Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2013

SOCAR-dakı sirli Əliyevlə bağlı yeni məlumatlar üzə çıxdı

Rövnəq Abdullayevin ölkədən çıxması xəbəri yayıldı
Neft biznesində adı keçən Anar Əliyevin Moskvada da hüquq firması varmış; Azərbaycanın əsas gəlirli dövlət kompaniyası bir neçə qohumun arasında bölünübmüş; Neft Şirkətinin prezidentini Bakıdan aparan əsl səbəb nədir və o, niyə susur?
Dekabrın 10-da Böyük Britaniyanın “Global Witness” təşkilatının Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlı təqdim etdiyi hesabatda Azərbaycan neft sənayesinin başındakı gizli fiqur kimi göstərilən Anar Əliyevlə bağlı yeni məlumatlar üzə çıxıb. Öncə qeyd edək ki, Rövnəq Abdullayevin dayısı oğlu olduğu iddia edilən Anar Əliyevlə bağlı, nəhayət, SOCAR mövqe bildirilib.

Əslində bütün ölkəni silkələyən bu xəbərə R.Abdullayevin özünün münasibət bildirməsinin vacib olduğu halda SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev danışıb. N.Quliyev BBC-nin Azərbaycan xidmətinə deyib ki, “Global Witnes” təşkilatının hesabatında göstərilən məsələlər barədə heç nə bilmir: “Anar Əliyevin adını bu günə qədər eşitməmişəm və mən heç vaxt elə bir təşkilatla danışmamışam”.
Şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov da BBC müxbirinin hesabatla bağlı sualından yayınaraq “mətbuat xidməti ilə əlaqə saxlamağı” tövsiyə edib. SOCAR-ın Londondakı ofisindən də iddialardan “xəbərsiz” olduqları və Anar Əliyev adlı şəxsi tanımadıqları bildirilib.

Məlumatlara görə, R.Abdullayev özü ölkədə yoxdur. AFFA prezidenti olan R. Abdullayev dekabrın 10-da İstanbulda “Qalatasaray”-"Yuventus" oyununu izləyənlər arasında olub. AFFA-da işləyən yüksək vəzifə sahibinin rekord.az-a verdiyi məlumata görə, Rövnəq Abdullayev İstanbula tək getməyib. Rekord.az yazır ki, R.Abdullayev ailə üzvlərini və yaxın qohum-əqrəbasını da bu qarşılaşmanı izləmək üçün İstanbula aparıb. R. Abdullayev bunun üçün çarter reysi sifariş edib. 75 nəfərin olduğu təyyarədə SOCAR prezidentinin ailə üzvləri, qohum-əqrəbası ilə yanaşı, AFFA-nın və ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov, AFFA İcraiyyə Komitəsinin üzvü, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov da olublar.

Burada daha maraqlı və həm də təbii suallar ortaya çıxır: R.Abdullayev qohumu olduğu deyilən Anar Əliyevi də futbola baxmağa dəvət edibmi?(Qeyd edək ki, güclü qar səbəbindən oyun həmin gün təxirə salınıb). İkincisi, R.Abdullayev niyə şəxsən bu ciddi məsələyə reaksiya vermir, Yəni ortaya çıxıb, “filankəs mənim qohumum deyil və hesabatda göstərilənlər yalandır” demək bu qədər çətin işdirmi? Bunu SOCAR prezidenti İstanbulda deyil, hətta dünyanın ən ucqar nöqtəsində də edə bilər. Belə görünür ki, R.Abdullayev boksda noktauna düşən idmançı kimi “özünə gəlmək üçün” zaman götürüb. Bu faktlar SOCAR prezidentinin hakimiyyətin ortaq ödənəyindən pul yayındırdığını üzə çıxarıb və əslində məntiqlə R.Abdullayev futbola baxmağa deyil, özünə daha ciddi müdafiə arqumentləri hazırlamağa vaxt sərf etməlidir. Əlbəttə, əgər bu boyda həngamədən lap yuxarılar xəbərsiz olubsa...

Maraqlıdır ki, hakimiyyətə kifayət qədər sərt mövqe sərgiləyən bəzi siyasi dairələrə bağlı media və adətən belə sensasion hesabatlardan sonra Azərbaycan prezidentini hədəf alan bəzi Qərb maraqlarının müdafiəçiləri də sanki bu məsələnin tezliklə unudulmasına, gündəmdən çıxmasına çalışırlar. Niyəsi bizim üçün maraqsız olsa da, sadəcə, bu fakta diqqət çəkməyi lazım bildik.

Xatırladaq ki, 1978-ci ildə Naxçıvan şəhərində anadan olan Anar Əliyevin atası Nüsrət Əliyev ARDNŞ prezidenti Rövnəq Abdullayevin doğma dayısıdır. Bundan əlavə, hesabatda adı keçən Anar Əliyevin qardaşı Nihat Əliyev hazırda SOCAR-ın satış direktorudur. Anar Əliyevin 1976-cı il təvəllüdlü qardaşı Bədəl Əliyev isə hesabatda göstərildiyi kimi, SOCAR İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer vəzifəsində çalışır. Anar Əliyevin daha bir qardaşı, Nicat Əliyev isə SOCAR-da rəsmi işdə çalışmasa da, onun da neft şirkətinə bağlı işlərlə məşğul olduğu bildirilir.
Azpolitika.info da etibarlı mənbə ilə dəqiqləşdirib ki, Rövnəq Abdullayevin Nüsrət və Azad adlı 2 dayısı var. Onların hər ikisinin övladları SOCAR-da mühüm postlar tuturlar. “Azad Əliyevin oğlunun cəmi 25 yaşı var, amma SOCAR-da çox yüksək vəzifə tutur. Anar Əliyev şirkətdə Rövnəq Avdullayevin özü və vitse-prezident Mikayıl İsmayılovdan sonra əsas söz sahibidir”, deyə, mənbə sayta bildirib. Saytdan daha bir sitat: “Ata tərəfdən Rövnəq Abdullayevlə qohum olan A.Əliyevin anası Şərur rayonunun Axaməd kəndindən, məşhur Aşurovlar nəslindəndir. Bu nəslin bir çox nümayəndələri SOCAR və digər dövlət strukturlarında yüksək vəzifələrdə çalışırlar.

Anar Əliyevin dayısı Mehman Aşurov MTN-də rəisdir. Dayısı oğlu Mahir Aşurov SOCAR-ın Təhlükəsizlik İdarəsində Həmkarlar İttifaqının sədridir. Ceyhun adlı xalası oğlu isə ARDNŞ-in Sumqayıtda yerləşən zavodlarından birinin direktorudur. Ümumilikdə Anar Əliyevin onlarla yaxın-uzaq qohumu ARDNŞ-də mühüm vəzifələrdə təmsil olunurlar. 30-a yaxın SOCAR yanacaqdoldurma məntəqəsinə Anar Əliyevin yaxın qohumları - Əziz, Cavid, Elvin Aşurovlar və başqaları rəhbərlik edirlər".

“Global Witness”in yaydığı “Anonim Azərbaycan” adlı hesabatda Anar Əliyevin ARDNŞ ilə əlaqəsi olan “ən azı 48 yüksək mənfəətli sövdələşmədə” 100 milyon dollar qazandığı iddia olunur.

“Global Witness” təşkilatının axtardığı müəmmalı neft baronunun adı Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun açıqladığı offşor sirlərdə də yer alır. Londonda yerləşən “Global Witness” təşkilatının axtardığı və Azərbaycan neftinin dünya bazarında satışını həyata keçirən, hörümçək toruna bənzəyən offşor şəbəkənin başında duran Anar Əliyevlə bağlı daha bir offşor sirri üzə çıxıb.

Virtualaz.org saytı araşdırıb ki, Rövnəq Abdullayevin dayısı oğlunun Moskvada hüquq şirkəti də varmış. Bu məlumat qərargahı Nyu-Yorkda yerləşən Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (İCİJ) bu ilin əvvəllərində açıqladığı offşor sirlərə dair məlumat bazasında yer alır. http://offshoreleaks.icij.org saytında axtarış apararkən Anar Əliyevin adına rast gəlinir: Aliyev N.Anar (Əliyev Anar Nüsrət oğlu).

Həmin şəxs “Moscow Law Agency” adlı şirkətin təsisçisi və direktoru kimi göstərilir. Şirkət 2007-ci ildə qeydiyyatdan keçib. Ünvanı belədir: Moscow Law Agency Zemlyanoy Val, 72 Bldg. 2, “RK-Audit” Moscow 109004 Russia RT BVI.

Şirkətin direktoru kimi A.Əliyevlə yanaşı Fəxrəddin İsmayılov (İsmailov S. Fakhraddin) də göstərilir. “Moscow Law Agency” şirkətinin səhmdarı olaraq isə “Gulf Geofizik FZC” adlı offşor şirkət göstərilib. Bu şirkətin səhmdarı olaraq isə öz növbəsində “Middle East Geophysics Corp.” göstərilir. Bu hüquq şirkətinin A.Əliyevin Azərbaycan neftinin satışını həyata keçirən dolaşıq offşor şəbəkəsinə hansı bağlılığının olduğu məlum deyil.
Mövzuya qayıdacağıq. /musavat/
2065 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
29.11.16,