Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2015

Deputatlığa namizəd: "Mənə pul gücünə təzyiq göstərirlər”

Vüqar Əhməd məmurlardan birinin onu seçkilərdən çəkilməyə məcbur etmək istədiyini deyir

27 saylı Sabunçu ikinci dairəsindən deputatlığa namizəd, şair, filologiya elmləri doktoru Vüqar Əhməd “moderator.az” saytına məktub göndərərək, namizədliyini geri götürmək üçün ona təzyiq edildiyini bildirib.

V.Əhməd yazır ki, ona təzyiq göstərən həmin dairədə qeydə alınan namizədlərdən biri (dairədən V.Əhməd də daxil olmaqla, 7 namizəd qeydə alınıb – red.). “Namizədlərdən biri pul gücünə mənə rəhbər bir işçinin vasitəsilə təzyiq göstərir ki, namizədliyimi geri götürüm. Hətta deyirlər, nə qulluğu olsa, hazırıq. Səbəb də odur ki, seçkilər demokratik olsa Vüqar Əhmədin xalq içində, xüsusilə Abşeronda nüfuzu böyükdür, o seçiləcək”, – deyə şair qeyd edib.

V.Əhməd bildirib ki, namizədliyini yalnız bir halda geri götürə bilər – bunu ölkə başçısı tövsiyə etsə: “Mən qürurumu, mənəviyyatımı heç bir maddi marağa satan insan deyiləm. Ancaq hörmətli ölkə başçısı məsləhət görsə namizədliyimi geri götürərəm. Möhtərəm prezidentimiz isə heç vaxt demokratiyaya zidd hərəkət eləməz…”.

Ona namizədliyini geri götürmək üçün kimin mesaj göndərdiyini isə V.Əhməd açıqlamayıb. Qeyd edib ki, həmin mesajı çatdıran adamla çörək kəsib, ona görə də ad çəkmək istəmir. “Hətta məni seçkidən uzaqlaşdırmaq istəyən o məmurla da 2-3 dəfə iftar süfrəsində ehsan yemişik. O müqəddəs süfrə xatirinə adını hallandırmıram. Həm də yıxılana balta çalmazlar. Mən seçkilərdən geri çəkilməyəcəm. Bəzi deputatlar da eşitdim mənə zəng vurmaq istəyirlər. Qətiyyən zəhmət çəkməsinlər, xeyri yoxdur. “Əyilməz vicdanın böyük heykəli”, – deyə V.Əhməd yazıb.

Şair onu seçkidən kənarlaşdırmaq istəməkdə ittiham etdiyi, lakin adını açıqlamadığı namizədə ismarış da yollayıb: “O kommersant namizədə də deyirəm ki, ağıllı ol. Altdan-altdan iş görmə. Təzyiqlər artsa cənab prezidentə teleqram vurum gərək, başqa çıxış yolum yoxdur. O məmur oyun oynayır “Vüqar Əhmədin siyahıda adı yoxdur” deyir. Yəqin bu məmur özü də bir “siyahı” tutub özü üçün”.
396 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...