Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2015

Eldar Mahmudovun “brilyant əli” üzə çıxdı

MTN-in daha 4 general işdən qovuldu: “təmizləmə” davam edəcək; Ölkə rəhbərliyi MTN-in bütün strukturlarında başlamış yoxlamaların mümkün qədər tez yekunlaşmasını istəyir ki, bu da səbəbsiz deyil - komandada gərginlik pik həddə; MTN-in Səfər Əbiyevi həbs etmək niyyəti olub, amma...; 2 milyard dollar ölkədən necə və hansı yolla çıxarılıb?


Oktyabrın 17-də nazir Eldar Mahmudovun işdən azad edilməsi ilə başlamış “təmizləmə” Milli Təhlükəsizlik Nazirliyinin bütün strukturlarını əhatə etməkdədir. Baş Prokurorluqda nazirliyin ayrı-ayrı vəzifəli şəxsləri haqqında cinayət işi qaldırılıb, həbslərin davam edəcəyi bildirilir. İstintaq-əməliyyat qrupuna rəhbərlik baş prokurorun müavinin Rüstəm Usubova həvalə edilsə də, məlumatlara görə, əsas iş Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini Bəylər Əyyubova tapşırılıb.

“Təmizləmə” və istintaq davam edir


Yeri gəlmişkən, MTN-də əməliyyatlarla bağlı yeni məlumatlar yayılıb. Məlumatlarda deyilir ki, MTN-də xüsusi əməliyyat prezident İlham Əliyev Qazaxıstana getməmişdən öncə, dövlət başçısının birbaşa nəzarəti altında olduqca məxfi şəraitdə hazırlanıb və keçirilməsi üçün uyğun vaxt seçilib.

MDB dövlət başçılarının sammitindən qayıtdıqdan dərhal sonra prezident əvvəl Eldar Mahmudovu Prezident Administrasiyaya çağırtdıraraq, onun rəhbərlik etdiyi qurumda böyük cinayətlərə yol vermiş dəstənin törətdiyi və birbaşa ölkənin maraqları əleyhinə yönəldilmiş fəaliyyətlərini əks etdirən qovluğu ortaya qoyub, onu vəzifəsindən azad etdiyini bildirib və bu məsələdə hesabat verməsini tələb edib. Eyni zamanda, Xüsusi Dövlət Mühafizə Xidmətinə MTN-də və şəhərin bir neçə yerində qəfil əməliyyat keçirmək, artıq əvvəlcədən nəzarətə götürülən şəxslərin saxlanılaraq, istintaqa cəlb edilməsi göstərişini verib...

Məlumata görə, ilkin olaraq məhz o şəxslər saxlanılıblar ki, onların izahat və ifadələri MTN içərisindəki böyük bir qrupun illərlə törətdiyi bütün cinayətlərə aparıb çıxarmaq, onları çözmək imkanı verir və yəqin ki, çox yaxın gələcəkdə daha bir neçə general həbs olunacaq.
Oktyabrın 23-də MTN-də daha bir neçə generalın işdən uzaqlaşdırıldığı məlum olub. Belə ki, Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov, Baş İdarə rəisi, general-mayor Tarverdi Məmmədov, Baş İdarə rəisi, general-mayor Pərviz Səfərov, Hərbi Hissə komandiri, general-mayor Vüqar Allahquliyev, MTN-nin Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev, Kadrlar İdarəsinin rəis müavini, polkovnik Tehran Babatov və Nazirliyin Xətai, Pirallahı, Masallı rayon şöbələrinin rəisləri tutduğu vəzifələrindən azad olunaraq sərəncama götürülüblər.

İqtidardaxili savaş niyə qızışıb?

“Yeni Müsavat”ın hakimiyyətə yaxın mənbələrdən əldə etdiyi bilgilərə görə, ölkə rəhbərliyi MTN-in bütün strukturlarında başlamış yoxlamaların mümkün qədər tez yekunlaşmasını, qurumun stabil iş rejiminə qayıtmasını və proseslərin səngiməsini istəyir ki, bu da səbəbsiz deyil.

Xəbərlərə görə, MTN-də baş verənlər hakimiyyətin içərisində gözlənildiyindən də daha artıq “bomba partlayışı” effekti yaradıb, “qəlpələri çox adamı yaralayıb”, bir sözlə, daxili qruplaşmalar arasındakı gərginliyi pik həddə artırıb. 11 ildir nazir olan və özünə proseslərə təsir edə biləcək şəbəkə yaratmış E.Mahmudovun qəfil sıradan çıxarılması iqtidardaxili balansı başqa oliqarx-qrupların xeyrinə dəyişib, bütün komanda silkələnib.

Proseslərin axarından narazı olanlar səslərini çıxarmırlar və özlərini qorumağa çalışırlar. E.Mahmudovdan sitəm görənlər isə sabiq nazirin ən uzaq qohumunun belə vəzifədən uzaqlaşdırılmasını, onun daha sərt cəzalandırılmasını istəyirlər. E.Mahmudovun sıradan çıxarılmasından sonra onun rəhbərlik etdiyi struktur haqda demək olar ki, hər gün yeni-yeni ittihamlar yayılır, yeni faktlar ortaya çıxır.

Səfər Əbiyevlə MTN-də “kəsişən yollar”...

Oktyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmədə də Eldar Mahmudova ünvanlı sensasion ittiham səslənib.

Mehman Səlimov məhkəmədə çıxış edərək MTN-i ittiham edib: “O vaxt məni MTN-də dindirəndə dedilər ki, Səfər Əbiyevin üzünə dur, mən durmadım. Çünki onu işdən azad edəndən sonra tutmaq istəyirdilər. Mən bunu etmədim, onun üzünə durmadım. Ona görə mənə cinayət işi açdılar”.

S.Əbiyev işdən çıxarıldıqdan sonra Müdafiə Nazirliyində də həbslər başlamışdı və sabiq nazirin də hədəfdə olduğu iddia edilirdi. Hətta mediada MTN-in S.Əbiyevi ev dustağı etdiyi barədə iddialar da vardı. S.Əbiyevin həbsinin yalnız E.Mahmudovun marağında olduğunu iddia etmək real deyil. Çünki bu cür sanksiyalara MTN rəhbəri heç vaxt təkbaşına qərar verə bilməzdi. Amma nazirlərə aylıq haqq qoyduğu barədə iddialar gerçəksə, belə görünür ki, ölkə rəhbərliyinin yanındakı etimaddan yaralanan E.Mahmudov sabiq müdafiə nazirini bir neçə gün olsa belə MTN zirzəmisində saxlamağa həvəsli ola bilərdi.

Məlumat üçün deyək ki, onların hər ikisi nazir işlədiyi dövrdə bir-birləri ilə münasibətləri “salam-sağ ol” səviyyəsində olub, S.Əbiyev E.Mahmudovun hərbi hissələrə öz adamlarını yerləşdirməklə Müdafiə Nazirliyində baş verənləri nəzarətdə saxlamasından narahat və narazı olub. 2009-cu ildə Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayevin qətlindən sonra MTN-in də araşdırdığı cinayət işi ilə bağlı S.Əbiyevə narahatlıq yaradılıb.

Brilyant biznesini kimin adına çıxırmışlar?

Daha bir ilginc iddia isə MTN-in “brilyant əməliyyatı” ilə bağlıdır. Məlumatlara görə, sabiq nazirin əsas gəlir yerlərindən biri brilyant biznesi olub. Bu fakt bəzi dairələrə çoxdan məlum olsa da, bu biznesi işdən çıxarılanadək E.Mahmudovun nəzarətindən çıxarmaq mümkün olmayıb. MTN əməkdaşlarının aeroportda xüsusilə Dubaydan gələn sərnişinlərin ayaqqabısınadək axtarması yeni xəbər deyil.

MTN-in icazəsi olmadan ölkəyə bir karat belə brilyant keçirmək mümkün deyilmiş. Gizli olaraq bu işə girişmək istəyənlərin isə axırı yaxşı olmayıb, aeroportda ələ keçənlərin təkcə gətirdikləri yox, bütün var-dövləti əlindən alınıb.

Üstəlik, daş-qaşla ələ keçən adamlara deyilirmiş ki, bu tapşırıq hakimiyyətdəki çox nüfuzlu bir soyaddan gəlib və MTN-in brilyant biznesinə heç bir aidiyyəti yoxdur. Xəbərlərdə deyilir ki, sabiq nazirin bu biznesinə nəzarəti bir neçə gün əvvəl həbs olunan MTN-in idarə rəislərindən birinin müavini Füzuli Ələsgərzadə və MTN-in Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev həyata keçirirmiş. Bu biznesdən ildə milyonlarla dolların qazanıldığı da deyilir.

2 milyardı necə daşımaq olar?

İşdən çıxarılan və həbs edilənləri daha bir çətin sual da gözləyir. Eldar Mahmudovun Beynəlxalq Bank rəhbərliyində oturmuş qudası səbəbindən hökumətlə problemləri vardı, külli miqdarda kreditin həm də onun razılığı ilə müxtəlif adamlara verildiyi təsdiqlənmişdi. Bu ilin fevralında devalvasiya zamanı bunun baş verəcəyini öncədən bilən Mahmudov qudası, Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevlə əlbir olaraq, təxminən 2 milyard qazanc əldə edib və bu pulları təcili ölkədən çıxarıb ki, “Yeni Müsavat” da bu barədə bir neçə yazı dərc edib. Tanınmış blogger Həbib Müntəzir isə iddia edib ki, bu pullar offşor zonalarda keçmiş nazirə məxsus olan 3 zavod və bir neçə şirkətə köçürülüb. Hazırda keçmiş nazirdən ilk növbədə həmin 2 milyardı qaytarmaq tələb olunur. Ehtimal edilir ki, bu pulları ələ keçməmək üçün ölkədən bank üzərindən deyil, gizli şəkildə nağd olaraq çıxarılıb. Amma hansı yolla, hansı nəqliyyatla və necə çıxarılması sirr olaraq qalır./Yeni Müsavat/
534 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:31