Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2015

Eldar Mamhudovda bu arxayınlığı kim yaratmışdı?

Məmurların bu qədər çirkaba bulaşmasının məsuliyyətini ölkə başçısı daşıyır

Günlərdi ölkə gündəmini MTN-də baş verənlər zəbt edib. Hər gün yeni bir xəbər yayılır və cinayətkarlığın miqyası genişlənir. Məlum olur ki, MTN rəhbərliyi ağlagəlməz cinayətlərlə məşğul olurmuş. Hətta MTN generalının xüsusi həbsxanasının olduğu da ortaya çıxdı. Deməli, sahibkarlardan “haqq” almaqdan tutmuş, gizli həbsxanaya qədər “fəaliyyət”ləri geniş imiş.

Amma məsələ bununla da yekunlaşmır və təkcə MTN-ə fokuslaşmaq da səhv olardı. Bəli, normal, hüquqi bir ölkədə hansısa nazirlik bu işləri görə bilməzdi. Heç bir vəzifəli şəxs bu miqyasda cinayətkarlığa bulaşmazdı. Deməli, bu adamalrın sığortası olub. Bu adamlar arxayın olublar ki, bu zehniyyətin idarə etdiyi ölkədə bütün qanunsuzluqlara imza atmaq olar. Əgər yuxarının göstərişi ilə hansısa müxalif fəalı şərləmək, hansısa siyasətçinin yataq otağına kamera yerləşdirmək, hansısa fəalın evinə silah atmaq qanunidirsə, ölkənin sərvətini talamaq, sahibkarı sıxmaq, gizli həbsxana saxlamaq da qanuni görünməlidir. Yəni hakimiyyətin ümumi qəlibi, mənəvi keyfiyyətləri MTN rəhbərliyinə də sıçrayıb və bu adamlar özlərinə imtiyaz qazanıblar. Və əmin olublar ki, hakimiyyətə siyasi baxımdan sədaqətli olmaq bütün cinayətləri törətməyə haqq qazandırır. Bəli, bütün bu cinayətlər hakimiyyət çətiri altında törədilib, adamlar bu gücü rejimin prinsiplərindən alıblar.

Əgər digər nazirliklərə də belə çöplər uzadılsa, nəticə daha pis olacaq. Hələ də özünü toxunulmaz hesab edən iri məmurlar var və əvvəl etdiklərini bu gün də təkrarlayırlar. Bu adamların da arxivi ortaya qoyulsa, Eldar Mahmudovun etdiklləri karikatura olacaq. Həm törədilən cinayətlərin, həm də mənimsənilən pulların çəkisinə görə digər toxunulmazlar daha öndədir.

Əslində bütün bunları etiraf edirlər. Ziya Məmmədovun ətrafında baş verənlər də göstərdi ki, bu adamın fəaliyyəti sıfıra bərabər olub. Çəkilən yollar, körpülər, tikilən komplekslər “brak” çıxdı və hökumət etiraf etdi ki, bu kadr da yararsızdı. Amma uzun illər brinci şəxsə olan sədaqət, bu adamın “fəaliyyət”inə də kölgə salmayıb.

Demək istəyirik ki, hansısa nazirin, icra başçısının, komitə sədrinin quldura çevrilməsinə şərait yaradan var. Ən əsası budur ki, nazirin, icra başçısının var-dövləti faktların üzə çıxdığı kimi, hakim ailənin sərvətləri haqqında da xeyli faktlar var. Beynəlxalq araşdırmaçı jurnalsitlərin ortaya çıxardığı faktlardan da görünür ki, hakim ailənin müxtəlif ölkələrdə bahalı malikanələri, ölkə daxilində biznes strukturları, bankları var. Ofşorlarda baş verənlər haqqında isə hamının yəqin ki, məlumatı var.

Deməli, ölkənin əsas strukturlarının bu qədər qanusuzluğa, korrupsiyaya, özbaşınalığa bürünməsinin məsuliyyəti ölkə başçısının üzərindədir. Əgər bu nazir, icra başçısı, komitə sədri yuxarıda başqa nümunələrin şahidi olsaydı, aşağıda harınlıq edə bilməzdi.

Bir sözlə, bu gün MTN-də baş verənlər, digər məmurların da bu çirkablara bulaşması yuxarının “xasiyyət”inə bələdçilikdən doğub. Və bu bələdçilik arxayınlıq və imtiyaz yaradıb. Məsələ bu qədər sadədir./azadlıq/
551 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber