Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2015

Təhlükəsizlik nazirliyi təhlükədə

Mədət Quliyevin MTN-ə təyinatı nəyi dəyişəcək?

MTN şefi Eldar Mahmudovun vəzifədən azad edilməsi və bununla bağlı olaraq MTN-də baş verənlər 4-5 gündür ki, ölkədə əsas müzakirə mövzusudur. Ötən yazılarımızda da qeyd etmişdik ki, baş verənlər Azərbaycan hakimiyyətinin mahiyyətini ifadə edir və rejimin bütün kadrlarının tərcümeyi-halı “qara”dır. Yəni, bugünə qədər “vurulan” bütün vəzifəlilər haqqında cinayət dosyeləri ortaya çıxıb.

Amma məsələnin hələ də gizli qalması ölkədə vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Yəni, ölkənin əsas strukturlarından birində hadisələr cərəyan edir və 4-5 gün keçməsinə baxmayaraq, heç bir ağlabatan məlumat verilmir. Sadəcə olaraq bir müddətdən sonra rəsmi məlumat yayılır ki, 7 nəfər vəzifəli şəxs həbs olunub. Hətta bu adamların adını da çətinliklə açıqlayırlar. Deməli, dövlətin təhlükəsizliyinə cavabdeh olan qurumun rəhbəri “vurulur”, qurumda ciddi dəyişikliklər aparılır, hökumət təmsilçiləri korrupsiyadan, vəzifə səlahiyyətlərini aşmaqdan, yarıtmaz fəaliyyətdən dəm vurur və əsl səbəb açıqlanmır.

Vəziyyət o həddə çatıb ki, kimin-kimdən xoşu gəlmirsə, MTN-lə bağlayır. Artıq MTN ən qeyri-ciddi, bardaq bir qurum kimi təqdim olunmağa başlayıb. Məlumatlara görə hətta Ermənistan mətbuatı da MTN-də baş verənlərdən yazır. Bütün dünya görür ki, ölkənin millət vəkilləri, rəsmi qurumları təhlükəsizlik sisteminin qeyri-ciddi bir qurum olduğunu sübut etməyə çalışır.

Beləliklə, məlum olur ki, dövlətin təhlükəsizliyi təhlükəli vəziyyətdədir, başsız insanların əlindədi.

Digər tərəfdən bu hay-küyün qoxusu getməmiş, MTN-də yeni təyinat baş verir. Bəli, yeni nazir təyin olunmamış, nazirin müavini təyin olunur. Bəli, Penitensiar xidmətin rəisi Mədət Quliyev Milli Təhükəsizlik nazirinin müavini təyin olunur. Məsələ burasındadır ki, bu şəxsin problemli bir struktura təyinat almasının özü absurd görünür. Çünki, Mədət Quliyevin rəhbərliyi dövründə Penitensiar Xidmət “ad çıxardıb” və siyasi quruma çevrilib. Belə ki, bu qurum siyasi məhbuslardan əfv ərizəsi alan, adamları “verbovka” edən mərkəzə çevrilib. Ümumiyyətlə, son vaxtlar ən qalmaqallı xəbərlər bu qurumda baş verir. Bu qurumdakı korrupsiya halları, dustaqlara işgəncə verilməsi mətbuatda tez-tez işıqlanır. Belə bir reputasiyası olan şəxsin mühüm bir posta təyin edilməsi göstərir ki, məqsəd MTN-də şəffaflıq yaratmaq deyil. Həqiqətəndə təhlükəsizlik sistemindəki çatları qapamaq niyyəti olsaydı, tamam başqa addımlar atılardı. Bu adam isə bütün təhlükəni müxalifətdə axtarır və siyasi məhbusların “təhlükəsizliyin” təmin edir.

Deməli, Eldar Mahmudovun “vurulmasının”, MTN zabitlərinin həbs edilməsinin səbəbi, hansısa qanunların pozulması deyil. Böyük ehtimalla bu “hay-həşir”in arxasında şəxsi intriqalar, şəxsi maraqlar dayanır. Yəni, hansısa “qırmızı xətt” keçilib və bağışlanmayıb.

Istənilən halda belə bir güc strukturunda baş verənlərə bu qədər qeyri-ciddi münasibət, bu qədər qeyri-ciddi təyinat göstərir ki, bu ölkə ciddi təhlükə altındadır və idarəetmə bazar təfəkkürlü adamların əlindədir./azadlıq/
556 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 10:26