Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2015

“İlham Əliyev tiranların aqibətini göz önünə gətirsin”

“Azərbaycanda bir gün dəyişikliklər olacaq! Mütləq olacaq, mən buna inanıram, əminəm!”

Oktyabrın 27-də Şirvan Apellyasiya Məhkəməsində hakim İsmayıl Əhmədovun sədrliyi ilə vicdan məhbusu, AXCP fəalı Murad Adilovun şikayətinə baxılıb. O, bu ilin may ayının 14-də Lənkəran Ağır cinayətlər Məhkəməsinin qərarı ilə 6 il azadlıqdan mərhumetmə cəzasına məhkum edilmişdi.

Prosesdə əvvəlcə müdafiə tərəfin vəsatəti üzrə Azercell-ə göndərilmiş sorğunun cavabları elan olunub. Bu sorğu Sabirabad rayon Polis Şöbəsinin sahə müvəkkili Vaqif Sultanovun ötən ilin avqust ayının 11-də mobil telefonuna giriş-çıxış zənglərinin və həmin zənglərə görə onun harada olmasının müəyyən edilməsi məqsədi ilə edilmişdi. Müdafiə tərəfinin şahidi Cavid Əzizovun ifadəsində Murad Ədilov saxlanılan zaman sahə müvəkkilinin həmin yerə gəlməsi bildirilirdi, Vaqif Sultanov isə ifadəsində orada olmadığını deyimişdi. Sorğuya verilən cavabla müdafiə tərəfinin haqlı olduğu sübut olunub.

Vəkil daha sonra Murad Ədilovun həbsinin əsassız olması ilə bağlı 15 dəlili məhkəmə heyətinin nəzərinə çatdırılıb. İttihamı müdafiə edən prokror bu dəlillərin heç birinə cavab verə bilməyib.

Murad Ədilov da öz çıxışında günahsız yerə həbs edildiyini bildirib. Deyib ki, qardaşı Natiq Ədilovun peşə və siyasi fəaliyyətinə görə həbs olunub:

“Bu gün Azərbaycanda elə bir vəziyyət yaranıb ki, haqq sözü deyən şərlənir, müxtəlif qondarma ittihamlarla həbsə atılır. Mənim ittiham olunduğum 234-cü maddə el arasında “milli statya” adını alıb. Cəbhəçilərə, düz söz deyənlərə mütləq bu maddə yapışdırılır.

Mən həbs olunarkən mənə bildirdilər ki, səni qardaşına görə həbs edirik. Mən özüm AXCP-nin üzvüyəm, qardaşım Natiq Ədilov isə AXCP mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzetinin əməkdaşı, eyni zamanda “Azərbaycan saatı” proqramının aparıcısıdır. Mənə dedilər ki, Natiq bizdən yazmasın, bizi tənqid etməsin.

Sizə də gün kimi aydındır ki, mənim heç bir təqsirim yoxdur, həbsim siyasi sifarişdir. Vəzifə bu gün var, sabah yoxdur. Bu gün ölkədə baş verən hadisələr də göstərir ki, heç kim həbs olunmaqdan sığortalanmayıb. Ona görə də bir daha sizi barəmdə ədalətli qərar çıxarmağa dəvət edirəm.

Mənim Allahdan başqa heç kimdən, heç nədən qorxum yoxdur. Yolum Azərbaycanı oğru, korrupsioner, cinayətkar rejimdən xilas etmək və demokratiya uğrunda mübarizə yoludur.

Elə bir rejim yaradıbsınız ki, sanki bura Azərbaycan yox, Bazarbaycandır. İlham Əliyev tiranların aqibətini gözünün önünə gətirsin. Səddam Hüseyn, Qəddafi, Hüsnü Mübarək və digər tiranların hamısının boğazına kəndir keçirildi. Heç kim bu aqibətdən sığortalanmayıb.

Bu məmləkət, bu torpaq, bu dövlət bizimdir. Niyə bizə öz vətənimizdə yaşamaq imkanı vermirsiniz? Haqq sözü deyəni həbsə atırsınız. Erməni gəlib Azərbaycanda rahat yaşa bilər, bizlər yox? Bəlkə düşünürsünüz ki, bizlər də gedib Ermənistanda yaşamalıyıq? Xeyr! Azərbaycanda bir gün dəyişikliklər olacaq! Mütləq olacaq, mən buna inanıram, əminəm!

Bu gün Azərbaycanda polis rejimi yaradıbsınız. Polis asayişi qorumaq, insanların təhlükəsizliyini təmin etmək əvəzinə qorxunc cəza alətinə çevrilib. Polis görənlər qaçıb gizlənmək istəyir, çünki bilirlər ki, cibinə narkotika atıb, şərləyəcəklər.
Mən həbs olunarkən də evimə 100 nəfər polis hücum edib, anamı, ailəmi, övladlarımı saatlarla basqı altında saxlayıb, onlara psixoloji təzyiqlər ediblər. Bu hadisədən sonra bir ay uşağım stressdən danışa bilməyib. Barəmdə çıxarılan 6 il həbs cəzası hökmünü müdafiə edən prokurordan soruşuram, sizin ailənin başına bu oyunu açsaydılar, nə edərdiniz? Heçmi Allahdan qorxmursunuz? Heç bir günahım olmadan məni 3 körpə övladıma, övladlarımı mənə həsrət qoymusunuz! Nədir onların günahı?

Bu gün MTN-də baş verənlərdən nəticə çıxarın! Sıra hamınıza gələcək, hələ o biri oliqarxların, nazirlərin də növbəsi çatacaq . Sizin də həmçinin. Unutmayın ki, İlham Əliyevə və onun ailəsninə can-başla xidmət edən MTN generalları bu gün həbsə atılırsa, sizi də o gün gözləyir. Çünki tiran rejimlərinin mahiyyəti budur! Ən böyük tiran isə İlham Əliyevdir!..”.

Məhkəmə heyəti müşavirəyə gedərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.

Məhkəmədə AXCP rəhbərliyinə daxil olan şəxslər, həmçinin AXCP Şirvan və Sabirabad şöbələrinin fəalları da iştirak edib./azadlıq/
425 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16,