Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2015

38 məcburi köçkün ailəsi ölümlə üz-üzə qalıb

Yasamal rayonundakı İsrafil Zülalov küçəsi, 18-də yerləşən yarımçıq beşmərtəbəli bina qəzalı vəziyyətdədir

Yasamal rayonundakı İsrafil Zülalov küçəsi, 18-də yerləşən beşmərtəbəli binanın bir qrup sakini redaksiyamıza şikayət edərək, sözügedən binanın qəzalı vəziyyətdə olduğunu deyib. 
Şikayəti araşdırmaq üçün adıçəkilən ünvana baş çəkdik. Beşmərtəbəli binanın yarımçıq tikili olduğunu kənardan da görmək mümkündür. Onun 6-cı mərtəbəsinin tikintisi yarımçıq saxlanılıb. Bəzi yerlərdə dam örtüyünü 6-cı mərtəbənin döşəməsi əvəz edir. Binanın qarşısındakı avtomobil yolu və səki çox bərbad vəziyyətdədir. Yarımçıq tikilinin ön və yan tərəflərindəki yüksəkgərginlikli elektrik xətləri, müxtəlif diametrli su boruları, telefon və rabitə xətləri hörümçək torunu xatırladır. Binanın arxa tərəfində yaradılmış qanunsuz poliqonda zibillər üst-üstə qalaqlanıb. Girişdəki zirzəmi də məişət tullantıları ilə doldurulub. Mərtəbələr arasındakı pilləkənlər daha acınacaqlı vəziyyətdə idi. Onların məhəccərlərinin dayaqları boşaldığından, bu pilləkənlərdə sərbəst hərəkət etmək çox çətindir. Dam örtüyü olmadığından, yağış suları pilləkənlərlə zirzəmiyə doğru axır. Hətta birinci mərtəbədən 5-ci mərtəbəyə qalxan hamilə gəlinin 4-cü mərtəbənin pilləkənində sürüşərək yıxıldığının şahidi olduq.

Kustar üsulla çəkilmiş kanalizasiya borusundan sızmalar olduğu üçün dəhlizləri üfunət qoxusu bürüyüb. Ən dəhşətlisi isə mərtəbələrdəki elektrikpaylayıcı qurğuların həddən artıq təhlükəli vəziyyətdə olmasıdır. Bu qurğuların qapaqları açıq və möhürsüz idi. Həmin qurğulardan mərtəbələrdəki mənzillərə çəkilmiş elektrik xətləri hörümçək toru kimi bir-birinə dolaşmışdı. Dəhlizlərdəki havalandırmalar açıq olduğu üçün yağış və güclü külək elektrik xətlərində istənilən anda qısaqapanma yarada bilər. Bütün mərtəbələrin dəhlizlərində qısaqapanma nəticəsində sıradan çıxmış elektrik qapaqlıqları gördük. Yerli sakinlər tərəfindən mərtəbələrdə kortəbii şəkildə elektrik sistemi quraşdırılıb. Dəhlizlərdəki elektrik xətlərinin əksəriyyətinin üstü açıqdır.

«Dördyaşlı oğlum məhəccəri sınıq eyvandan yıxılıb öldü»

Müşahidələrimizi bitirib yerli sakinlərlə həmsöhbət olduq. Öyrəndik ki, yarımçıq tikili Azərbaycan İnşaat və Memarlıq Universitetinin tələbə şəhərciyində yerləşir. Bu bina adıçəkilən ali təhsil müəssisəsinin tələbələri üçün tikilirmiş. Amma elan olunmamış Qarabağ müharibəsi zamanı Bakıya üz tutan məcburi köçkün ailələrinin bir qismi bu binada məskunlaşmaq məcburiyyətində qalıb. Ona görə də binanın tikintisi yarımçıq saxlanılıb. Binada 38 ailə yaşayır. 5-6 nəfərlik ailələr 15-18 kvadratmetrlik otaqlarda yaşamağa məhkumdurlar.

Cəbrayıl rayonundan məcburi köçkün Südabə Ələsgərova deyir ki, yaşadıqları rayon ermənilər tərəfindən işğal olunduqdan sonra ailəsi ilə birlikdə Bakıya pənah gətirib və bu binada məskunlaşıb. Binanın qəzalı vəziyyətdə olmasından daha çox onun ailəsi zərər görüb. Hətta 5-ci mərtəbədə tikinti işlərinin yarımçıq saxlanılması və eyvandakı məhəccərin sınıq olması ucbatından övladını itirib: «Dördyaşlı oğlum Bilal məhəccərdən aşağı baxanda yıxıldı və dünyasını dəyişdi. Ailəmizə bu qədər böyük və ağır faicənin üz verməsinə baxmayaraq, tələbə şəhərciyinin komendantı, yerli icra hakimiyyətinin nümayəndələri, müvafiq dövlət qurumlarının rəsmiləri vəziyyətimizlə, baş vermiş hadisə ilə maraqlanmadılar. Evimin olduğu yer əvvəllər boş idi. Dövlət qurumlarından xahiş etdik ki, ev tikmək üçün bizə yardım etsinlər. Ancaq maddi köməklik göstərən kimsə olmadığından, borca-xərcə düşüb 5-ci mərtəbədə özümüzə ev tikdik. Binamız çox bərbad vəziyyətdədir. Binamızda təbii qaz yoxdur. İstiliyə olan ehtiyacımızı elektrik enerjisi ilə ödəməyə çalışırıq. Ancaq elektrik enerjisi ilə təminatda həmişə problem yaşayırıq».

Şikayətçi deyir ki, ən ciddi problemlərdən biri içməli su ilə bağlıdır. Bəzən binaya su verilmir: «5-ci mərtəbədən əlimizdə vedrələr həyətlərə düşürük, xeyli məsafə qət edib su daşıyırıq. Pilləkənlərimiz də çox qorxuludur. Düşəndə, ya da qalxanda çox ehtiyat edirik. Hər an yıxılmaq, sürüşmək mümkündür. Bir sözlə, vəziyyətimiz çox ağırdır. Dəfələrlə yerli icra hakimiyyətinə, tələbə şəhərciyinin direktoruna, şəhərciyin komendantına, eləcə də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmişik. Ancaq indiyədək çoxsaylı şifahi və yazılı müraciətlərimizə müsbət cavab verən kimsə tapılmayıb. Dövlət qurumlarının rəsmiləri hər dəfə bəhanə tapırlar ki, bu bina rəsmi qaydada balansda deyil. Ona görə də ümidimiz KİV-ə qalıb».

«Evimin qapısındakı dəliyi əsgi parçası ilə yamamışam»

Cəbrayıl rayonundan digər məcburi köçkün Gülüzər Əliyeva əvvəlcə mənzilinin yararsız vəziyyətdə olan qapısını bizə göstərir. O, qapının böyük dəliyini və çərçivənin çürüməsi nəticəsində yaranmış geniş yarığı əsgi parçası ilə yamamağa çalışdığını bildirir. Qeyd edir ki, mənzilində tək yaşadığı və kimsəsi olmadığı üçün maddi imkanı yeni qapı almağa yetmir: «Şəkər xəstəsiyəm. Həmişə yüksək təzyiqim olduğu üçün işləyə bilmirəm. Bir qapı almağa pulum yoxdur. Qapının yarıqlarını yamasam da, hava küləkli və şaxtalı olanda otaqda tir-tir əsirəm. Eyvanım da çox bərbad vəziyyətdədir. Təmirsiz olduğundan yağış və qar suları evə dolur. Elektrik sistemimiz çox bərbad haldadır. Qonşularım köməklik göstərdi, xətləri dəyişdirdik. Amma təhlükə hələ də davam edir. Xətlər pis olduğundan, qısaqapanma və yanğın ola bilər».
Füzuli rayonundan məcburi köçkün Adilə Babayeva isə qeyd edir ki, bu binada məskunlaşandan əsəb-sinir xəstəliyinə tutulub: «Yağış suları palazları, yorğan-döşəkləri isladır. Yay vaxtı onları çölə çıxarmaq və qurutmaq olar. Amma payız və qış aylarında heç bir şey edə bilmirik. Çünki dəhlizlər su ilə dolur. Otaqlarımız rütubətli və havasız olduğundan, məcburi köçkünlər ayrı-ayrı xəstəliklərə tutulublar. Kimə müraciət edirik, faydası olmur».

Zirzəmisi su ilə dolan bina uça bilər

Zəngilan rayonundan məcburi köçkün Fərhad İbrahimov üzvlərinin sayının çox olduğu ailələrin 15-18 kvadratmetrlik bir otaqda yaşadıqlarının dözülməz olduğunu deyir. Onun sözlərinə görə, həyat yoldaşı, iki qızı və bir oğlu ilə darısqal bir otaqda qalırlar: «Otağımız darısqal olduğundan, neçə ildir yeməyimiz-içməyimiz zəhərə dönüb. Yataq yerimiz çox narahat olduğundan, doyunca və normal yata bilmriik. Evimizdə qonaq qəbul edə bilmirik. Şəraitimiz çox ağırdır».
Füzuli rayonundan məcburi köçkün Vaqif Əliyev pilləkənlərin və məhəccərlərin bərbad vəziyyətdə olması ucbatından, iki övladının yıxılıb zədə aldığını diqqətimizə çatdırır. Onun dediyinə görə, uşaqlardan biri başından zədə alıb: «Allah üzümüzə baxdı ki, uşaqlarım ölmədi. Tək pilləkən və məhəccərlər deyil, binanın qarşısındakı yol da çox təhlükəlidir. Oradakı çalalara asfalt, ya da daş-kəsək tökmürlər ki, yağışlı-qarlı havalarda insanlar təhlükə ilə üzləşməsinlər. Bugünədək həmin yolda çox adam sürüşərək yıxılıb və zədə alıb. Ərazi işıqlandırılmadığı üçün qaranlıqda hərəkət edən piyadalar daha çox qış aylarında zədə alır. Binamızda elektrik enerjisi ilə bağlı problemlər olanda, hər ailədən 5-10 manat pul alır, xətləri, amperləri və digər vacib vasitələri dəyişdiririk. Ancaq bəzi problemlərin həlli bizdən asılı olmur. Onları «Azərişıq» ASC həll etməlidir. Çox təəssüf ki, bugünədək kimsə binamızın elektrik sisteminin normal və standartlara uyğun qurulması ilə maraqlanmayıb. Ona görə də yağışlı-qarlı, küləkli havalarda işıqsız qalırıq. Hətta bir neçə gün əvvəl həddən artıq yüklənmə ucbatından, transformatorda yanğın oldu və 28 saat işıq üzünə həsrət qaldıq. Sonra «Azərişıq»dan gəlib transformatoru düzəltdilər. Belə hallarla hər il və tez-tez üzləşirik».

Binanın kanalizasiya sisteminin olmadığını vurğulayan şikayətçi məcburi köçkünlərin plasmas borularla süni kanalizasiya sistemi yaratdıqları deyir: «Ayaqyolunun çirkabı və istifadə edlmiş məişət suları həmin borularla zirzəmiyə axıdılır. Zirzəmi tamam dolub. Bu da bina üçün ciddi təhlükə törədəcək. Ancaq dərdimizə əlac edən, burada kanalizasiya sistemi qurmaq istəyən qurum tapa bilmirik. Zirzəmidə həm də üfunətli zibil var. Onların daşınması mütləq vacibdir. Ancaq bunu hansı qurumun edəcəyini bilmirik».
Vaqif Əliyev deyir ki, yaxınlıqdakı binalarda məcburi köçkünlər digər ərazilərə köçürülüb. Ancaq onun məskunlaşdığı binada yaşayan ailələrin başqa bir əraziyə köçürülüb-köçürülməcəyi barədə məlumatsızdır: «Bizə deyirlər ki, heç bir yerdə qeydiyyatda deyilik. Hökumət işıq, çörək və su pullarımızı ödəyir. Ancaq qeydiyyatımız olmadığına görə, məcburi köçkün kimi yardım ala bilmirik. Ona görə də buradakı ailələrin maddi vəziyyəti və dolanışıqları çox pis və ağır durumdadır».
Tələbə şəhərciyinin komendantı Tarverdi Hacıyev və «Qaçqınkom»un rəsmi şəxslərindən şikayətlərə münasibət öyrənmək cəhdlərimiz baş tutmadı. Mövzuya qayıdacağıq./hafta/

457 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı