Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2015

"Təşəkkürlər", Eldar Mahmudov, "təşəkkürlər", Ziya müəllim

Bizə (jurnalistlərə) başqa şey lazım deyil, yetər ki, hər 15 gündən bir nazirlərdən birini vəzifədən çıxarsınlar və mümkünsə, tutsunlar. Mümkün deyilsə, lazım deyil.
Maraqlı olur, başlayırıq xalqı maarifləndirməyə. Düzdür, onsuz da hamı bilir ki, işindən çıxarılan nazir milyonçudur, biznes imperiyası var, vəzifəli qohumlar şəbəkəsi var, üst-üstə bir kəndlik villaları, evləri var, amma xalqımız bunların cədvəlini, şəklini görəndə çox məmnun olur.

Xalqımızın övladları orda-burda sanki yekə bir sirrin üstü açılıbmış kimi deyirlər: “Pah, dədənin evi tikilsin, bu qədər evi neynəyir, əə, bu? Hər otağında bir gün yatsa, ömrü bəs eləməz”; “Vay dədəəəə, insanın bir maşını olar, iki maşını olar, özünü öldürsün, beş maşını olar, bu boyda qaraj bunun nəyinə lazımmış, a kişi?”; “Atası, babası ulaq minənin balası ”Ferrari"lərdə şütüyür, a millət, işə bax" və s. Baxırsan ki, düz deyirlər.

Bu kimi həsəd, qibtə, acıq, hiddət dolu cümlələri çox eşitmək olar. Amma məsələyə başqa prizmadan yanaşanlar da var: “Onun da olmayıb, kimin olacaq ki... o boyda nazirdir”; “Guya sənin, mənim elə vəzifəmiz olsa, villa tikdirmərik, ”Porşe" almarıq?"; “Tək bu deyil ki, hamısının varıdır də” və s. Görürsən ki, bunlar da düz deyir.

Elə olur ki, bu hüdudsuz varidatdan yazan qəzetlərin elektron ünvanlarına qəzəb dolu məktublar gəlir, yeddi villası, on beş bahalı avtomobili, üç şadlıq sarayı, səkkiz supermarketi, altı butiki və sair və ilaxır iaşə, xidmət, ticarət obyektləri “aşkar olunmuş” nazir-oliqarxa qahmar çıxır, yazırlar: “O, daima dövlətçiliyimizə, prezidentimizə sadiq adam olub, həmişə öz camaatının, kollektivinin qayğısına qalıb. Siz ona qarşı qərəzlisiniz. Ayıb olsun! Ar olsun! Lənət olsun!”. Hiss edirsən ki, bunlar haqsızdır.

Çünki adama deyərlər, rəhmətliyin oğlu, birincisi, o oliqarx naziri işdən biz çıxarmamışıq, biz dolaşdırmamışıq, ikincisi, onun malik olduğu varidatı dövlətin büdcəsindən, xalqın cibindən biz oğurlamamışıq, üçüncüsü, məngirlədiyi milyonlardan bir az paylayaraq özünə bir dəstə qulbeçə və kölələr dəstəsi təşkil edibsə, bunun camaata nə dəxli var?

Hələ utanmaz-utanmaz “dövlətçiliyə sadiq olub” deyirlər. Sadiq olub neyləyib? Heç nə. Dövlətçilikdən danışa-danışa dövlətin büdcəsini dağıdıb, özünə var-dövlət toplayıb, nəslinə vəzifə paylayıb, hələ bir minnət də qoyur.

Ona görə də belə adamlar vəzifədən götürüləndə, el dilində desək, yıxılanda avtomatik olaraq baltalar ovxarlanır. Balta vurmaq deyəndə, onları asıb-kəsən, kötüyün üstünə atıb şaqqalayan yoxdur, eləcə, hərə bir status yazır, “yaxşı oldu, çoxdan olmalıydı” deyir, ürəyini soyudur. Yıxılanı baltalayanlar başqalarıdır. Onlar yıxılanın əlində nəyi var almağa çalışırlar, amma nə qədər alsalar da, soyub-soytalasalar da, lap axırda məlum olur ki, adamın 3-4 villası, 5-6 maşını, 1-2 ton da pulu qalıbmış.

Belə anlaşılır ki, kimisə vəzifəyə qoyanda ilk və əsas işləri pul yığmaq, biznes genişləndirmək, imperiya qurmaq, yalnız və yalnız özlərinə işləmək olur. Bəlkə də istisnalar var. Xalq məhz o istisnanı axtarır.

Hərçənd bir gün işdən çıxarılan nazirin villalarının olmadığı, ucuz bir maşını olduğu məlum olsa, xalqımızın ona münasibəti milyarder nazirə olduğundan pis olacaq, orda-burda deyəcəklər, fərasətsiz, başıxarab adam olub, yaralı barmağa leykoplastır yapışdırmayıb, qanunpərəst oldu, neynədi, odey, indi metroda gəzir, canı çıxsın, ona haqq oldu.
Əslində kasıb nazirin (hipotetik olaraq deyirəm, oxumuş adamlar demişkən) işdən çıxarılması jurnalistlərə sərf eləmir. Çəkməyə villası, avtomobilləri yoxsa, dürlü cinayətləri aşkarlanmırsa, nə yazasan. Uzağı, bir gün “Nazirin işdən çıxarılmasının müdhiş pərdəarxası” başlığıyla yazı yazacaqsan, ertəsi gün bilinəcək ki, pərdənin arxasında müdhiş bir şey yoxmuş.

Bir də var, bir naziri işdən çıxaralar, müavinlərini tutalar və “şok təfərrüatlar” yazıldıqca yazıla. Bəzən adamın qəlbində belə nazirlərə minnətdarlıq duyğusu oyanır. Az qalırsan, belə bir başlıq verəsən: “Təşəkkürlər, Eldar Mahmudov, təşəkkürlər, Ziya müəllim”.
P.S. Allah tərəfi, Ziya Məmmədovu vəzifədən çıxarmasalar da, jurnalistlər ondan çıxarılmış nazir qədər yazdılar və yazırlar.

Samir Sarı/musavat
711 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:46