Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2015

YAP rəhbərliyindən gülünc arqument

Siyavuş Novruzov pulsuz efir vaxtından imtinanı necə pərdələməyə çalışır?

Noyabrın 1-də ölkəmizdə parlament seçkiləri keçiriləcək və biz bu seçkilərlə bağlı dəfələrlə müxtəlif səpkili yazılar yazmışıq. Əslində 20 gündən sonra keçiriləcək seçki haqqında proqnoz vermək üçün dərin siyasi biliklər də tələb olunmur. Həm beynəlxalq təşkilatlar, həm də ölkədəki real müxalifət qüvvələri seçkini boykot etdi. Artıq kimlərin seçiləcəyi məlumdur, hakimiyyətin süni namizəd bolluğu yaratdığı göz önündədir.

Amma bu yazının məqsədi seçki şousuna şərh vermək deyil. Məqsədimiz bu şounun ssenarisini yazmış YAP hakimiyyətinin bir arqumentinə cavab verməkdir. Bildiyiniz kimi, YAP pulsuz efir vaxtından imtina edib. Biz əvvəlki yazılarımızda da qeyd etmişdik ki, hakim partiyanın vətəndaşa deməyə sözü qalmayıb. Daha doğrusu, bugünə qədər verilən vədlərə əməl edilməyib, inkişaf təbliğatı iflasa uğrayıb və əhalinin vəziyyəti daha da ağırlaşıb. Bu gün 2.6 milyon vətəndaş kredit ödəyirsə, devalvasiyadan dəyən zərər sadə vətəndaşın üzərinə atılıbsa, xarici borcumuz 25 milyardı ötübsə, dövlət büdcəsi 5 milyard azalıbsa, vətəndaşa hansı “çiçəklənmə”dən danışmaq olar? Digər tərəfdən, hakim partiya xalqa hesabat verməkdən imtina edir, vətəndaşı saymır və seçkinin taleyinin MSK-da həll olunduğundan əmindir. Bütün bunlara görə də YAP pulsuz efir vaxtından imtina edib.


Amma yapçı deputat Siyavuş Novruzov bununla razılaşmır və səbəbi belə izah edir: “Yeni Azərbaycan Partiyası pulsuz efir vaxtından imtina etmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib. Məsələ ondadır ki, seçkidə 15 siyasi partiya, bir seçki blokunun namizədləri və müxtəlif siyasi partiyalardan fərdi qaydada namizədliyini irəli sürənlər var. Ancaq onların heç birinin 60 dairə üzrə namizədi qeydə alınmadığı üçün pulsuz efir vaxtından istifadə etmək hüququnu qazanmayıblar. Yeni Azərbaycan Partiyasının isə 116 dairə üzrə deputatlığa namizədi qeydə alındığı üçün pulsuz efir vaxtı hüququ qazanıb. Lakin biz seçki rəqabətinin bərabər aparılması üçün pulsuz efir vaxtından imtina edirik və bununla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etmişik. Əks halda, pulsuz efir vaxtında debatlar alternativlər olmadan keçiriləcəkdi. Biz bunun bərabər rəqabətə zidd olduğunu düşünürük”.

Bəli, Siyavuş Novruzov inandırmağa çalışır ki, pulsuz efir vaxtından imtina seçki rəqabətinin bərabər aparılması ilə bağlıdır.

Görəsən, bu hakimiyyət nə vaxtdan bərabər rəqabətin, ədalətli mübarizənin tərəfdarı olub? Rəqibləri şərləyib həbsə atmaq, müxalifət partiyasının qərargahını partlatmaq, rəqibləri yaxınları ilə şantaj etmək, müxalifət liderlərini telekanllarda, rejim mətbuatında təhqir etmək də rəqabətin göstəricisidir? 22 ildir müxalifəti birtərəfli şəkildə ləkələməyə çalışan, müxalifətçilərlə düşmən kimi rəftar edən hökumət, indi ədalətli rəqabət sevdasına düşüb. Müxalifətin səsini oğurla, Avropa Məhkəməsi bu oğurluğu ifşa etsin və sonra da rəqabət mühitindən danış.

Bu gün 10-larla potensial namizəd şərlənərək həbsə atılıb. Təkcə bu fakt hakimiyyətin necə bərabər rəqabət sevdalısı olduğunu sübut edir.

Bir sözlə, Siyavuş Novruzovun arqumenti həmişəki kimi “bumeranq” effekti verdi./azadlıq/
478 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı