Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2015

Namizədlər sürətlə seçkidən imtina edir

Əvvəlki yazılarımızda da qeyd etmişdik ki, parlament seçkilərinin vaxtı yaxınlaşdıqca əsl mənzərə daha çılpaq şəkildə görünəcək. Təbii ki, beynəlxalq aləmin seçki müşahidəçiliyindən imtinası, real müxalifətin seçkiləri boykot etməsi ilkin siqnal idi. Amma hakimiyyətin süni rəqabət görüntüsü yaratmaq cəhdi və sonrakı mərhələdə bu “rəqabət”in əriməsi bir daha göstərdi ki, noyabrın 1-də ölkədə siyasi şou keçiriləcək.

Ilkin mərəhələdə 1246 nəfərin namizədliyi qeydə alınmışdı. Qısa müddətdən sonra 230 nəfərin namizədliyini geri götürdüyü məlum oldu. Həm “arxalı namizədlərin” təzyiqi, həm də seçiləcək şəxslərin siyahısının öncədən məlum olması sürətli imtinalara yol açdı. Amma bu proses 230 nəfərin məyusluğu ilə yekunlaşmadı. Son məlumatlara görə, 475 nəfər namizədlikdən imtina edib. Deməli, hazırda 771 nəfərin namizədliyi qüvvədədir. Amma bu da son deyil. Böyük ehtimalla növbəti günlərdə imtinaların sayı artacaq. Vaxt azaldıqca namizədlərin seçkiyə inamı tam ölür, adamlara “özünüzü yormayın” mesajı verilir.

Əslində seçkilərdə iştiraka qərar vermiş, namizədliyi qeydə alınmış şəxslərin birdən-birə namizədlikdən imtina etməsi absurd görünə bilər. Amma Azərbaycan reallığında baş verənləri təbii də qarşılamaq olar. Azərbaycan yeganə ölkədir ki, “mandat alveri” ifadəsi mövcuddur, yaxud seçiləcək şəxslərin kimliyi 3 ay öncədən məlum olur.

Bir daha qeyd edirik ki, ödənişsiz efir vaxtının ləğvi, ödənişli efir vaxtı üçün fantastik qiymətlər qoyulması, ictimai-siyasi proseslərə aidiyyəti olmayan şəxslərin namizədə çevrilməsi və nəticədə 475 nəfərin namizədliyini geri götürməsi bu seçkinin qeyri-ciddi obrazını bir daha möhkəmləndirdi.

Elə bir durum yaranıb ki, deputat olmaq deyil, deputatlıqdan imtina etmək qazanc sayılır. Həm adamlar əbəs yerə pul xərcləmək istəmir, həm də saxta seçkidən imtina etdiyinə görə özünə imic qazanır.

Beləliklə, seçkiyə 12 gün qalmış 1246 nəfərlik siyahı 771-ə düşdü. Bu sürətlə davam etsə, seçkiyə 125 nəfər namizədlə qatılacaqlar. Istənilən halda bu seçkiyə legitimlik qazandırmaq mümkün olmayacaq. Onu da nəzərə alaq ki, qalan 12 gün ərzində də müəyyən “sürpriz”lər ola bilər.

Bir sözlə, 1 noyabr seçkisinə istənilən adı vermək olacaq. Amma “bu, seçki idi” demək mümkünsüz görünür./azadlıq/
635 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber