Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2015

İlham Əliyev 22 illik “inkişaf”ın qəfil yoxa çıxmasının izahatını verməlidir

Yaxud uğurlu inkişafın «çətin il» vədi

Ölkədə ciddi proseslər gedir. Çox təəssüf ki, bu proses mənfi istiqamətdə və fəlakət cığırı ilə gedir. Əslində normal düşünmək qabiliyyəti olan adamlar üçün belə bir prosesin yaranması sürpriz olmadı. Yəni Azərbaycanın kövrək iqtisadiyyatı, qeyri-şəffaf idarəetməsi, demokratik islahatlardan qaçış, acı nəticənin xəbərçisi idi. Amma hakimiyyət neftin yüksək qiymətinə o qədər “aşiq” oldu ki, heç bir real sektorun inkişafına “könül” vermədi. Və uzun illər cəmiyyətə “regionun lider dövləti”, “analoqsuz inkişaf”, “çiçəklənmə” mesajı verildi.

Bəs, indi nə baş verir. Indi isə Ilham Əliyev Göyçaya səfər edir və “Gələn il asan olmayacaq, bunu bilməliyik” xəbərini çatdırır.


Axı niyə pis olacaq? Axı bütün dünya bizə paxıllıq edirdi, ÜDM-in artımı rekord həddəydi, dünya ölkələri bizdən inkişaf sürətini yavaşlatmağı xahiş edirdi. Eyni zamanda bir neçə ay əvvəl ölkə başçısı “neftin qiymətdən düşməsi bizə təsir etməyəcək” söyləyirdi. Nə baş verdi ki, bu “sürət qatarı”nın benzini qurtardı?

Əliyev 22 illik “inkişaf”ın qəfil yoxa çıxmasının izahatını verməlidir. Axı ölkə başçısı deyirdi ki, qeyri-neft sektoru inkişaf edir, uğurlu iqtisadi siyasət yürüdülür, dünya Azərbaycanla hesablaşır, Avropanın bizdən asılılığı var, biz dünya ölkələri üçün müsbət modelik və s.

Indi də “gələn pis olacaq, bunu bilməliyik” söyləyir. Deməli, bu illər ərzində xalqa yalan məlumat verildiyi, heç bir sahənin inkişaf etdirilmədiyi, ölkənin neftdən asılı vəziyyətdə olduğu və hakimiyyətin acizliyi etiraf olunur.

Məsələ burasındadır ki, bu xalq üçün onsuz da asan il olmayıb. Onsuz da YAP hakimiyyəti dövründə milyonlarla vətəndaş dolanışıq üçün ölkə xaricinə gedib, müəllim, həkim, təqaüdçü aşağı əməkhaqqı alıb, sahibkar azad fəaliyyət göstərə bilməyib, sadə vətəndaş rüşvət verməli olub və s.

Bəli, bu ölkədə bütün illər yalnız hakimiyyət komandası üçün asan olub və “çətin il” xəbəri vətəndaş üçün təəccüblü görünmür. Sadəcə olaraq hakimiyət büdcə kəsirini, maliyyə qıtlığını sığortalamaq üçün sadə vətəndaşı daha çox sıxacaq, vətəndaşın cibinə daha kobudcasına girəcəklər və ixtisarlar, maaşların verilməsindəki fasilələr artacaq.

Amma bir fakt adamın gözün deşir. Bu illər ərzində ölkəyə 100 milyardlarla vəsait daxil olub və milyardlar səltənətinin sakinləri çətin ilə hazırlanır. Ölkə başçısı bu 100 milyardların taleyinə aydınlıq gətirməlidir, 100 milyardların “rəqs” etdiyi ölkədə vətəndaşın niyə çətinlik çəkdiyinin izahatını verməlidir.

Izahat isə belədir. Bu illər ərzində bir qrup vəzifəlilər ultra milyarderə çevrilib, milyardlarla vəsait ofşor zonalara daşınıb, dünyanın müxtəlif yerlərində villalar, şirkətlər, adalar alınıb və ölkənin taleyi heç kimi maraqlandırmayıb. Sadəcə olaraq yol, körpü, məktəb binası tikməklə vətəndaşa minnət qoyulub.

Nəticə isə göz qabağındadır. 22 ildən sonra heç bir sahədə ürəkaçan vəziyyət yoxdur, büdcə boşalır, xarici borc 10 milyardlarla ölçülür və s.

Yaxşı olar ki, Ilham Əliyev pis günün proqnozunu verməsin, pis günə qalmağımızın səbəblərini söyləsin. Bu necə sürətli inkişafdır ki, neft qiymətdən düşən kimi “çətin il” vəd edir?/azadlıq/
471 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı