Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2015

"Məscidlərin damından, evlərdən, küçələrdən bayraqlar götürülə bilməz"

Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi məscidlərdə dini bayraqları qadağan etmək niyyətindədir

Məşədi Natiq: «Bu məsələni kimsə reallaşdıra bilməz»


Dini Qurumlarla Iş Üzrə Dövlət Komitəsi növbəti il üçün məscidlərdə hər hansı dini bayraqlardan istifadə olunmamasıyla bağlı təkliflə çıxış etmək niyyətindədir. APA-ya müsahibəsində Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bunu Aşura günlərində bəzi qüvvələrin insanların dini inancından sui-istifadə etməsinə münasibət bildirərkən deyib.

M.Qurbanlı qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir və dövlət bayrağı ilə bağlı qanunu var: “Eyni zamanda, növbəti mərhələlərdə din xadimləri ilə birlikdə təkliflə çıxış edəcəyik ki, hər hansı dini mərasimləri küçələrdə etmək yolverilən deyil. Dini mərasimlər məsciddə və məscidin həyətində olmalıdır. Necə ki, digər dinlərdə dini mərasim kilsədə və sinaqoqda olur, bizdə də məsciddə olmalıdır. Yəni hər hansı yürüş keçirmək istəyənlər və digər iddialarla çıxış edənlər bununla bağlı müvafiq icra hakimiyyəti orqanlarından icazə almalıdırlar. ”Sərbəst toplaşmaq haqqında” qanun var və bu qanun “Dini etiqad azadlığı haqqında” qanuna ziddiyyət təşkil eləmir”. Qurbanlı son Aşura günündə Gəncədə baş verənlərə də toxunub: “Bununla bağlı araşdırma aparmışıq. Müəyyən qruplar var ki, din adı altında pərdələnərək, öz məqsədlərini həyata keçirmək istəyir. Bunlarla bağlı müəyyən profilaktik tədbirlər görülüb və görüləcək. Onların heç bir sosial dayağı da yoxdur. Sadəcə, insanların həmin gün dini inancından istifadəyə cəhd ediblər ki, bu da yolverilməzdir”.


Hər iki məsələyə münasibət bildirən Məşədi Natiq Kərimov öncə xatırladır ki, Dini Komitənin yaranma səbəbi dindarlarla hökumət arasında olan uçurumun qarşısını almaqdır. Lakin həmin qurum bu missiyanı uğurla yerinə yetirməyib. Həmsöhbətimiz Nardaran kəndində dini bayraqları kimsənin yığışdıra bilməyəcəyini bildirir: “Məscidlərin damından, evlərin qarşısından, hətta küçələrdən də bu bayraqlar götürülə bilməz. Biz Imam Hüseyn əleyhissəlamın, həmçinin Azərbaycanın dövlət bayrağını da vurmuşuq və onu heç kim götürə bilməz. Hər hansı dini icma qeyri-qanuni bir məsələyə dirəniş göstərməlidir. Dini icmalar, məscidlər zəhmət çəkib bu barədə öz fikirlərini Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinə yazaraq onun ixtiyarında olmayan işlərə qarışmamağı bildirsinlər”.

Məşədi Natiq həmçinin bildirir ki, həmin yürüş Aşura deyil, Tasua yürüşüdür və bir neçə il öncə Nardarana bir çox məscidlərdən belə izdihamlı yürüşlər olub. O, belə yürüşlərin qarşısını kimsənin ala bilmədiyini deyərək bu məsələnin yenidən gündəmə gətirilməsini əsassız sayır: “Belə yürüşlərin qarşısını bir neçə il öncə almaq istəsələr də baş tutmadı. Ona görə də belə məsələlərə vaxt itirməsinlər. Xalq öz dini və mədəni irsiylə bağlı məsələləri dirənişlə həll etməlidir. Bu barədə hər bir dini icma müəyyən qərar verməlidir. Avropada, Londonda, Nyu-yorkda, əksər ölkələrdə məscidlərdə, küçələrdə yürüşlər keçirilir. Bunun qarşısını almaqdansa, hakimiyyət belə yürüşlərin təhlükəsizliyini qorumalıdır. Gəncənin icra başçısına gələndə, o, həmişə islamçıların işinə qarışıb. Amma onu bilməlidirlər ki, Aşura məsələlərinə qarışanın, ona barmaq uzadanın aqibəti həmişə pis olub. Tarixi kitablara nəzər salıb görsünlər ki, belə günlərdə nələr olub və hansı məqamda nəyə diqqət etmək lazımdır”.
392 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...