Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

“Bizdə orta əsrlər feodalizmi, ya da quldarlığın yumşaq formasıdır”

Politoloq Hikmət Hacızadə “Media forum” saytının suallarını cavablandırıb.

- Müxalif Milli Şura ətrafında yeni müzakirələr qızışıb. Bu qurumun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Yüksək. Bu yerə qədər deyirdilər ki, müxalifət birləşə bilmir, ona görə də ölkədə dəyişiklik baş vermir. Birləşmə oldu. Partiyalar, ziyalılar, hətta siyasi cəhətdən aktiv olmayan insanlar, qurumlar bir araya gəldi. Birləşmə olanda hansısa problemlər də ortaya çıxır.

- Milli Şura yaradılanda müxtəlif fikirlər, qurumun Rusiya layihəsi olduğu haqda iddialar səsləndi. Siz nə düşünürsünüz: Milli Şuranın yaradılmasında kənar təsir vardımı?

- Bu barədə çox danışırlar. Amma konkret məlumatım yoxdur. Desəm ki, təsir vardı, soruşarsan ki, nədən bildiniz? Onda nə cavab verim? Yox idi desəm də, eyni qaydada. Bunu yalnız həmin məsələləri müzakirə edən şəxslər bilər. Kim məsələni qaldırıbsa, desin ki, belə bir fikrə necə gəlib.

Bilirsiniz, ictimai siyasətdə sosial tərpənmələr olur. Ola bilsin ki, proses kortəbii başlasın, amma sonra hamı bundan istifadə etmək istəyir, rus, amerikan, qaraçı, dindar, hamısı. Keçən əsrin 80-90-cı illərinin meydan hadisələrindən indi də hər kəs danışır. Filan qüvvələr vardı, filan qüvvələr istifadə edildi deyə bir-birini təkzib edən nəzəriyyələr irəli sürülür. O söhbətlərin axırı yoxdur.

Xalq özü meydana gəlirdi. İndi Moskva, Vaşinqton, dindar demokrat, qaraçı, hamı istəyir xalq ayağa qalxsın, amma mümkün deyil, xalq qalxmır. Amma hansısa dalğa başlayanda hamı oraya öz adamlarını dürtməyə, öz tərəflərinə çəkməyə cəhd edir. Milli Şura da elə, istənilən siyasi qüvvə ondan istifadə etməyə çalışır.

- Müxalifətin bir birlik formatı da İctimai Palatadır. Burada paralellik yaranır. Sizcə, onun taleyini necə etmək olar?

- Yəqin İctimai Palata da qalacaq. Hamısı eyni adamlardır. Orda da oturur, burda da. Hamısı xalqın sifarişidir ki, bir yerə yığılın.

- Siz deyəsən, o birliklərin daha heç birinə getmirsiniz...

- Mən Müsavatın üzvüyəm. Müsavat Partiyasının vasitəsi ilə birliklərdə iştirak edirəm. Rəhbərlərimiz birliklərdədir, mən də onları dəstəkləyirəm.
- Müsavat Partiyasının qurultay məsələsi xeyli müddətdir müzakirə edilir. Necə düşünürsünüz, qurultayı keçirmək lazımdırmı?
- Əlbəttə. Qurultay olacaq, yeni başqan seçiləcək.

- İsa Qəmbər başqanlıqdan getsin-getməsin sualına cavabınız necədir?

- İsa Qəmbər özü məsələsini qaldırıb və gedir. Müsavat Partiyası bu addımla cəmiyyətə böyük bir örnək verəcək. Bu, demokratiyanın bir nümunəsidir.

- İsa Qəmbər gedərsə, istefalar ola bilərmi?

- İsa Qəmbərin getməsini istəməyən adamlar var. Amma İsa bəy getsə, mən gedib öləcəyəm deyən yoxdur.

- Başqan dəyişsə, sizin də partiyadan getmək niyyətiniz yoxdur...

- Mənim də heç yerə getmək niyyətim yoxdur. Mən Müsavatda ona görə varam ki, Müsavat mənəm.

- İsa Qəmbərdən sonra başqanın kim olmasını istəyirsiniz? Namizədiniz kimdir?

- Müxtəlif iddialı şəxslər var: Arif Hacılı, Vurğun Əyyub, Qubad İbadoğlu, gənclər... Biz cəmiyyətə demokratik bir nümunə göstərməyə çalışacağıq. Mən namizədim haqda heç nə demirəm. Bu hələ gizlindir. Kimsə gələcək.

- Prezident seçkisi keçirildi, nəticələr məlumdur. Qarşıda bələdiyyə seçkisi, sonra parlament seçkisi var. Bu illərdə müxalifət nə etməlidir? Nə müxalifəti qoruyub saxlaya bilər? Ümumiyyətlə müxalifətin gələcək fəaliyyəti haqqında nə düşünürsünüz?

- Dəfələrlə demişəm ki, ölkədə 100-200 nəfər dissident, sözünün üstündə duran, düzgün yaşamaq istəyən, buna görə vuruşan fəalımız var. Buraya o cümlədən jurnalistlər də daxildir. Doqquz milyona 100-200 nəfər düşür. Bu şəxslər təkbaşına vuruşur. Onları müxalifət adlandırmaq olmaz. Məsələn, Amerikanın Demokratlar Partiyasına adətən həmkarlar ittifaqları kömək edir, səs verir. Hanı bizdə həmkarlar ittifaqları? Yoxdur. Bəzi ölkələrdə alimlər öz nüfuzu ilə sözünü çatdırır, hansısa siyasi kursu müqayisə edir. Bizdə belə adamlar yoxdur. Hanı bizim akademiyamız? Yoxdur. Heç kəs yoxdur. Təkcə 200 nəfər qalıb. Parlament seçkisinə qədər həmin şəxslər yenə mövqeyində duracaq. Əlbəttə, kimisə həbs edəcəklər, kimsə ola bilər satılsın. Amma həmin 200 nəfər yenə qalacaq. Onların ətrafına həmkarlar ittifaqı, alimlər toplaşsa, dəyişiklik olacaq.
Altmış min adamın evi sökülüb, mülki hüquqları pozulub. Müxalifət mitinq keçirir, onların məsələsini qaldırır, heç biri meydanda yoxdur. Benzinin qiyməti qalxdı, müxalifət həmin məsələni qaldırmaq üçün mitinq keçirir, hanı şikayətçi sürücülər?

- Niyə Azərbaycan cəmiyyətinin etiraz potensialı yoxdur?

- Bu, çox çətin məsələdir, mən bilmirəm. Bəlkə neftə görədir, ya tələyə düşmüşük. Xalq niyə qalxır, niyə yox, bu, böyük sirdir, onu dünyada hələ heç kəs aça bilməyib.
- Cəmiyyəti idarə etmədə müxtəlif nəzəriyyələr var. Bizdə cəmiyyət hansı ilə idarə edilir?

- Bizdə sosial siyasi sistem orta əsrlər feodalizmi, ya da quldarlığın yumşaq formasıdır. Yuxarıda padşah, ailəsi, aşağıda baronlar və ya oliqarxlardır. Ondan aşağıda olanlar pulu toplayır, yuxarı ötürür. Cəmiyyət öz süstlüyü, sakitliyi ilə bu ovqatı yaradıb.
1707 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...