Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

“Eyni əmələ görə sabiq deputata 2 il 6 ay, bizə 8-12 il?”

Məhkumlar Gülər Əhmədovaya görə üsyan etdi
Həbsxanalardan ölkə rəhbərliyinə şikayət məktubları sel kimi axır “Eyni əmələ görə sabiq deputata 2 il 6 ay, bizə 8-12 il?”

Ədliyyə Nazirliyinin penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində saxlanılan və “dələduzluq”da təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə azadlıqdan məhrum edilən məhkumlar ölkə rəhbərliyinə, Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə, Məhkəmə-hüquq Şurasına və digər aidiyyatı qurumlara müraciət ünvanlayıblar. Bu barədə Bizimyol.info saytına daxil olan məlumatda bildirilir ki, onlar barələrində hökm çıxarılarkən qanun qarşısında bərabərlik prinsiplərinin nəzərə alınmadığını və həddindən artıq ağır cəzaya məhkum edildiklərini bildirirlər.
Məhkumların belə bir qənaətə gəlməsinə səbəb sabiq millət vəkili, dələduzluqda ittiham olunaraq həbs edilmiş Gülər Əhmədova barəsində çıxarılmlş hökm olub. Onlar çox sadə bir məntiqlə sual verirlər: “Eyni maddə ilə ittiham olunan Gülər Əhmədovaya 2 il 6 ay, bizə 9 il?”
Yada salaq ki, istintaq 1 milyon manatı dələduzluq yolu ilə ələ keçirdiriyini sübuta yetirildiyini bildirdiyi halda sabiq deputata cəmi 4 il iş istədi. Məhkəmə isə 3 il azadlıqdan məhrumetmə cəzası verdi. Qeyd edək ki, onun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsinnin cəza sanksiyasında 7 ildən 12 ilədək nəzərdə tutulub. Ancaq ona hökm çıxarılarkən Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunmaqla cəmi 4 il azadlıqdan məhrum edildi. Hələ nəzərə alaq ki, ona qarşı təkcə 178.3.2-ci maddə deyil, həm də 307-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddə ilə də ittiham irəli sürülmüşdü və 3 il cəzanın 1 ili təkcə bu maddəyə aiddir. Belə ki, Gülər Əhmədovayatı 178.3.2-ci maddəsi ilə 2 il 6 ay, 307.2-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib və cəzalar qismən toplanma yolu ilə qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökm çıxararkən ağırlaşdırıcı halların olmadığını, ilk dəfə cinayət törətməsini, 3 dəfə deputat olmasını, ictimai-siyasi fəaliyyətini, müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, şəxsiyyətini, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını və.s halalrı yüngülləşdirici hal kimi nəzərə alıb.

Bəs bir milyon hanı?

Beləliklə, Gülər Əhmədova 2 il 6 ay azadlıqdan məhrum edilməsini məqbul hesab etdi və bununla bağlı apellyasiya şikayəti vermədi.
Halbuki G.Əhmədovanın dələduzluq yolu ilə ələ keçirdiyini iddia etdiyi 1 milyon manatın aqibəti barədə nə prokuror iş istəyərkən, nə də məhkəmə hökm çıxararkən heç bir məlumat vermədi. Belə çıxdı ki, Gülər Əhmədova pulu ələ keçiribsə, deməli qaytarmayıb. Bu isə əslində ağırlaşdırcı hal kimi qiymətləndirlməli idi.
Yüngülləşdirici hallara gəlincə...
Müraciəti imzalayacaq məhkumlar bildiriblər ki, onların əksəriyyəti ümumiyyətlə dələduzluq əməllərinə yol verməyiblər. Burada kiminsə kimdənsə borc almasına zaminlik etmiş, yaxud banklardan kredit götürsə də, sonradan müflisləşdiyi üçün ödəmək iqtidarında olmadığına görə məhkim edilmiş şəxslər çoxluq təşkil edir. Bəziləri ziyan ödənilməsinə, dələduzluq yolu ilə ələ keçirildiyi iddia olunan məbləğ qaytardığı halda, 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum edilib. Bir məsələni də xüsusi vurğulayaq ki, eyni maddə ilə həbs edilənlərin heç də hamısı 1 milyon və ya iri məbləği ələ keçirməkdə ittiham olunan şəxslər deyil. Maddədə nəzərdə tutulmuş “killi-miqdar” 7 min manat və daha çox məbləğlərin hamısına şamil edilir. Başqa sözlə, bu maddə ilə ittiham olunduqda, 7 min manatla 1 milyon və ya 100 milyon manatın heç bir fərqi yoxdur. Müraciət edən məhkumların əksəriyyəti 7-8 min manata görə, 8-9 il iş alıblar. Müraciətdə o da vurğulanır ki, pulun ödənməsi və digər halların heç bir biri məhkəmədə yüngülləşdirici hal kimi nəzərə alınmayıb.Onların arasında cəmiyyətdə nüfuzlu şəxs kimi qəbul edilənlər, səhhəti pis olanlar, azyaşlı uşaqları olan, hətta hamilə qadınlar da var ki, hər birinə Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi mümkün olduğu halda, heç birinə qanunun imkan verdiyi bu imtiyazdan yararlanmalarına imkan verilməyib.

Qanun nə deyir?

Konstitusiyanın 25-ci maddəsində bütün vətəndaşların qanun qarşısında bərabər olduqları əksini tapıb: Hamı qanun və məhkəmə qarşısında bərabərdir, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddədə göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
Bundan başqa, Cinayət Məcəlləsinin 4-ci maddəsində cinayət məsiliyyətinin prinsipləri əksini tapıb və qeyd edilir ki, məcəllə qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanır. 6-cı maddədə isə Qanun qarşısında bərabərlik prinsipi nəzərdə tutulub: Cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar. Yuxarıda sadalanan əsaslara görə, heç kəs cinayət məsuliyyətinə cəlb edilə və ya cəzalandırıla bilməz, yaxud cəzadan və ya cinayət məsuliyyətindən azad edilə bilməz.
Cinayət Məcəlləsində 154-cü maddəsində isə Bərabərlik hüququnu pozmaya görə də məsuliyyət nəzərdə tutulub.

62-ci maddə kimlərə tətbiq edilir?
Bəs məhkumun daha az cəza almasına səbəb olan Cinayət Məcəlləsinin 62-ci maddəsi nədir və necə tətbiq edilməlidir?

CM-dən çıxarış:

Maddə 62. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi;

62.1. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
62.2. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.
Uzun-uzadı izah vermədən, bu maddənin tətbiqini daha dəqiq ifadə etmək üçün bir məsləni demək kifayətdir. Hüquqşünaslar - xüsusilə istintaq və məhkəmə orqanları işçiləri bu maddəyə “çörək ağacı” kimi baxırlar. Belə ki, qanunvericilikdə ağırlaşdırıcı halların konkret siyahısı olsa da, yüngülləşdirici hallarla bağlı heç bir məhduduyyət yoxdur. İstənilən halı yüngülləşdirici hal kimi tətbiq etmək mümkündür. Məsələn, təqsirləndirilənin cavan və ya yaşlı olması, ail təhsilli olması, azyaşlı övladının olması, səhhətində problemlərin olması, işlədiyi yerdə müsbət xarakterizə olunması və s. və ilaxır. Yəni istədikdə, kifayət qədər “yüngülləşdirici hallar” taparaq 62-ci maddəni tətbiq etmək mümkündür. Ancaq bunun üçün istintaqda və ya məhkəmədə sadəcə maraq olmalıdır...


Gülər Əhmədova, Arzu Kazımov, Məhəmməd İmanlı...
Son 1 ilin mətbuatda yer alan hay-küylü məhkəmə işlərinə baxdıqda məlum oldu ki, bu maddə Gülər Əhmədovadan başqa da 2 nəfərə şamil edilib (ola bilər ki, sayı çoxdur, biz yalnız mətbuatda yer alanları göstəririk).

Bunlardan biri ABU-nun rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan Naxçıvan MR Ali Məclisinin sabiq deputatı, iş adamı Arzu Kazımov barədə çıxarılan hökmdə olub. Rəsmi ittihama əsasən, A. Kazımov özünü Mənzil-Tikinti Kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verərək yaxın münasibətlərdə olduğu E. Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq edib. O, CM-nin 178.3.2 (külli-miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunurdu. Avqust ayında məhkəmə hökm çıxardarkən Arzu Kazımovun barəsində ağırlaşdırcı hallar müəyyən edilmədiyi, dəymiş ziyanı ödəməsi, ilk dəfə cinayət törətməsi, 58 yaşında olması və səhhətində problemlərin olmasını yüngülləşdirici hallar hesab edilməklə, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək, 3 il müddətinə azadlıqdan məhrum edilməsini hökm etmişdi.
Mart ayında isə Bakı Ağır Cinayətlər Məhkəməsində BDU-nun hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlının barəsində 3 il hökm çıxararkən 62-ci maddənin tətbiq etmişdi. Belə ki, M.İmanlı saxlanan zaman Baş Prokurorluq Məhəmməd İmanlının külli miqdarda rüşvət alan zaman cinayət başında saxlandığı barədə məlumat yaymışdı. Onun yaşadığı evə baxış keçirilərkən rüşvət aldığı 40 000 manat, əlavə olaraq 79 300 ABŞ dolları, 61 260 manat, 13.020 avro aşkar olunmuşdu.
Prokuror Məhəmməd İmanlının rüşvət almaqda ittiham edilərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, hakim onun əməlini dələduzluq maddəsilə tövsif edərək, 62-ci maddənin tətbiqi yolu ilə 3 il azadlıqdan məhrum etmişdi.
Beləliklə, Cinayət Məcəlləsindən çıxarışdan da aydın olur ki, 62-ci maddə ittiham tərəfinə və məhkəməyə verilmiş hüquqdur ki, bunu yalnız şəxsi mülahizələrinə əsasən tətbiq edirlər. Halbuki hər 3 iş üzrə çıxarılmış hökmlərdə nəzərdə tutulan yüngülləşdirici hallar “dələduzluq” ittihamı ilə həbs edilmiş minlərlə məhkumda olduğu halda, onların heç birinə 62-ci maddə tətbiq edilməyib. Gülər Əhmədovanın “yüngülləşdirici hallar”ında yeganə spesifik hal onun deputat olmasıdırsa, əslində bu məqam nəinki yüngülləşdirici, əksinə, ağırlaşdırıcı hal sayılmalıydı. Yəni bir var ki, sadə, savadsız vətəndaş “dələduzluq” edə, bir də var 3 dəfə Milli Məclisin deputatı seçilmiş birisi...
Ölkə rəhbərliyinə müraciət etmiş məhkumların nədə ittiham olunduqları və neçə il məhkum olunduqları barədə məlumatlar əldə etməyə çalışırıq./bizimyol/
1855 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:24