Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2015

Hakimiyyət dindarları niyə hədəf seçib?

Çirkin kampaniyada məqsəd cəmiyyəti çaşdırmaqdır

Hakimiyyət qətiyyən “xasiyyət”ini dəyişmək istəmir. Bütün məsələləri zor müstəvisində həll etmək, fərqli fikri boğmaq, cəmiyyətə yalan satmaq bunların dəyişməz siyasətidir. Xüsusən seçkidən sonra ciddi pərtlik yaşayan, beynəlxalq aləmin və yerli ictimaiyyətin dəstəyindən məhrum olan hakimiyyət, gündəmi dəyişmək istəyir. Son günlər islamçıların həbsi, ilahiyyatçı Tale Bağırzadənin polis bölməsində döyülməsi gündəmin əsas hadisəsinə çevrildi.

Indi telekanalllar, hökumət mətbuatı Tale Bağırzadəni hədəf seçiblər. Necə ki, tənqidi fikir səsləndirən müxalif fəalları “ermənipərəst”, “Qərb dairələrinin agenti” kimi təqdim edirlər, eləcə də bu şəxsləri terror təşkilatları ilə əlaqələndirməyə çalışırlar. Gecə-gündüz cəmiyyətə inandırmağa çalışırlar ki, Tale Bağırzadə ölkədə iğtişaş yaratmaq istəyir, onun ətrafındakı adamların məkrli planları var və s.

Artıq hökumətin digər manevr üsulları iflasa uğrayıb. Əvvəlcə müxalifətin ölkədə çevriliş etmək istədiyini, ABŞ-ın müxalifətə maliyyə yardımı göstərdiyini tirajladılar. Eyni zamanda Qərbi iqtisadi əməkdaşlığa cəlb edib, siyasi əməkdaşlıqdan kənarda saxlamağa çalışdırlar. Amma bütün bu planlar pozuldu, hakimiyyətin qanunsuz əməlləri şəffaf göründü və cəmiyyətdə rejimə qarşı nifrət gündən-günə artmaqdadır. Belə bir vəziyyətdə hakimiyyətin narahatlığı artmağa başladı və yenidən valı dəyişdi. Indi də dünyaya və ölkə ictiamiyyətinə sübut etmək istəyirlər ki, inanclı kəsim ölkəyə fəlakət gətirəcək, Azərbaycanı Suriyaya çevirmək istəyirlər və s. Xüsusən də bu dəfə Aşura mərasiminin daha kütləvi keçməsi, Tale Bağırzadənin Aşura mərasimində kəskin tənqidi çıxışı hakimiyyəti bərk narahat etdi. Hakimiyyət də başa düşür ki, inanclı insanlar zülmün qarşısında susmağı günah sayır. Bu düşüncənin real həyatda tətbiqi isə hakimiyyətə qarşı etiraz deməkdir.

Yəni Tale Bağırzadənin hədəf seçilməsi və inanclı şəxslərə qarşı çirkin kampaniyanın aparılması dövlət marağından irəli gəlmir, hakimiyyətin öz maraqlarının ifadəsidir. Həm diqqəti saxta seçkidən yayındırmaq, həm ictimai-rəyi çaşdırmaq, həm də beynəlxalq aləmə “dindarlar ölkəni ələ keçirmək istəyir” mesajını vermək üçün belə bir iyrənc kampaniyaya start veriblər.

Digər tərəfdən, başqa “dindar”lar kimi Tale Bağırzadənin islah edə bilməyiblər. Yəni bəzi üzdəniraq axundlar kimi Tale Bağırzadə öz ömründən kəsib hökumətin ömrünə calamır. Əksinə, Tale Bağırzadə həbsdə olanda da, həbsdən sonra da hakimiyyətin ədalətsiz, qanunsuz əməllərindən danışıb və cəmiyyəti belə bir rejimə etiraza səsləyib.

Beləliklə, hakimiyyət əlində olan bütün resurslardan istifadə edərək, tənqidçilərini ləkələməyə start verib. Fakt budur ki, ölkə ictimaiyyəti hakimiyyətdən narazıdır və seçkilərə münasibət də bunun əyani sübutudur. Ikinci bir tərəfdən, ölkədə ram edilməmiş müxalifət birliyi var və uzun illərdi hökumət komandası bu birliyi zəiflətmək üçün milyonlar xərcləyir. Üçüncüsü isə inanclı təbəqədir ki, hökumət bu təbəqənin kütləviləşdiyini və hakimiyyətdən narazı olduğunu görür.

Deməli, ölkə daxilindəki bütün faktorlar hakimiyyətə qarşı etiraz qüvvəsini gücləndirir. Hakimiyyət isə problemi həll etmək üçün ciddi islahatlar aparmaq, vətəndaşa sərbəstlik vermək əvəzinə, daha da kobud siyasət yürüdür, insanların heysiyyətinə toxunur.

Bir sözlə, ölkədə gərginliyi yaradan, dini kəsimi aqressivləşdirən və ölkəni Suriyaya çevirmək istəyən hakimiyyətin özüdür. Ancaq siyasi məhbuslar azad olunsa, fərqli fikrə şərait yaradılsa, monopoliyalar ləğv edilsə, korrupsiyanın kökü kəsilsə, şəffaf seçki ənənəsi yaradılsa, inanclı insanlara süni maneələr yaradılmasa, ölkədə normal mənzərə yaranar. Həm dünya ilə, həm də ölkə vətəndaşları ilə səmimi birlik əldə olunar. Amma YAP hakimyyəti belə mütərəqqi ideyalardan uzaqdır.

Bəh-bəhlə “Islam Həmrəyliyi Oyunları”na hazırlıq görürlər, eyni zamanda islamçıları telekanallarda “xoxan” kimi göstərirlər. Təbii ki, Tale Bağırzadəyə qarşı bu iyrənc kampaniya hakimiyyətin ifşası ilə bitəcək və növbəti dəfə pərtlik yaşayacaqlar./azadlıq/
1126 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber