Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2015

Hansı inkişafımıza paxıllıq edirlər?

İlham Əliyev böhranlı günlərdə də yumor hissini itirmir

Vəziyyət o həddə çatıb ki, hakimiyyət öz yalanlarına inanmağa başlayıb. Bəli, 22 il ərzində o qədər yalan təbliğatı aparılıb ki, artıq hakimiyyət bunu norma kimi qəbul edir. Məsələn, ölkədə nə baş verməsindən asılı olmayaraq hökumət “sürətlə inkişaf edirik” şüarından ayrıla bilmir. Ilham Əliyev isə bütün çıxışlarında bizi inandırmağa çalışır ki, dünyada bizə rəqib olacaq ikinci ölkə yoxdur. Oktyabrın 28-də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışındakı çıxışı zamanı da ölkə başçısı ənənəsinə sadiq qalıb:


“Bu gün Azərbaycan iqtisadiyyatı dünya miqyasında bir nümunə kimi göstərilir, hətta böhranlı illərdə bizim iqtisadiyyatımız artır, bu il də artacaqdır. Bizim kifayət qədər böyük maliyyə resurslarımız vardır, onlardan qənaətlə istifadə edirik, ölkəyə, xalqa lazım olan bu kimi layihələrə yönəldirik. Son illər ərzində iqtisadi inkişaf templərinə görə dünyada bizə bərabər ikinci ölkə yoxdur. Vaxtilə paxıllar, bəzi dairələr, bizim işimizə kölgə salmaq istəyənlər uğurlarımızı neftlə bağlayırdılar. Indi neftin qiyməti iki dəfədən də aşağı düşüb, amma biz yenə də inkişaf edirik, yenə də nümunə göstəririk”- deyə Ilham Əliyev bildirib.

Hər dəfə ölkə başçısının bu fikirlərinə münasibət bildiririk, bu fikirlərin reallığı əks etdirmədiyini sübuta yetiririk. Amma Ilham Əliyev israrla təkrarlamaqdan yorulmur. Ona görə biz də yenidən ölkə başçısına bəzi xatırlatmalar etməyi özümüzə borc bilirik.

Əvvəla, bir müddət əvvəl ölkə başçısı etiraf etdi ki, gələn il vəziyyətimiz ağır olacaq, valyuta ehtiyatları azalıb və s. Necə olur ki, həm vəziyyətimiz ağırlaşmağa doğru gedir, həm valyuta ehtiyatlarımız azalır, həm də sürətlə inkişaf edirik?

Ümumiyyətlə, bu inkişaf nədə hiss olunur?

2 milyondan artıq vətəndaşın dolanışıq üçün xaricə üz tutması, vətəndaşın yerli səhiyyədən imtinası, 25 milyard xarici borcumuzun olması, 2.5 milyon vətəndaşın kredit bataqlığında çabalaması, büdcənin 5 milyard azalması, bir qrup məmurun milyarderə çevrilməsi, təqaüdüçünün 80 manata, müəllimin 150 manata möhtac qalması, inkişaf göstəricisidir?

Bəlkə, ölkənin məmurlar arasında bölüşdürülməsi, ölkəyə daxil olan məhsullların 5-10 dəfə baha qiymətə vətəndaşa satılması, vətəndaşın sosial vəziyyətin ağırlığından intihar etməsidir inkişaf göstəricisi?

Bu gün Azərbaycan adi kartofa olan tələbatını yerli istehsal hesabına ödəyə bilmir, neft və qazdan başqa dünya bazarına çıxartmağa heç bir məhsulumuz yoxdur, ölkə vətəndaşı ucuz məhsul almaq üçün Gürcüstana, Dağıstana üz tutub, dövlət büdcəsi 15 milyarddan azdır. Bu göstəricilərdən sonra “dünyada bizim kimi inkişaf edən ölkə yoxdur” söyləmək, vətəndaşı ələ salmaq deyilmi?

Bəlkə, dünya ölkələri Azərbaycan istehsalı olan avtomobillərdən istifadə edir, bəlkə istifadə etdiyimiz mobil telefonlar Azərbaycan istehsalıdır, bəlkə dünyanın ticarət mərkəzlərini Azərbaycan istehsalı olan geyimlər bəzəyir?

Bu gün ərazisi və əhalisi Azərbaycandan az olan ölkələrin dövlət büdcəsi 100 milyardlarla ölçülür. Ərazisi və əhalisi Azərbaycandan az olan Israildə ÜDM 305 milyard təşkil edir. Əhalisi və ərazisi Azərbaycandan az olan Hollandiyada isə ÜDM 900 milyarddan artıqdır. Onlarla belə nümunə göstərmək olar. Sadəcə olaraq 2 kiçik ölkənin göstəricilərini sadalamaqla Azərbaycanın nə qədər geridə qaldığını təqdim edirik. Amma nə bu kiçik ölkələrin, nə də Avropanın nəhəng ölkələrinin prezidentləri “sürətlə inkişaf edirik” söyləmir.

Onu da qeyd edək ki, bu gün Azərbaycanın neftsiz büdcəsi, qonşu Gürcüstanın dövlət büdcəsindən xeyli azdır.

Bir sözlə, Ilham Əliyev növbəti dəfə korrupsiyanın, səfalətin, böhranın hökm sürməsini, “inkişaf” kimi təqdim edir.

Nəticə budur ki, 22 ildən sonra dövlətimizin büdcəsi, hansısa mobil telefon şirkətinin büdcəsindən 10 dəfə azdır. Üstəlik, analoqsuz inkişaf edən ölkədə hələ də kanalizasiya sisteminin, suyun, qazın olmadığı xeyli yaşayış məntəqəsi var. Bəli, o qədər inkişaf etmişik ki, hansısa rayona qaz verilməsi, içməli su xəttinin çəkilməsi böyük uğur kimi qiymətləndirilir.

Yəqin, son günlər MTN-də baş verənlər, milli təhlükəsizliyimizin təhlükə altında olmasına da dünya paxıllıq edir. Prezidentin dili ilə desək, “paxıllar işimizə kölgə salmaq istəyirlər”.

Görünür, hökumətimiz ən ağır böhran vəziyyətində də yumor hissini itirmir./azadlıq/
538 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber