Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

İcra başçısı ilə şöbə müdiri pulu bölə bilmədilər

Ağdaşda mərəkə qopub, Tofiq İbrahimovla Lütfü Paşayev toqquşması ikincinin başına bəla açıb

Ağdaşda bütün qurumların rəhbərləri bir adama işləyirlər. Daha doğrusu, icra başçısı hamının ona işləməsini tələb edir. Və bu işləmə xüsusən də maddi məsələlərdə daha qabarıq şəkildə özünü biruzə verir.

Jam.az-a verilən məlumata görə, Tofiq İbrahimova işləyənlərdən biri də Ağdaş rayon təhsil şöbəsinin müdiri Lütfü Paşayevdir. Uzunmüddətdir bu postda əyləşmiş sözügedən şəxsin son dönəmlər isə başı ciddi şəkildə ağrımağa başlayıb. Səbəb isə büdcədən onun rəhbərlik etdiyi sahəyə 250 min manat pulun ayrılmasıdır.
Qeyd edək ki, rəsmi bilgilərdə Ağdaşın Təhsil Şöbəsinə sair xərclər maddəsi üzrə satınalmalara 64653 manat pul sərf olunub. Bu sair xərclərin konkret olaraq nədən ibarət olduğunu isə Lütfü müəllimlə, Tofiq İbrahimovdan başqa bilən yoxdur. Çünki həmin pulun iki nəfər arasında bölüşdürüldüyünə dair iddialar var.

Amma Tofiq İbrahimov Lütfü Paşayevin başına bir başqa oyun gətirib ki, onun da dəyəri 77481 manatlıq olub. Məlumatlara görə, rayon təhsil şöbəsinə avadanlıqların alınması üçün ayrılmış vəsait icra başçısının xaricdə istirahət etməsinə sərf olunub.

Ağdaş təhsilinin «bossu»nun ən uğurlu əməliyyatı kompüyter və digər avadanlıqların satın alınması üzrə olub. Bu zaman 126 min manat pulun aqibətini müəyyənləşdirən şöbə müdiri onun böyük qisminə sahib də çıxıb. Lakin məsələdən xəbər tutan icra başçısı şöbə müdirini bu olaydan sonra gözümçıxdıya salıb.

Məlumatlarda vurğulanır ki, İbrahimov Paşayevi bu məsələdən sonra yanına çağıraraq, ona bir neçə iş tapşırıb. Deyilənlərə görə, Ağdaşdakı parklardan biri və bəzi yolların asfaltlaşdırılmasının xərcləri şöbə müdirinin üzərinə qoyulub. Həmin xərclər isə təqribən 300 min manata yaxın hesab olunur. Vəziyyəti belə görən, Lütfi Paşayev isə məcburiyyətdən hər orta məktəbdən aldığı aylıq haqqı iki dəfə artırmalı olub. Deyilənlərdə vurğulanır ki, hətta bu məsələ Ağdaşda ciddi narazılığa səbəb olub ki, şöbə müdiri də prosesin qarşısını güclə ala bilib. Daha doğrusu, məktəb direktorları tələb olunan məbləğin çoxluğuna etiraz etsələr də, Lütfi Paşayev onları birtəhər sakitləşdirə bilib.
1714 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08