azad olmadığını bəyan etmişdir. Yaxşı yadımdadır ki, elə ilk çıxışında o, Xədicə xanımın, Leyla və Arif Yunusların, İlqar Məmmədovun, İntiqam Məmmədovun və digər şərlənərək həbs olunmuş bacı və qardaşlarımızın adını çəkərək onlara mənəvi dəstək nümayiş etdirmişdir. Bu onun tərəfindən atılmış çox cəsarətli və hörmətə layiq addım idi.

Söhbət Azərbaycanın müstəqilliyinin möhkəmlənməsindən, fundamental insan azadlıqlarından, dini tolerantlıqdan, firavan həyatdan, gələcək nəsillərin xöşbəxtliyindən gedərkən unutmaq lazım deyil ki, bu dövlət və bu millətin problemlərini yalnız yuxarıda adları qeyd olunan insanlar çiyinlərində daşımalı deyillər",- A.Məmmədov bildirib.

Müsahibin sözlərinə görə, hacı Tale Bağırzadə kimi ölkəmizin gələcəyini düşünən cəsarətli insanlar məhrumiyyətlər hesabına mübarizə nümunəsi nümayiş etdirərək cəmiyyəti düşünməyə, qorxu hissindən azad olmağa vadar edir:

"Hacı Tale ölkənin hansı hissəsinə gedirsə orada saxlanılır və təhdid edilir.

Azərbaycan iqtidarı və ona yaxın olan dairələr Avropa ictimaiyətini, beynəlxalq təşkilatları «İslam təhlükəsi» və dini ekstrimizm təhlükəsilə qorxutduğu bir anda Azərbaycanda İslama və onun əsas prinsiplərinə ən böyük hörmətsizliyi nümayiş etdirirlər.

Amma hamımıza bəllidir ki, bu gün vətənimizdə nəinki dini ekstremizm problemi yoxdur, eyni zamanda qeyd etmək lazımdır ki, hökümət özü İslama qarşı təhlükələr yaradır. Qeyd etmək istərdim ki, bugün dini xadimlərin əsas mübarizəsi fundamental İslam dövlətinin qurulması uğrunda deyil, dini baxışlarını və dini ibadətlərini sərbəst yerinə yetirə bilmək uğrunda formalaşıb. Mən əminəm ki, bu gün Azərbaycanda fundamental İslam dövlətinin qurulması qeyri-mümkündür və bunun perspektivi də görünmür.

Azərbaycan cəmiyyəti hər zaman yüksək tolerantlıq mədəniyyətilə də seçilib".

Arif bəy vurğulayıb ki, cəfakeş insanların «lider» adlandırılması fikirləri ilə bəzən razılaşmıram: "Əslində biz xalqın xidmətçisi və nökəri olduğumuz halda indi hakimiyyət bunun tam əksini nümayiş etdirir. İnanıram ki, müdrik Azərbaycan xalqı dövlətçilik və ölkənin gələcəyi uğrunda mübarizə aparan insanları nadanlardan və zülmkardan fərqləndirərək daim onlara dəstək olacaqdır.

İki il İslam Əməkdaşlıq Təşkilatının Avropada səfiri olduğum müddətdə bu məsələlərlə çox ciddi şəkildə məşğul olmuşam və bir siyasətçi kimi əminəm ki, Hacı Tale kimi ilahiyyatçılar və dini alimlər vətənimizi xarici təhlükələrdən qoruya biləcək nadir insanlardandır.

Dindarlar da cəmiyyətimizin bölünməz bir hissəsi olaraq cəmiyyətdə mühüm yer tuturlar. Azərbaycan xalqı və bu xalqa məxsus olan milli mentalitetimiz dinlər və mədəniyyətlər arasında önəmli körpüdür.

Hacı Tale Bağırzadə də məhz bu dəyərlərin və bu siyasətin təbliğatçısıdır. Mən ona qarşı olan bütün təzyiqləri kəskin şəkildə qınayıram və onun timsalında bütün mübariz insanlara Allahdan kömək diləyirəm".
1053 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:17