Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

Anar Əliyev Rövnəq Abdullayevin dayısı oğlu çıxdı

“Anar Əliyevin kim olduğunu açıqlayın, əks halda...” 

Londonda mənzillənmiş “Global Witness” təşkilatı ARDNŞ rəhbərliyinə çağırış edərək Azərbaycan neftinin dünya bazarlarında satışını təşkil edən şəbəkənin arxasında duran şəxsin - Anar Əliyevin kimliyini açıqlamağa çağırıb.

Virtualaz.org saytının “Global Witness”in saytına istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın direktoru Simon Teylorun “Anonim Azərbaycan” adlı qalmaqallı hesabatla bağlı bu gün yaydığı bəyanatda bildirilir.

“Global Witness” münaqişəli və korrupsiyanın yayıldığı regionlarda təbii resursların hasilatını aparan şirkətlərlə bağlı araşdırma aparan təşkilatdır. Təşkilat bu şirkətlərin ekoloji normaları və insan haqlarını pozmasına dair faktları araşdırıb yayır.  Təşkilatın fəaliyyətinı həmçinin bu kimi halların qarşısını almaq üçün yüksək səviyyədə görüşlər keçirmək və situasiyanı dəyişmək üçün başqa mümkün üsullardan istifadə etmək daxildir.

“Global Witness”in “Anonim Azərbaycan” adlı hesabatında  A.Əliyev adlı şəxsin mürəkkəb offşor şəbəkə vasitəsilə Azərbaycan neftinin satışında necə qazandığı göstərilir.

Bəyanatda deyilir  ki, çox az sayda insan tərəfindən tanınan Anar Əliyev Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə ən azı 48 yüksək mənfəətli sövdələşmədə iştirak payına malikdir. Lakin nə üçün məhz bu şəxsin bu sövdələşmələrdə iştirak etməsi və onun iştirakının ölkə üçün nə dərəcədə səmərəli olması məlum deyil.

“ARDNŞ və onun tərəfdaşlarının fəaliyyətlərini qanun çərçivəsində qurduqları istisna olunmaya bilər. Lakin bu şirkətlərin hansı yolla Azərbaycanın neft sənayesində iştiraka nail olması ilə bağlı şəffaflığın mövcud olmaması maraqların toqquşması və tərəfkeşlik kimi mümkün faktların baş verməsi ilə bağlı narahatlıq yaradır. Bu qeyri-şəffaflıq Azərbaycanın uzun müddətdən bəri üzvü olduğu Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (MSŞT, ingilsicə - EİTİ) olan etimadı azaldır. Hazırda ölkənin EİTİ standartlarına əməl etməsinə baxmayaraq, enerji sənayesnin digər sahələrində mövcud qeyri-şəffaf mühit korrupsiya riskini artırır” - deyə bəyanatda bildirilir.

S.Teylor bəyan edir ki, EİTİ hasilat şirkətləri tərəfindən “əsl benefisiar”ların könüllü şəkildə açıqlanmasını sınaqdan keçirməklə bu problemin həllinə başlayıb. Bu barədə icbari tələbin isə 2016-cı ildə təsdiq olunacağı gözlənilir.

“Bizim hesabatda Azərbaycan xalqının öz ölkələrində baş verməkdə olan neft bumundan tam şəkildə faydalana bilməmələri ilə bağlı ciddi narahatlıq ifadə olunur” - deyə “Global Witness”in direktoru Simon Taylor bildirib.

Təşkilatın direktoru əlavə edib: “Bu şübhələrə son qoymaq üçün Azərbaycan hökuməti hasilat şirkətlərinin benefisiar səhmdarlarının açıqlanmasını EİTİ prosesinə əlavə etməli və yüksək prioritetli bir məsələ kimi Anar Əliyevin ARDNŞ-lə hansı əlaqəyə malik olduğunu açıqlamalıdır”.

“Global Witness”in “Anonim Azərbaycan” adlı hesabatında araşdırma nəticəsində məlum olan aşağıdakı faktlar yer alıb:

- Anar Əliyevə məxsus şirkətlər Azərbaycanın neft sənayesi ilə bağlı iştirak etdikləri sövdələşmələrdən 375 milyon ABŞ dollar dəyərində mənfəət qazandıqlarını açıqlamışlar. Lakin “Global Witness” bu şirkətlərin müvafiq tender prosesi vasitəsilə seçilməsini təsdiq edən heç bir sübuta rast gəlməyib.

- Misal üçün qeyd edək ki, Anar Əliyev ARDNŞ-ın neftin satışı üzrə İsveçrədə yaradılmış törəmə şirkəti olan “SOCAR Trading”ə etdiyi cəmi 5 milyon ABŞ dolları yatırımdan 118 milyon ABŞ dolları dəyərində mənfəət əldə edib. Bu şirkətin “SOCAR Trading”də hansı yolla iştirak payı əldə etməsi tam olaraq açıqlanmır.

- ARDNŞ-lə tərəfdaşlıq edən bir çox şirkətlərin səhmdarları açıqlanmadığından Azərbaycanın neft sənayesində mövcud bir sıra sövdələşmələrdən əslində kimlərin mənfəət əldə etməsi məlum olmur.

- ARDNŞ-in Dubayda “SOCAR İnternational DMCC” adı altında neft satışı üzrə yaratdığı törəmə şirkətin 50%-i adları gizli saxlanan səhmdarlara məxsusdur.

“EİTİ korrupsiya və şəffaflığın hökm sürdüyü ölkələrə etimad nümayiş etdirmək məsələsində ehtiyatla davranmalıdır. EİTİ digər şəxslərin adından çıxış edən nümayəndələr və sadəcə olaraq şirkətlərin adları deyil, real olaraq mənfəətin kimlər tərəfindən əldə olunmasının açıqlanmasını təmin etməlidir” - deyə Taylor qeyd edib.

Qeyd: 2002-ci ildə könüllü təşəbbüs olaraq təsis edilmiş EİTİ neft, qaz və mədən şirkətlərinin faydalı qazıntılarla bağlı müxtəlif əməliyyatlardan dövlətə ödədikləri vəsaitin açıqlanmasını təmin etmək məqsədi daşıyır.

Hazırda 25 ölkənin üzv olduğu EİTİ vasitəsilə bu vaxta qədər 1 trilyon dəyərində ödənişlə bağlı açıqlama edilib. 2013-cü ildə qəbul olunmuş yeni standartlarda EİTİ tələblərinin əhatə dairəsi genişləndirilərək benefisiar səhmdarların adlarının açıqlanması və müqavilələrin şəffaf şəkildə bağlanması bir tələb kimi irəli sürüldü.

2. Benefisiar səhmdar real olaraq mənfəətə sahib olan və şirkəti idarə edən tərəfdir.

“Qanuni səhmdar”dan fərqli olaraq o, şirkətin gündəlik fəaliyyətində iştirak etmir. Bu hətta hər hansı bir şirkət də ola bilər.

3. ARDNŞ “Global Witness”in sualına isə belə cavab verdi: “ARDNŞ öz fəaliyyətini Azərbaycan Respublikasının qanunları və beynəlxalq miqyasda tanınmış şirkətlərin təcrübəsindən bəhrələnməklə yaradılmış daxili prosedurlar və normativlər əsasında qurur və bu əsasda da qərarlar qəbul edir”.

ARDNŞ-in bu cavabı ilə tam şəkildə “Global Witness”in internet səhifəsində tanış ola bilərsiz. “Global Witness”in digər əlaqədar tərəflərə ünvanladığı sorğular cavabsız qaldı.

1619 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.