Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2015

Eldar Mahmudov ev dustağıdır - sensasion səbəb...

Sabiq nazir işdən çıxarılan gün onun barəsində həbs sanksiyası imzalanıb, bundan sonra isə onun ev dustaqlığı barədə məhkəmə qərarı verilib; E.Mahmudovun bu cür təcridinə qərar verilməsinin daha bir səbəbi MTN-dəki “çete”nin illərdir əldə etdiyi qeyri-qanuni milyardların izini tapmaq üçündür 



Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ev dustağıdır. Bu sensasion məlumatı redaksiyamıza verən mənbənin sözlərinə görə, bununla bağlı qərar oktyabrın 17-də verilib. Qeyd edək ki, Cinayət Məcəllənin 154.2.1-154.2.9-cu maddələrində nəzərdə tutulmuş qətimkan tədbirləri sırasında ev dustaqlığı da var. Qaynağımızın iddiasını rəsmi mənbələrdən dəqiqləşdirmək mümkün olmasa da, ortaya daha maraqlı məqam çıxıb. 

Çünki ev dustaqlığı həbsə alternativ qətimkan tədbiri olduğundan şəxsin həbsə alınması barədə məhkəmənin qərarı alındıqdan sonra onun əvəzinə seçilə bilər. Yəni bu o deməkdir ki, oktyabrın 17-də işdən çıxarılan E.Mahmudov barədə həbs sanksiyası verilib, amma bu, ev dustaqlığı ilə əvəz olunub. Mənbəmiz onu da dəqiqləşdirib ki, sabiq nazirin nəzarət altında saxlanılması barədə mediadakı xəbərlər hüquqi baxımdan mümkün deyil. “Çünki Cinayət Məcəlləsində Prosessual Məcburiyyət Tədbirləri haqda fəsildə aydın yazılır ki, nəzarət altında saxlama yalnız yetkinlik yaşına çatmayan şəxsin barəsində seçilə bilər. Komandanlığın müşahidəsi altına vermə isə yalnız hərbi qulluqçu və ya hərbi toplantıda təlim keçdiyi müddətdə hərbi mükəlləfiyyətli şəxs barəsində seçilir” deyə, bildirib.

E.Mahmudovun işdən çıxarılmasından dəqiqələr sonra  aralarında generallar da olan ən yaxın adamlarının qandallanması sabiq nazirin də təqsirləndirilən şəxs qismində barəsində qətimkan tədbirinin seçiləcəyi əslində sensasiya deyil, bəlkə də zərurət idi. MTN-də baş verən tükürpədici faktlar açıqlandıqdan sonra ortaya “bəs Eldar Mahmudov?” sualı çıxıb. Onun ən inanılmış adamlarının həbsə alınması, bəzilərinin təhlükəsizlik orqanlarından qovulması, qohumlarının bütün dövlət işlərindən uzaqlaşdırılması sabiq nazirin rahat təqaüd həyatının olmayacağı deməkdir. Bütöv bir nazirlikdə yuxarıdan aşağı kadr təmizlənməsi, baş vermiş cinayətlərin hamısında birbaşa nazirin adının keçməsi  E.Mahmudov barədə həbs sanksiya üçün əsasdır.

E.Mahmudov barəsində elə həmin gün həbs qərarının verilməməsi onun ciddi nəzarət altında saxlanıldığı versiyasını gücləndirib. Mənbəmiz isə iddia edir ki, sabiq nazir işdən çıxarılan gün onun barəsində həbs sanksiyası imzalanıb, bundan sonra isə onun ev dustaqlığı barədə məhkəmə qərarı verilib. Sabiq nazirə əmri ilə bərabər, həm də həmin sənədlər təqdim edilib. “Böyük ehtimalla nazir barədə sanksiyanı baş prokurorun müavini Rüstəm Usubov imzalayıb, Səbayel Rayon Məhkəməsi isə ev dustaqlığı barədə qərar verib” deyə, mənbəmiz sonda bildirib. 

Yada salaq ki, hələ ötən həftə “Yeni Müsavat” sabiq nazirə niyə həbs qərarı verilmədiyinə dair xəbərlərə toxunmuşdu. Bildirilirdi ki, hakimiyyət daxilində gərginliyi artmaması üçün E. Mahmudovun həbsinə birbaşa qərar verilməyib. İddia var ki, E.Mahmudovla konflikti olanlar onun dərhal “zərərsizləşdirilməsinə” tərəfdar olublar. Amma son nəticədə məhz E.Mahmudovun bu cür təcridinə qərar verilib. 


E.Mahmudovun bu cür təcridinə qərar verilməsinin daha bir səbəbi MTN-dəki “çete”nin illərdir əldə etdiyi qeyri-qanuni vəsaitlərlə bağlıdır. Məlumata görə, bu vəsaitin böyük bir hissəsi ən müxtəlif yollarla ölkədən çıxarılıb. Bu vəsaitin hətta bir neçə milyard ola biləcəyi ilə bağlı da iddialar var. İndi böyük bir qrup bu vəsaitin izini araşdırır və həmin pulların ölkəyə qaytarılmasını təmin etməyə çalışır.    
     
Aydındır ki, E.Mahmudov birbaşa həbsə salınsaydı, hakimiyyət üzərinə müəyyən qınaqlar ola bilərdi. E.Mahmudovun “xidmətləri” və “hakimiyyətə sədaqəti” müzakirə mövzusu olacaqdı. Amma indi MTN-lə bağlı üzə çıxan şok faktlar  E.Mahmudovun yaxın çevrəsini və ona bağlı kiçik də olsa müqavimət qruplarını tam arqumentsiz qoyub.  MTN-də zillət görmüş sahibkarlar E.Mahmudovun həbsə alınmasını tələb edirlər, mümkün müqavimət mərkəzləri susdurulub, sabiq nazirin sirlərini bilənlər isə həbsə alınıb, güman ki, artıq ifadə də verirlər...

 
Yeri gəlmişkən, noyabrın 10-da təhlükəsizlik orqanlarından xaric edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun  və MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib. Toplanmış materialların hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim olunması E.Mahmudovun daha iki  generalının həbsini qaçılmaz edir. MTN-dəki cinayətkar şəbəkənin əsas fiqurantlarından biri olan Akif Çovdarov Eldar Mahmudovun “sağ əli” və kassiri hesab olunur və buna dair istənilən qədər fakt var. Prokurorluğun onlar barəsində həbs, yoxsa ev dustaqlığı qərarı verəcəyi yaxın 24 saatda bilinməlidir. Böyük ehtimalla adı bir çox cinayətlərdə hallanan generallar barədə həbs-qətimkan tədbiri seçiləcək.

Bildirək ki, oktyabrın 17-dən keçən müddətdə sabiq nazirin görünməsi barədə yalnız bir xəbər keçib. Qeyr-rəsmi xəbərdə bildirilirdi ki, Eldar Mahmudov oktyabrın 25-də qudası,  Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin anasının dəfnində və yasında iştirak edib. Amma bunu təsdiq edən heç bir görüntü ortaya çıxmadığından bu xəbərin nə qədər səhih olduğu bilinmədi. “Yeni Müsavat” öz mənbələrindən yalnız onu dəqiqləşdirib ki, E.Mahmudov Badamdardakı villasında deyil, başqa mənzildə ev dustağı edilib./musavat/
568 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı