Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2013

Nəqliyyat “qoçu”larının səbəb olduğu qəzada ölənlərin yaxınları danışdı

Qəzada ölən 4 nəfərdən üçü eyni binada yaşayan qonşulardır; yas sahibləri müfəttişlərin mütəmadi olaraq etdikləri qanunsuzluqlardan da şikayətləndilər
Bir neçə gün əvvəl paytaxt Bakıda baş vermiş dəhşətli yol qəzasında ölənlərin yaxınları Nəqliyyat Nazirliyini və müfəttişləri ittiham edir. Əməkdaşımıza danışan qohumlar həm də nəqliyyat müfəttişlərinin mütəmadi olaraq etdikləri qanunsuzluqlardan şikayətləniblər.
Qeyd edək ki, məlum hadisə zamanı “Daewoo Nexia”nın yolda dayanan “Shagman” markalı yük avtomobilinə çırpılması nəticəsində 4 nəfər ölüb. Yük maşınının sürücüsü Bəhruz Abbasov hadisə ilə bağlı danışarkən deyib ki, hələ tuneldə olarkən Nəqliyyat Nazirliyinə məxsus avtomobil ona dayanmaq əmri verib: “Tuneli çıxana kimi saxlatdı, saxlamadım. Burada artıq məcbur qalıb saxladım. Çünki maşını mənim maşınımın qabağına verdi. Qabağıma verib saxlatdı. Mən də məcbur, qəza işıqlarını yandırdım, mühərriki söndürdüm, pəncərələri bağlayıb, aşağı düşdüm. Onlara yaxınlaşdım, soruşdular ki, maşın harada qeydiyyatdadır, mən də dedim ki, filan postda qeydiyyatdadır. Dedi ki, gəl, aydınlaşdıraq. Bu anda həmin hadisə baş verdi”. Hadisəni Yasamal rayonunun hüquq-mühafizə orqanları araşdırırlar. Hələlik Nəqliyyat Nazirliyi bu ciddi ittihama münasibət bildirməyib.

Həmçinin Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində avtomobilin sürücüsü - 1987-ci il təvəllüdlü Mehdi Məmmədov, 1996-cı il təvəllüdlü İsmət Zeynur oğlu Xəlilov, 1990-cı il təvəllüdlü Yaqub Yunis oğlu Tağıyev, 1977-ci il təvəllüdlü Qurban Məhəmməd oğlu Hacıyev dünyasını dəyişib.

Əməkdaşımız isə dünyasını dəyişən şəxslərdən birinin Mehdi Məmmədov olduğunu öyrənib. Qəzada ölənlərin hamısı Abşeron rayonunun Xırdalan qəsəbəsində yaşayır. Hətta üç nəfər eyni binada yaşayırmış.

Əməkdaşımız qəzada həyatını itirən “Daewoo Nexia”nın sürücüsü Mehdi Məmmədovun ailəsində olub, yaxınları və qonşuları ilə söhbətləşib. Qardaşı deyir ki, onlar baş verənlər barədə dəqiq heç nə deyə bilmirlər: “Onu bilirəm ki, gecənin yarısı morqa çağırıb, verdilər meyitləri bizə. Belə özbaşınalıq olarmı? Maşını tuneldə saxlamaq nə dərəcədə doğrudur? Qardaşım içki içən deyildi, maşını da yüksək sürətlə idarə etməzdi. Onun və digər üç nəfərin ölümündə Nəqliyyat Nazirliyinin əməkdaşları günahkardır”.

Mehdi Məmmədovun qonşuları baş verənlərdən hələ də dəhşət içindədir: “Bir-birinin ardınca binaya üç meyit gətirildi, üçü də eyni qəzada ölənlərdi. Yas yasa qarışıb. Gör, qanunsuzluq nə qədər ailəni əzaba saldı”.

Öyrənirik ki, ölənlərdən birini yaxınları Salyan rayonunda torpağa tapşırıblar və yas da orada verilir. İyirmi yeddi yaşlı Mehdi Məmmədov da İsmayıllı rayonunda dəfn edilib. Həmçinin qəzada onun 17 yaşlı xalası oğlu İsmət Xəlilli də həyatını itirib. “İki balamı birdən itirdim, oğlumu və bacım oğlunu. Amma digər iki nəfər də balam sayılır, onlar da bu faciəyə düçar oldular. Buna səbəbkar olanlar cavab verməlidir qanun qarşısında”, M.Məmmədovun anası deyir. Öyrənirik ki, həmin günü oğlu tanışını Bakıya, «20 Yanvar» metro stansiyasının yanına aparanda qəza baş verib: “Balamın uzun illər xəstəsinə baxmışam, on ilə yaxın ciddi problemləri, bədənində şiş, yara olub. Kasıb olsaq da, onu sağaltmışıq. İndi balam ailəsinə çörək qazanacaq, ailə quracaq vaxtında itirdim onu. Bu nəqliyyat müfəttişləri ona heç gündüz işləməyə imkan vermirdilər. Oğlum ali təhsillidir, ixtisası üzrə iş tapa bilmədi, gah hansısa dostunun yerinə bir-iki ay qarovulçu işləyir, ya da taksi sürücülüyü edirdi. Ancaq bu nəqliyyat işçiləri ona işləməyə imkan vermirdilər. Oğlum günlərlə işləyib, evə pul gətirə bilmirdi onların əlindən. Elə də olurdu ki, qazandığı 20 manatı verirdi onlara, evə əliboş gəlirdi. Onların əlindən oğlum gecələr bir-iki saat işləyirdi ki, çörəkpulusu olsun. Gələn il evləndirəcəkdik, evdə otaqlardan birini təmir etməyə hazırlaşırdı. Hətta divar kağızı da alıb, bir qədər təmir də edib. Toyuna hazırlaşırdım balamın, axırı da belə. Həmin gün zəng etdim, dedi ki, ”20 Yanvar"a tanışını aparır, 5-10 dəqiqəyə gələcək. Sonra da zəng etdim, götürən olmadı, daha sonra polis götürdü, dedi ki, Mehdi yaralıdır və xəstəxanadadır".

Onun yanında olanlardan biri əsgər getməyə hazırlaşan xalası oğlu olub: “Onu iki aydır bizdə saxlayırdım, apreldə əsgər gedəcəkdi, qonağımız idi”. Ölənlərdən birinin isə ata-anası yoxdur, kirayədə qalan gənc ailənin iki körpəsi var: “Onların vəziyyəti, yaşayışı necə olacaq? Özbaşınalıq nə qədər ailəyə faciə, ölüm gətirdi”.

Yas yerinə toplaşan qonşular deyirlər ki, hər kəs nəqliyyat müfəttişlərinin tuneldə maşın saxlatmasının qanunazidd olduğunu söyləyir: “Görək heç istintaq aparılırmı? Qərar ədalətli olacaqmı? Aidiyyəti və günahkar şəxslər cəzalandırılacaqlarmı?” , - deyə hamı sual edir.

Həmçinin bildirirlər ki, aradan çıxan nəqliyyat müfəttişlərinin maşınının nömrəsi də məlumdur: “Həmin nömrəni digər sürücülər yazıb götürüblər. Yük maşınının sürücüsünün bu işdə günahı yoxdur, bu işdə günahı olanlar, bu qədər ailənin faciəsinə səbəb olanlar cəzalandırılmalıdır. İndiyədək bizimlə heç kim maraqlanmayıb. Oğlum maşını kreditə alıb, hələ 11 ay krediti verməli idi. Heç xeyir görmədi aldığı bu maşından, halbuki onu ailəsini, bizi dolandırmaq üçün almışdı”.../musavat/
1536 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...