Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2015

Eldar Mahmudovun atasının heykəlinin artıq bu gün uçurulmasını görən yoxdurmu?”

“Dünən vəzifədən kənarlaşdırılan Eldar Mahmudovun atasının heykəlinin artıq bu gün uçurulmasını görən yoxdurmu?”

Tanınmış hüquqşünas Aslan İsmayılovun gündəmin aktual mövzusuyla bağlı daha bir status yazıb. Statusu təqdim edirik:

“Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik naziri Eldar Mahmudovu vəzifəsindən azad etdikdən sonra gedən proseslər məndə gələcəyə qarşı az da olsa bir ümid yaratdı. Ancaq deyəsən tələsmişəm. Bu günlərdə nümayəndəsi olduğum Zabil Salmanovla bağlı baş verənlər yenə də heç nəyin dəyişmədiyinin göstəricisidir.
Belə ki, bu ilin mart ayında Z.Salmanovu qanunsuz olaraq MTN-ə aparıb “sənin Aslan İsmayılovla salamın olduğuna görə cəzalanmalısan” deyib külli miqdarda pulunu alıb, qalan hissəsini də gətirmək şərtilə azad ediblər.


Bunu bilən kimi dərhal bu əməlin quldurluq olduğunu, bu barədə rəsmi müraciət edilməsinin vacibliyini bildirsəm də sonuncu razılaşmadı. Buna baxmayaraq, mənim təkidimlə MTN-in indi həbsdə olan işçiləri ilə təmasdan yayındı. Bu ilin may ayında yenidən qanunsuz olaraq Z.Salmanov MTN-ə aparılır və ona izah edilir ki, keçən söhbətdə Aslan İsmayılovun adını həqiqəti gizlətmək üçün deyiblər. Həqiqət isə ondan ibarətdir ki, onu, artıq həbs edilmiş, Bayraq Meydanının direktoru Rəşad Məmmədovun sifarişi ilə həbs ediblər. İndi ədalətin bərpa olması üçün o, Rəşad Məmmədovun üzünə durmalı və deməlidir ki, o, öz adamları vasitəsilə zorla onun əmlakını əlindən alıb. Z.Salmanov dəfələrlə təkrar edib ki, o, R.Məmmədovu heç vaxt görməyib, onunla heç bir əlaqəsi olmayıb və onu tanımır. O, doğrudan da əmlak satıb, ancaq özünü “Azİmport” şirkətində işləyən Azər kimi təqdim edən, sonralar adının İsfəndiyar olduğu müəyyən edilən maklerə satıb və problem onunla yaşanıb. Təxminən bir gün MTN-də saxladıqdan sonra fikirləşməsi üçün buraxıblar. Səhərisi gün onu yenidən aparıb Baş İdarə rəisi generalla (bu gün həbsdə olan) görüşdürüblər. Generalın hədəsi isə konkret olub – ya ifadə verəcəksən, ya da ki, məhv ediləcəksən. Bu söhbətləri bildikdən sonra təkidli tələblərimdən sonra Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla görüşüb baş verənləri ona olduğu kimi çatdırdım. Bu hadisədən xəbərsiz olduğunu bildirib qəti tədbirlər görüləcəyini vəd etdi. Həmin görüşdə mənə hər şey aydın oldu və vəziyyətimin nə qədər təhlükəli olduğunu dərk etdim. Çünki, DİN-in vəzifəli şəxslərin cinayəti barədə prokurorluğa məlumat vermiş və 2 gün sonra meyidi aşkarlanan Rəna Nəsibovanın işindən xəbərdar idim. Eldar Mahmudov vəzifəsindən azad edildikdən dərhal sonra Baş Prokuror Zakir Qaralova müraciət edib baş verənləri təfsilatı ilə bildirdik.
İki gün bundan əvvəl Z.Salmanovu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırdılar. Mən də qanunu əsas götürüb nümayəndə kimi onunla getdim. 3 saata yaxın mübahisə etsəm də qanunu kobud şəkildə pozub məni prokurorluğa buraxmadılar. Müstəntiq israr etdi ki, Z.Salmanovu tək dindirmək istəyir. Mənim və nümayəndəsi olduğum şəxsin təkidinə baxmayaraq dediyindən dönmədi. Dəfələrlə idarə rəisi Eldar Əhmədova zəng etsəm də, sanki onun evində qəbuluna gəlirəm kimi məni qəbul etməkdən qəti şəkildə imtina etdi. MTN-in vəzifəli şəxsləri, cinayətləri barədə verdiyimiz şikayət araşdırılmamış qaldığı halda nümayəndəsi olduğum şəxs haqqında cinayət işi açacaqları ilə hədələyirlər. Z.Salmanovdan zor, hədə-qorxu gücünə alınmış ifadə əsasında 5 aydan artıqdır həbsdə olan 4 azyaşlı uşaq atası Rəşad Məmmədov isə həbsdə qalmaqda davam edir.

Vəkilliklə məşğul olmağımı, illər boyu getdiyim idman zalına girişimi qadağan etdilər, indi isə prokurorluğa girişimə də qadağa qoyulur. Bundan sonra da nəyə isə ümid etmək olarmı? Biz hansı cəmiyyətdə yaşayırıq? Üzümüzə gələn təhlükəni dərk edənlər varmı? Bu qanunsuzluqları edənlər gələcək məsuliyyətlərindən qorxmurlarmı? Dünən vəzifədən kənarlaşdırılan Eldar Mahmudovun atasının heykəlinin artıq bu gün uçurulmasını görən yoxdurmu?”
389 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:38