Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2015

Mingəçevirdə silahlı insident: ölən və yaralanan var

Mingəçevirdə məcburi köçkünlər üçün salınmış qəsəbədə silahlı insident baş verib.
Hadisə şahidlərinin verdikləri məlumata görə, Ağdam rayonundan məcburi köçkün olan 31 yaşlı Şakir Əhmədov həmyerlisi Bəxtiyar Rəhimov qəsəbənin ərazisində olan mağazanın arxasına çağırıb. Bir neçə dəqiqə sonra atəş səsi eşidilib. Sinəsindən iki güllə yarası alan Bəxtiyar Rəhimov yerə yıxılıb.
Daha sonra atəş səsini eşidib onlara tərəf qaçan Bəxtiyar Rəhimovun qardaşı Rövşən Rəhimovu da güllələyib. Güllələrdən biri Rövşənin ayağına, digəri isə əlinə dəyib.
“Durub söhbət edirdik. Qardaşım da məndən 2-3 metr aralıda söhbət edirdi ayrı bir uşaqla. O da keçdi, salam əleyküm etdi Elə qəfildən tapança səsi gəldi. Mən yüyürdüm 2-3 dənə də mənə atdı”, – Rövşən Rəhimov bildirib.
Şakir Əhmədov hadisə yerindən qaçıb. 31 yaşlı Bəxtiyar Rəhimov Mingəçevir Mərkəzi xəstəxanasına çatdırmaq istəsələr də o yolda dünyasını dəyişib.
Rövşən Rəhimova tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Mərhumun atası Elmidar Rəhimovun sözlərinə görə, əvvəllər oğlanları ilə hadisəni törədən şəxsin arasında heç bir münaqişə yaşanmayıb. Əksinə uzun müddətdir qonşu kimi normal münasibətləri olub.
“Onların bir ədavəti olmayıb. İkisi də cavandırlar. Nə isə bəlkə sözləri çəpləşib deyə bilmərəm. O, 8-ci binada olur, mən 9-cu” – deyə mərhumun atası Elmidar Rəhimov bildirib.
Mərhum Bəxtiyar Rəhimov ailəli olub. İki azyaşlı iki övladı var.
Qəsəbə sakinlərindən əldə etdiyimiz məlumata görə, qətildə şübhəli bilinən Şakir Əhmədov Mingəçevir şəhərində yerləşən Ağdam köçkün məktəblərinin birində fizika müəllimi işləyir. Mingəçevir polisindən əldə etdiyimiz məlumata görə, hadisədə istifadə olunan silah kustar üsulla hazırlanmış tapança olub. Hazırda polis Şakir Əhmədovun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./ans/
479 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.1