Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2015

Azərbaycandan hər gün 50 milyon pul daşıyan mafiyanın arxasında MTN generalları dayanıb?

“Zaminbank” haqda 3 il 8 ay öncə yazıdıqlarımız bu gün təsdiqlənir; nazirliyin hava limanının sabiq rəisi bu qanunsuz puldaşımalara görə saxlanıb
Pərviz Vəliyevin tikinti maqnatı olan Rizvan adlı dayısı ilə Eldar Mahmudovu nə birləşdirib?


“MTN işi” haqda hər gün yeni-yeni xəbərlər yayılır. Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyində təmsil olunan generalların əməlləri haqda getdikcə daha müfəssəl bilgilər ortaya çıxır. MTN generalitetinin sahibkarları soymaqdan tutmuş, beynəlxalq miqyaslı qara biznes fəaliyyəti haqda danışılır. Məsələn, indi məlum olur ki, Azərbaycanda brilliant biznesinə Eldar Mahmudov nəzarət edirmiş və onun izni olmadan ölkəyə 1 karat olsun belə brilliant girə bilməzmiş.

Bu çetenin bank sektoruna da ciddi təsirləri olub. Özlərinin nəzarətlərindəki banklardan əlavə, digər bankların fəaliyyətinə də müdaxilələr ediblər. Məsələn, 2012-ci iliun martında “Texnikabank”la bağlı MTN-in əməliyyatı oldu. Bankı rəhbərliyi həbs edildi, həbs edilməyənlər isə işdən çıxarıldılar. Ardınca “Texnikabank” demək olar ki, yağmalandı. E.Mahmudov bu bankı qudası Cahangir Hacıyevin əli ilə tamailə öz nəzarətinə keçirdi. Ölkənin ən qabaqcıl 5 bankın biri olan “Texnikabank” C.Hacıyevin və onun barbar komandasının əliylə yerlə yeksan edildi. Artıq bu bank demək olar ki, tamamilə müflis edilib. Yada salaq ki, ötən həftə “Texnikabank”ın Müşahidə Şurasının rəhbəri Rövşən İsmayılov öz xahişi ilə tutduğu vəzifədən uzaqlaşıb.

MTN-in sabiq rəhbərliyinin nəzarətində olan banklardan biri də “Zaminbank”dır. Bu banka nəzarəti əsasən MTN-in Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin sabiq rəis müavini, hazırda məhkəmənin hökmü ilə 3 aylıq həbs cəzası almış Füzuli Əliyev edirmiş. Onun qardaşı sözügedən bankda filial müdiri vəzifəsində çalışır.

“Zaminbank” adı qara işlərdə hallanan banklardandı. Bu qurum haqda google-də axtarış verdikdə qarşımıza xeyli neqativ tonda yazılmış məqalələr çıxır. O məqlələrdən biri 2012-ci ilin fevralında musavat.com-da dərc olunub. 3 il 8 ay öncə yazılmış həmin məqaləyə göz atdıqda bu gün “MTN işi” ilə bağlı ortada olan xeyli iddialara aydınlıq gəlir. Həmin yazıdan bəzi iqtibasları verək:

““Zaminbank” hər gün 50 milyonu necə əridir?

Yazının girişində 18 fevral 2012-ci il tarixli sayımızdakı məqalə haqda söhbət açmışdıq. Bir daha xatırladaq ki, Rusiya hüquq-mühafizə orqanlarının Moskvada keçirdikləri əməliyyat nəticəsində Azərbaycandan qeyri-leqal yollarla nağd şəkildə milyonlarla dollar pul daşıyan bir neçə nəfər saxlanılıb. Yazı işıq üzü gördükdən sonra iqtidara kifayət qədər yaxın olan bir neçə vicdanlı millət vəkilləri, müstəqil iqtisadçılar bu mövzuda bizə bəzi ip ucları verdilər. Onların iddialarına görə, Rusiya üzərindən hər həftə 20-25 milyon dollar daşıyan və bunu offşor şirkətlər üzərindən “yuyaraq”, yenidən Azərbaycanın maliyyə sisteminə soxan bu dəstənin fəaliyyətinin bir ucu “Zamin Bank”a qədər gedib çıxır. İlgili mənbələrin “Yeni Müsavat”a sızdırdığı bilgilərdə deyilir ki, Moskvada keçirilən əməliyyatdan sonra Azərbaycandan nağd şəkildə, kisələrdə milyonlarla dollar pulun daşınması nəinki dayanmayıb, hətta azacıq da olsa, səngiməyib. Qaynaqlarımız deyir ki, “Zamin Bank” vasitəsilə hər gün 10 milyonlarla pul Bakıdan MDB ölkələrinə, həmçinin Türkiyəyə və Dubaya daşınır. Bəzi mənbələrin iddiasına görə isə “Zamin Bank” vasitəsilə Azərbaycandan hər gün qaçaq yollarla ən azı 50 milyon dollar nağd vəsait xaricə aparılır”.

Burada yada MTN-in hava limanı şöbəsinin sabiq rəisi Pərviz Vəliyev düşür. 23 oktyabr sayımızda P.Vəliyevin istintaqa cəlb olunması haqda məlumat vermişdik. Birgün sonra isə onun vəzifəsindən çıxarldığı və həbs edildiyi xəbəri yayıldı. İlkin məlumatlara görə, P.Vəliyevin işdən çıxarılması və saxlanılması Azərbaycandan qanunsuz və gizli şəkildə çıxarılan milyonlarla dollar vəsaitlə bağlıdır. Məlumatlı mənbənin iddiasına görə, MTN-in sabiq rəhbərliyi hava nəqliyyatı vasitəsilə indiyədək ölkədən qeyri-leqal yollarla 2 milyard pul çıxarıb. Bu xəbərlə 2012-ci ilin fevralında yazdıqlarımız arasında üst-üstə düşən məqamlar var. Amma hələlik bu istiqamətdə araşdırmalarımız davam etdiyindən mövzunu davam etdirəcəyik. Bu iddialarla bağlı “Yeni Müsavat” qəzeti rəhbərliyi “Zaminbank”a informasiya sorğusu yollamağı planlaşdırır.

Sonda onu bildirək ki, Pərviz Vəliyevin MTN-ə necə gəlib çıxması barədə əlimizdə maraqlı məlumatlar var. Etibarlılığı şübhə doğurmayan mənbələrdən “Yeni Müsavat”a daxil olan məlumata görə, P.Vəliyev vaxtı ilə rabitə sahəsində çalışıb. Sonradan yol verdiyi qüsurlara görə işdən qovulub. Pərvizin dayılarının tikinti maqnatı olduğu deyilir. Rizvan adlı dayısının (soyadını dəqiqləşdirə bilmədik-red.) paytaxt Bakıda həyata keçirilən iri tikintilərə rəhbərlik etdiyi deyilir. Hazırda Heydər Əliyev prospektində, “Şəfa” stadionunun yaxınlığında inşa olunan böyük sağlamlıq mərkəzinin tikintisinin məhz Rizvanın şirkətinin həyata keçirdiyi bildirilir. Rizvanın Eldar Mahmudova yaxın olduğu da iddia olunur. Deyilənə görə, o, rabitə sahəsində işdən qovulan bacısı oğlunu məhz E.Mahmudovla yaxınlığına görə MTN-ə işə düzəldib. Mənbəmizin dediyinə görə, Pərviz Vəliyev əslən Mehri rayonundandır. Onlar məşhur Nüvədi kəndindəndirlər.
361 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber