Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2015

Eldar Mahmudov həbsə gedir

Sabiq nazirin mənzillərində axtarış aparıldı; müavinlərindən biri tutuldu, digəri işdən qovuldu; Akif Çovdarov da qandallandı... 


Hər ötən gün sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovu həbsinə yaxınlaşdırır. Artıq onun  iqamətgahında və mənzillərində axtarış aparılıb. Məlumata görə, sabiq nazirin Badamdar qəsəbəsindəki şəxsi iqamətgahından 30 qutu dollar və digər xarici valyuta, həmçinin şüşə bankalar dolusu kilolarla brilyant çıxıb. Virtualaz.org yazır ki, götürülən pullar və daş-qaş Ədliyyə Nazirliyi yanında Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstututuna ekspertizaya göndərilib. 

Həbs sanksiyası verilməməsi üçün 350 min...

“MTN sistemi əsaslarına, bünövrəsinə qədər çürümüşdü. Eldar Mahmudov-Akif Çovdarov kriminal dueti milli təhlükəsizlik xidməti sistemi çərçivəsində korrupsiya piramidası qurmuşdu. MTN-də istintaq altında olan şəxsdən yalnız bir sənədin - həbs barədə sanksiyanın ləğv olunması üçün 350 min dollar rüşvət tələb edirdilər”.


Bunu ölkənin tanınmış vəkillərindən biri deyib. Virtualaz.org saytı yerli vəkillər arasında qısa sorğu keçirib. İstintaq altında olan və MTN-in təcridxanasında saxlanılan şəxslərin hüquqlarını müxtəlif vaxtlarda müdafiə etmiş bütün vəkillər bir ağızdan bildiriblər ki, MTN-in İstintaq İdarəsi tərəfindən araşdırılan istənilən cinayət işini (siyasi motivli işləri çıxmaq şərtilə) Eldar Mahmudovun müəyyən etdiyi rüşvət müqabilində bağlamaq mümkün idi. Sorğuya qatılan 30-dan çox vəkilin yekun rəyinə görə, təkcə həbs qətimkan tədbiri sanksiyasının ləğvinin qiyməti orta hesabla 300-350 min dollar olub.

Belə sövdələşmələrdə vasitəçi rolunda adətən vəkillər özləri çıxış ediblər. Bundan əlavə, MTN İstintaq İdarəsinin nəzdində inanılmış vəkillərdən ibarət “xüsusi vəkillər ştatı” olub. Həbs edilən iş adamları ilə danışıqlarda vasitəçi qismində də məhz həmin vəkillər çıxış edirdi.

“Avtomobil dünyası” və “Caspian Crystal” fəaliyyətini dayandırdı

Sabiq nazirin biznes strukturlarında da axtarışlar aparılıb. 

Eldar Mahmudova məxsus “Avtomobil dünyası” maşın salonu fəaliyyətini tam dayandırıb. Badamdar qəsəbəsi Qurd Qapısı dairəsinə yaxın ərazidə yerləşən “Avtomobil dünyası” adlı obyekt 2007-ci ildən fəaliyyətə başlayıb.

Maşın salonunda qiyməti 300 minə yaxın olan avtomobillərin satışı təşkil olunurdu. Avtosalon “Saba Crash” adı altında fəaliyyətə başlayıb. Bir müddət keçdikdən sonra isə “Crystal”, son günlərə qədər isə “Avtomobil dünyası” adı altında işləyirdi. Obyekt təkcə avtomobil satışı ilə kifayətlənmirdi. Belə ki, onun alt mərtəbəsində bahalı içki brendlərinin topdansatış mərkəzi olan “Caspian Crystal” dükanı da müştərilərə xidmət göstərib.


Çovdarovun həbs xəbəri - rəsmi təsdiq yoxdur 

Eldar Mahmudovun mənzillərində və biznes strukturlarında axtarış aparılarkən istintaqçılar parallel olaraq MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun evində və bağında axtarış aparıblar. A.Çovdarovun oğlunun, kürəkəninin və digər yaxın qohumlarının evlərində də axtarış aparılıb. 

Belə məlumatlar da var ki, indiyədək həbs olunan MTN əməkdaşlarının əksəriyyəti qeyri-qanuni göstərişlərin bir çoxunu həm də birbaşa general Çovdarovdan aldıqları haqda ifadələr veriblər və onun həbsi üçün kifayət qədər dəlil-sübut toplanıb. 

Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Baş İstintaq İdarəsinə aparılan Akif Çovdarov 4 saat sorğu-sual edilib. İddiaya görə, ifadəsi alınan A.Çovdarov Nərimanov Rayonundakı Müvəqqəti Saxlama Məntəqəsinə aparılıb. A.Çovdarovun hələlik konkret hansı cinayət üzrə təqsirləndirildiyi və hansı işlə bağlı ifadə verdiyi məlum deyil. 

Qeyd edək ki, A.Çovdarov oktyabrın 17-də prezident sərəncamı ilə işdən çıxarılan sabiq MTN rəhbəri Eldar Mahmudovun “sağ əli və kassiri” sayılırdı. Məlumatlara görə, onun MTN-də əsas vəzifəsi iş adamlarını soymaq olub. Rüşvət tələb edilərək təhdid edilən həmin iş adamları da Baş Prokurorluğa və Prezident Administrasiyasına şikayətlərində əsas fiqur kimi məhz Akif Çovdarovun adını çəkib. 

Hilal Əsədov da getdi, bəs...

Eldar Mahmudovla Akif Çovdarovun mənzillərində axtarışlar aparıldığı saatlarda saatlarda mətbuatda milli təhlükəsizlik nazirinin müavini, general-mayor Hilal Əsədovun da vəzifəsindən qovulduğu xəbəri yayıldı. Xəbərlər prezident sərəncamının yayılması ilə rəsmən təsdiqini tapsa da, hələlik H.Əsədovun istintaqa cəlb edilməsi haqda xəbər yoxdur. Oktyabrın 17-də E.Mahmudov tutduğu postdan uzaqlaşdırılandan sonra H.Əsədov MTN-dəki iş yerinə ciddi nəzarət altında aparılıb-gətirilsə də, onun istintaqdan kənarda qalacağı haqda məlumatlar vardı. Bu məlumatları onun MDB xüsusi xidmət orqanları rəhbərlərinin Rusiya prezidenti Vladimir Putinlə görüşündə Azərbaycanı təmsil etməsi faktı bir qədər də gücləndirmişdi. Amma belə görünür ki, Eldar Mahmudovun MTN-ə cəlb etdiyi bütün kadrlar “təmizlənəcək”. Hazırda digər dövlət qurumlarında sabiq nazirin yerləşdirdiyi bütün kadrların istisnasız olaraq tutduqları postlardan uzaqlaşdırılması, istintaqa cəlb olunması prosesi gedir. 
Eldar Mahmudovun yeznəsi AzTV-dən çıxarıldı.


Nadir Axundov 

Bu arada AzTV-nin  “Mədəniyyət” telekanalının direktor müavini Nadir Axundov tutduğu vəzifədən azad edilib.

N.Axundov Eldar Mahmudovun yeznəsidir.

Mahmudovun  XİN-də işləyən qohumları da işdən qovulacaq 

Gələn məlumatlar onu deməyə əsas verir ki, Eldar Mahmudov 11 illik nazirliyi dövründə MTN-ə 80-dən çox qohumunu və yaxınını yerləşdirməklə kifayətlənməyib. Bütün dövlət orqanlarında, nazirliklərdə, komitələrdə, məhkəmələrdə onun yaxın qohumlarına vəzifə verilib. Əlbəttə ki, bütün bu vəzifələr birbaşa olaraq E.Mahmudovun tapşırığı əsasında onun istədiyi şəxslərə verilib. Redaksiyamıza daxil olan məlumata görə, hazırda Xarici İşlər Nazirliyində də araşdırma aparılır. Nazirliyə qeyri-rəsmi olaraq E.Mahmudovun tapşırığı ilə işə götürülmüş şəxslərin siyahısının istintaqa təqdim olunması tapşırılıb. E.Mahmudovun bacısı Elmira Mahmudovanın XİN-in Konsulluq İdarəsindəki müşavir vəzifəsindən azad ediləcəyi haqda məlumat da var. 

Qeyd olunur ki, Azərbaycanın Qars şəhərindəki baş konsulu Ayxan Süleymanov hazırda “MTN işi” ilə paralel araşdırılan “Rabitəçilərin işi” üzrə həbsə alınmış  Bakı Telefon Rabitəsi İstehsalat Birliyininin rəisi Beytulla Hüseynovun qaynıdır. 


İttiham üçün ifadələr alınır

“Yeni Müsavat”a daxil olan məlumata görə, “MTN işi” üzrə saxlanılanlardan bir çoxu sabiq nazirin onlara qanunsuz göstərişlər verdiyini dolayısı ilə təsdiq edən ifadələr veriblər. Həmin ifadələrin dəlil və sübutlarla bərkidilməsi prosesi gedir. Gələn məlumatlardan belə anlaşılır ki, sabiq nazir yaxın günlərdə istintaqçılarla üz-üzə qalacaq. 


Bakı İstintaq Təcridxanasında “qonaqlara” xüsusi yer hazırlanır

“MTN işi” üzrə həbslərin kütləvi xarakter aldığı bir vaxtda Bakı İstintaq Təcridxanasında sıxlıq olması haqda xəbər var. Qeyd olunur ki, “MTN işi” üzrə tutulanların digər saxlanılan şəxslərlə bir yerdə saxlanılması məqsədəmüvafiq hesab edilmir. Buna görə də təcridxanadakı korpuslardan birində hazırlıq işləri aparılır. Qeyd olunur ki, “MTN işi” üzrə tutulanlar Penitensiar Xidmətin əməkdaşlarının nəzarəti altına verilməyəcək. Sabiq MTN-çilər Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının nəzarəti altında saxlanacaqlar. Bu yolla iş üzrə tutulmuş şəxslərin istintaqın işinə törədə biləcəkləri əngəllərin aradan qaldırılması nəzərdə tutulduğu bildirilir.


P.S. Qəzet çapa gedərkən məlum oldu ki, məhkəmə Akif Çovdarov haqda 3 aylıq həbs-qətimkan tədbiri seçib.  /musavat/
997 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<