Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2015

Korrupsiyalaşmanın rəsmi etirafı

Nazir də, rektor da, deputat da ölkədəki vəziyyəti etiraf edir

Artıq Azərbaycan reallığını danmaq mümkün deyil. Ölkədəki qanunsuzluq, məmur harınlığı, rüşvət və korrupsiya, təhsilsizlik və digər neqativ hallar rəsmi şəxslərin dilindən etiraf olunur.


Xatırlayırsızsa, Baş nazirin müavini Əli Həsənov demişdi ki, vəzifəli şəxslərin övladları narkomandılar, televiziyada narkotik maddə əvəzinə poroşok yandırırlar, iri məmurların müxtəlif ölkələrdə biznes imperiyaları var və s. Yaxud YAP-çı deputat Siyavuş Novruzov etiraf etmişdi ki, kredit borcunu ödəmək üçün sadə vətəndaş narkotika alveri, insan alveri, silah alveri etməlidir. PA rəhbəri Ramiz Mehdiyev savadlı ixtisaslı kadrların olmadığını, samballı elmi əsərlərin yazılmadığını söyləmişdi. YAP-ın qurucularından olan şəxslər son dövrlər mətbuata ilginc açıqlamalar verirlər və hakimiyyətin mahiyyətini ortaya qoyurlar. Bugünlərdə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov rüşvətlə mübarizənin effektsiz olduğunu etiraf etdi. Yəni 10-larla belə nümunələr var ki, ölkədəki neqativ halları rəsmi şəxslər etiraf edir.

Son olaraq isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (keçmiş Neft Akademiyası) rektor təyin edilmiş professor Mustafa Babanlının “modern.az”ÿsaytına müsahibəsini göstərmək olar. Yeni rektor müsahibədə etiraf edir ki, Universitetdə rüşvət halları geniş yayılıb, şagirdlərin haqqı tapdanır: “Heç kimə sirr deyil ki, ali məktəblərdə neqativ hallar, etirazlar mövcud olub. Bu ali məktəbdə də bir çox boşluqlar yaranıb. Burada söhbət tədris prosesində olan rüşvətdən gedir. Söhbət rüşvətin artıq praktiki olaraq korrupsiyaya yaxınlaşmasından gedir, söhbət tədrisdə olan boşluqlardan gedir. Yəni dərs keçilmədən pulların mənimsənilməsindən, rüşvət alınıb insanların ikinci ixtisasa qəbul olunmasından, ixtisasartırmada istehsalatdan gələn insanlardan rüşvət alınıb yerləşdirilməsindən gedir. Nümunə üçün bir misal çəkim. 583 bal toplayan bir tələbənin hərəkətlərindən hiss elədim ki, onun nəsə narazılığı var. Biz bunu yavaş-yavaş müxtəlif metodiki yollarla ələ alıb soruşanda, məlum oldu ki, tələbəyə ali riyaziyyatdan düzgün qiymət verilməyib. Bu tələbə topladığı 583 balın mütləq əksəriyyətini – 25 sualın 25-ni də cavablandırmaqla riyaziyyatdan toplayıb. Universitetdə ona aşağı qiymət yazıblar və o insanı elə birinci kursdan sındırıblar. Bununla da onun həvəsini nəinki tədrisə, universitetə, bütövlükdə Azərbaycan təhsilinə azaldıblar. Mən boşluq deyəndə bunu nəzərdə tuturdum”- deyə rektor bildirir.

Göründüyü kimi, rüşvət və korrupsiya özfəaliyyət deyil. Ölkənin bütün sahələrinə bulaşmış epidemiyadır. Sistem elə qurulub ki, rüşvət “ana xətt” təşkil edir. Əminliklə demək olar ki, sabah digər Universitetlərə də yeni rektor təyin edilsə, o da eyni sözləri təkrarlayacaq. Faktiki olaraq Azərbaycan təhsili rüşvətin, korrupsiyanın girovuna çevrilib.

Amma bu qədər şəffaf “bazar” korrupsiya ilə mübarizə aparanların diqqətini cəlb etmir, üstü açılan rüşvət cinayətlərinin arasında bu məqamları görmürük. Hamının gözü qarşısında rüşvət tüğyan edir.

Amma bunun məsuliyyətini heç kim öz üzərinə götürmür. Sumqayıtın yeni icra başçısı şəhərdəki neqativ hallardan, özbaşınalıqdan, qanunsuzluqdan danışır. Amma köhnə icra başçısına yenidən vəzifə verilir. Eləcə də yeni rektorlar köhnə rektorların dövründəki rüşvət, korrupsiya faktlarından söhbət açır və heç kim məsuliyyət daşımır.

Deməli, məqsəd rüşvətin kökünü kəsmək yox, bu “ənənə”ni davam etdirməkdir. Mövcud hakimiyyət bütün sahələrə gəlir yeri kimi baxdı və tədricən ən mühüm sahələr məhv edildi.

Ona görə də vəziyyətin dəyişməsi, neqativlərin aradan qaldırılması üçün mütləq sistem dəyişməlidir./azadlıq/
633 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı