Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2013

Bakıda yüzlərlə ailə evsiz qala bilər

Paytaxtda 500 minə yaxın ev sökülmək təhlükəsi ilə üz-üzədir; yüksək gərginlikli elektrik, kanalizasiya, su və qaz xətlərinin keçdiyi ərazilərdəki tikililər siyahıya alınır
Bakıda yüksək gərginlikli elektrik, kanalizasiya, su və qaz xətlərinin keçdiyi ərazilərdəki tikililərin sökülməsi yenidən gündəmə gəlib. Tez-tez bu ərazilərdəki evlərin söküləcəyi ilə bağlı şifahi fikirlər səsləndirilsə də, artıq hökumət sözügedən ərazidə yerləşin evlərin sökülməsi ilə bağlı hazırladığı layihəni tamamlamaq üzrədir.

Hazırlanan ilkin layihə Bakı və Abşeron yarımadasını əhatə edəcək. Qeyd edək ki, hökumət bundan öncə Səbayel rayonu, “20-ci sahə” deyilən ərazidə bu tip oxşar layihə həyata keçirib. “Eurovison” öncəsi yüksək gərginlikli elektrik xətlərinin, neft buruqlarının, qaz və su xətlərinin yan-yörəsində olan evlər köçürülərək magistral yol genişləndirilib.
Qeyd edək ki, hazırda Bakıda 500 minə yaxın ev sökülmək təhlükəsi ilə üz-üzədir. Söküləcək evlərin çoxu isə Binəqədi rayonunun ərazisinə düşür. Bakının böyük rayonlarından sayılan Binəqədidə qaz, su və yüksək gərginlikli elektrik xətlərinin ətrafında minlərlə qanunsuz ev tikilib. Təxmini hesablamalara görə, rayonda belə tikililərin sayı 500 mindən çoxdur. Sözügedən ərazidə yaşayan sakinlərdən “Yeni Müsavat”a daxil olan məlumata görə, evlərinin söküləcəyi ilə bağlı onlara bildiriş vərəqələri paylanılıb. Binəqədi sakinləri deyirlər ki, bildiriş vərəqələrində yaradılacaq komissiyanın evlərinə baxış keçirərək qiymətləndirmə aparacağı qeyd olunub. Qanunsuz evlərin isə dərhal boşaldılması vurğulanıb. Sakinlərin sözlərinə görə, qanunsuz elan edilən evlərin əksəriyyətinin bələdiyyə və icra hakimiyyətindən müvafiq icazə sənədləri var.
Rayon sakinlərinin sözlərinə görə, ev tikdikləri ərazini vaxtilə “Binəqədi Oil” və rayon bələdiyyəsindən alıblar. Onların sözlərinə görə, o vaxt bu ərazilərdə yüksək gərginlikli elektrik, kanalizasiya, su və qaz xətləri yox imiş. Ev tikməyə icazəni isə Binəqədi Rayon İcra Hakimiyyəti verib.

Qeyd edək ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilən açıqlamada qeyd olunurdu ki, yüksək gərginlikli elektrik xətlərinin altında tikilən evlərə onlar cavabdeh deyil. “Binəqədi Oil” kimi neft şirkətləri ərazilərinin vətəndaşlar tərəfindən qanunsuz olaraq zəbt edilməsi ilə bağlı xəritə tərtib ediblər. “Azərenerji” isə bir çox yüksək gərginlikli elektrik dirəklərini ləğv edərək xətti yerin altı ilə keçirib.

“İnformasiyalı cəmiyyət uğrunda” İctimai Birliyin baş direktoru, vəkil Mehman Muradlı mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan qanunvericiliyinə görə, yüksək gərginlikli elektrik xətlərinin ən azı 250 metrliyində yaşayış məskəni salmaq olar: “Elektrik xətlərinin altında bağ salmaq, çoxillik ağaclar əkmək qadağan edilsə də, azillik (ot, bostan, tərəvəz və s.) əkməyə icazə verilir. Qanuna görə, tikinti işləri torpağın qruntundan asılı olaraq su anbarları və kəmərlərindən 5-10 metrdən 50 metrədək, rabitə xətlərindən (kabellərdən) isə minimum 2-3 metr uzaqda aparılmalıdır ”.

M. Muradlının sözlərinə görə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna görə, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin, o cümlədən magistral neft və qaz kəmərlərinin, kanalizasiya və yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların çəkilməsi, sərhədboyu zolaqda dövlət sərhədinin mühafizəsinin tətbiq edilməsi, müdafiə və təhlükəsizlik obyektlərinin tikilməsi məqsədilə torpaqlar dövlət tərəfindən alına bilər: "Amma bazar qiyməti ilə sakinlərə kompensasiya vermək şərti ilə".

Hüquqşünas bildirdi ki, son beş ildə bu tip mübahisəli məsələlərlə bağlı vətəndaşlar tərəfindən yerli məhkəmələrə müraciət edənlərin sayı çoxalıb./musavat/
1697 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı