Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2015

Ərə verilməyə namizəd

“Biz üzümüzü bir hambala tutduq, amma haman dəqiqə bir hambal əvəzinə bir dəstə hambal bizi bürüdü. Bunlar hamısı İrəvan kürdləri idi. Biz istədik qabaqca şeyləri nişan verək və danışaq ki, aparsınlar, amma təqribən on beş-iyirmi hambal şeyləri görüb, daha qulaq asmadılar və başladılar haman şeyləri köməkləşib küçəyə daşımağa. Uzaqda duran hamballar da həmçinin buraya cəm oldular və başladılar bizim şeyləri hərə özünə yük eləməyə. Amma çünki hər hambala bir şey düşmürdü, onun üçün, məsələn, bir şkafın h?r ayağından v? qapısından bir hambal yapışmışdı”

(Mirzə Cəlil, “Hamballar”)

Yapistlərin Azərbaycanda seçki prosesini ləğv etməsi artıq yekun mərhələsinə girməkdədir. Bu dəfəki deputatxana seçkiləri hətta qabaqkı illərin bələdiyyə seçkilərindən də sönükdür. Seçki gününə 17 sutka qalıb, amma ölkədə deyəsən heç 17 adamın da seçki yadına düşmür. Dünən mən yaşadığım yerin yaxınlığında bir təşviqat lövhəsinin önündən keçərkən onun küncündə yetimcəsinə boynunu burub dayanan bircə plakat gördüm. Onu da yapistlər öz partiyalarının namizədi adıyla yapışdırmışdılar. Bu xanım namizəd əslində məzəli bir fiqurdur - yapistlər hər seçkidə (o cümlədən bələdiyyə seçkisində) divara onun plakatını vurur, deputatxanaya isə “bitərəf” adıyla ərazinin məşhur mafioz-zavmağını soxurlar. İşin gülməli tərəfi odur ki, zavmaq heç vaxt plakat vurmur. Bəs bu xanımın şəklini niyə vururlar? Mən plakata baxarkən yaxınlıqdan keçən bir zəhmətkeş bunun səbəbini çox orijinal şəkildə açıqladı: “YAP neçə seçkidir bu qızı ərə vermək istəyir, nəsə alınmır”.

Doğrudan da seçkilərə bəziləri ərə getmək, bəziləri isə pullu namizəddən nəsə qopardıb axırda “onun xeyrinə imtina eləmək” üçün qatılır. Nəticədə lövhələr boş qalır. Növbəti seçkidə yəqin lövhənin enini azaltmaq lazım gələcək - mənasız şəkildə çox yer tutur.

Hakimiyyətin pulsuz efir vaxtını ləğv eləməsi də bu seçkinin növbəti “yeniliyidir”. Qabaqkı seçkilərdə yenə heç olmazsa namizədlər efirdə quş buraxırdılar, camaat bu quşları yolub soyutma bişirir, satirik səhnəciklərə baxıb gülürdü. Bunu uca millətə çox gördülər. Nə etməli, “çörək və tamaşa” neft pulları dövrünün proqramı idi, indiki kasıbçılıq şəraitində millətə yavan çörək də bəsdir. Tamaşa qurtarmışdır. Necə deyərlər, “finita lya komedia” - komediyanın sonudur.

Kasıbçılıq 92 saylı Zərdab-Ucar seçki dairəsində özünün yamaqlı, cırıq simasını lap pis göstərmişdir. Təsəvvür edin ki, orda iki adama pul verməyə imkan olmayıb, bir şəxsi eyni zamanda həm DSK üzvü qoyublar, həm də deputatxana üzvlüyünə namizədliyini irəli sürüblər. Qanuna zidd olan bu durumu sadə dillə belə anlada bilərik: adam özünün seçilməsini təşkil edəcəkdir. Məncə MSK sədri Məzahir müəllim də bu yeni şəraitdən yararlanıb namizədliyini verməliydi. Kimdən əskik kadrdır? Bəziləri neçə illərdir həm rektor, dövlət şirkəti şefi, həm də deputat olurlar. Kvartalda bir dəfə düymə basmağa getmək lazımdır - ayrı bir iş yoxdur onsuz. Hətta istəsən arıq-uruq deputatlardan özünə düymə basan katib(ə) də götürərsən, ümumiyyətlə qanunqayırma sexinə baş çəkməzsən.
YAP-ın pullu efirdən imtinanı guya başqa partiyaların kvota yığa bilməməsi ilə izah etməsi də başqa lətifədir. Guya bunlar efirdən təkcə yararlanmaq istəməyiblər. Beyinlərinə təvazökarlıq sızıbdır. Elə bil 20 ildir telekanalizasiya efirlərində fikir plüralizmi fəvvarə vururmuş, millət hər gün canlı debatlar, müzakirələr, doğru xəbərlər izləyirmiş. Elə bil seçkiyə qalan günlərdə efir yapistlərin monoloqu ilə dolu olmayacaq.

İctimai Televiziya adlanan abort qurbanı qurumun deputatlığa namizədlər üçün elan elədiyi pullu efirin qiyməti isə Azərbaycan xalqını ələ salmaqdır: saniyəsi 50 manat! Guya bu cəmiyyətin kanalıdır, onun vergiləri ilə yaşayır, cəmiyyətin hər kəsiminin fikrini göstərməyə qanunla borcludur. Amma sən bu efirdə 1 dəqiqə danışmaq üçün 3 min manat ödəməlisən. Cəmil Quliyev “Alma almaya bənzər” filmindən bəri doymayıb deyəsən. Dünya birliyi bu ədalətsizliyə hələ də dözür.

Hər halda, ümid eləyək bu dəfə heç olmazsa bəzi namizədlər ərə gedə biləcəkdir. Onsuz seçkinin de-fakto ayrı bir xeyri qalmayıbdır.

Z.Hacı/musavat
768 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı