Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2015

Zəngilanın işğalından 22 il ötür

Bu gün Zəngilanın işğalından 22 il ötür. 1993-cü il oktyabrın 29-da erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında sonuncu rayonun - Zəngilanın işğalını başa çatdırıblar. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən və mühüm strateji əhəmiyyətə malik Zəngilan rayonunun ərazisi 700 kvadrat km, əhalisi isə 35 mindən çox olub.

Azərbaycanın cənub-qərbində yerləşən Zəngilan Ermənistan və İranla həmsərhəddir. Rayon ərazisinin əsas hissəsi dağlardan və çaylardan ibrətdir. Zəngilanda qızıl, tikinti daşları və əhəng kimi faydalı qazıntılara malikdir. Dünyada sayılıb seçilən bir neçə çinar meşəsindən biri də bu rayonda yerləşir.

Zəngilan rayonu eyni adlı şəhərdən, Mincivan qəsəbəsindən və 81 kənddən ibarətdir. Rayonda 14 tibbi müəssisəsi, 11 uşaq bağçası, 62 ümumtəhsil məktəbi, 23 klub, 8 mədəniyyət evi, 3003 min tom kitab saxlanılan 50 kitabxana olub. Zəngilanın iqtisadiyyatının əsasını kənd təsərrüfatı- üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. 1988-ci ildə Zəngilan rayonu 1,1 min ton tütün, 16,3 min ton üzüm və 4,6 ton taxıl istehsal edib. Bir heyvandarlıq rayonu olaraq, Zəngilanda 1989-cü ilin məlumatına görə, 18 min baş iri, 94,9 min baş xırdabuynuzlu mal-qara olub. Həmin il 519 ton ət, 3063 ton süd, 20 ton yun istehsal edilib. İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağıdılıb. Naxçıvan istiqamətində Bakı-Naxçıvan-İrəvan dəmiryol xəttinin Mehridən keçən 41 kilometrlik ərazisi blokadaya alınıb.

Zəngilan birinci Qarabağ savaşında 188 şəhid verib. Bugünədək rayonun 44 sakini itkin düşmüş sayılır. Zəngilanın işğal olunmasından bir müddət əvvəl bütün texnika ərazini tərk edib. Beləliklə, rayon özünümüdafiə dəstələrinin ümidünə qalıb. Lakin onlar da erməni silahlı birləşmələrinin qarşısında aciz olublar. Nəhayət, erməni tankları dörd tərfdən rayona hücuma keçiblər. Ermənilərin Zəngilanda ikinci Xocalı faciəsini törətmək istəyi alınmayıb. Belə ki, sakinlər cəld tərpənərək özlərini Araz çayına atmaqla İran ərazisinə keçiblər və bununla da gözlənilən növbəti soyqırımından xilas olublar.
631 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber