Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2015

Parlamentə “transformator” seçkisi

Hakimiyyət «təkqapı» ya da oynaya bilmədi

Daha bir “seçki”ni alqışlarla yola saldıq. Səbrsizliklə gözlədiyimiz parlament şousu elə sürətlə gəlib getdi ki, xəbərimiz də olmadı. Əslində, bu yazı yazılanda hələ səsvermə prosesi davam edirdi. Amma dəniz suyunun dadın bilmək üçün, bütün dənizi içməyə ehtiyac yoxdur. Yəni, seçki prosesinin startından bir neçə saat sonra aydın mənzərə yaranmışdı.

Daha dəqiq desək hökumətimiz şəffaf seçki saxtakarlığını təmin etmişdi. Səhərin gözü açılmamış xəbər tutduq ki, Suraxanıda məntəqə sədri “gözübağlı” işləyir. Bəli, məntəqə sədrinin “ustalıqla” qutuya qoşa bülletenlər atması görüntülərdə əks olunub. Daha sonra Lənkərandan tutmuş Sabirabada qədər “xoş xəbərlər” almağa başladıq. Hətta seçicilərdən biri namizədlər siyahısına “Transformator” yazıb, səsini ona vermişdi. Bəli, hələ çox arzu və istəklərə rast gələcəyik. Adamlar namizədlər siyahısına “işıq”, “qaz”, “su”, “əmək haqqı”, “təqaüd”, “asfalt” və digər “adlar” əlavə edəcəklər. Əslində, bu da etirazın başqa bir formasıdır. Adamlar demək istəyir ki, bizə hansısa təyin olunmuş deputat yox, yaşadığımız ərazidə transformator lazımdı.

Beləliklə, Elza Seyidcahandan sonra, seçki aktivliyi “Transformator”un ətrafında cərəyan etməyə başladı.

Ötən yazılarımızda da qeyd etmişdik ki, bu seçki müstəqillik tariximizin ən “şikəst” seçkisidir. Hətta real müxalifətin qatılmadığı seçkilərdə də hakimiyyət rəqabətli mübarizəyə imkan vermədi. Yəni, hakimiyyət “təkqapıya” da oynaya bilmədi. Baxmayaraq ki, bu “qapı”nın qapıçısı hakimiyyətin öz adamıdır. Deməli, boş qapıya top vurmağı da bacarmadılar. Ödənişsiz efir vaxtının ləğvi, beynəlxalq aləmin boykotu, ölkə vətəndaşının seçkidən imtinası onsuz da dəqiq “diaqnoz” idi. Hakimiyyət bu “diaqnoz”a uyğun müalicə aparmaq əvəzinə xəstəliyin güclənməsinə xidmət etdi.

Yəqin ki, daha maraqlı xəbərlər seçki prosesinin sonunda müşahidə olunacaq. Amma sosial şəbəkələrdə yayılan məlumatlar, seçki məntəqələrinin “karusel”çilərin hesabına doldurulması nəticə çıxarmaq üçün kifayət edir.

Həqiqətən də nadir hadisədir. Səsvermə hüququ olan vətəndaşların 90 faizinin seçkidən xəbəri yoxdur. Adamlar yaşadıqları ərazinin namizədini tanımır. Ölkədə seçkisiz seçki keçirilir. Bu ölkədə deputat kürsüsündə oturan adamları 2 dəfə təbrik edirlər. Adı siyahıya salınanda və MSK tərəfində rəsmən qalibiyyəti elan olunanda.

Müxtəsər, bu seçkidə “transformator”a səs verilsə də, hökumət hətta transformator da ola bilmədi. Yəni, bu dəfə ümumiyyətlə “elektrik enerjisi”ni tənzimləmək mümkün olmadı. Yaptokratiya seçki “transformatoru”nu partlatdı. Həm kobud şəkildə saxtakarlıq edildi, həm də özlərini saxta karlığa vurdular. Guya, hamının gördüyü biabırçılığı, bu rejim gözdən qaçırıb.

İlham Hüseyn /azadlıq
663 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22