Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2015

Akif Çovdarovun atası qəssab, özü "nadzor" olub

Milli Təhlükəsizlik Nazirliyində Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun atası “pasaj bazarı”nda, çoxlarının şüşəli bazar kimi tanıdığı ərazidə qəssab işləyib. Generalın atasının uzun müddət bu bazarda ət kəsib, satdığı ortaya çıxıb.

Bu məlumatı verən mənbə deyir ki, Çovdarovun atası çox sərt adam olub. Bəlkə də elə qəssab sərtliyi bizim yazının qəhrəmanına da keçib.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsi general Akif Çovdarov barəsində hökm çıxarıb. General Çovdarova hələ ki, 3 ay müddətinə həbs verilib. A.Çovdarov Cinayət Məcəlləsinin 308.2, 309.1, 302.2-ci və 311-ci maddələri ilə təqsirləndirilib.

Bu arada qeyd edək ki, dindirmə zamanı MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq əməkdaşları da A.Çovdarovun əleyhinə ifadə veriblər. Bundan əvvəl MTN-in idarə rəisi Akif Əliyev, şöbə rəisi Orxan Osmanov, həmçinin, Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədov barəsində də həbs-qətimkan tədbiri seçilib.

Ruslan Çovdarov isə eks-nazir Eldar Mahmudovun “kassiri” kimi tanınan general Akif Çovdarovun oğludur. O, parlamentin İqtisadi Qanunvericilik Şöbəsinin sektor müdiri işləyib və bir müddət əvvəl öz ərizəsi ilə işdən çıxıb.

Milli təhlükəsizlik nazirinin müavini Akif Çovdarovun həbsi ilə media cameəsində yeni bir mövzunun da müzakirəsi başlandı. Məlumdur ki, bu ad Azərbaycan oxucusuna daha çox “Azadlıq” qəzetinin keçmiş əməkdaşı, hazırda Fransada mühacirətdə olan Aqil Xəlilin döyülməsindən sonra məlum oldu.

Bəs Akif Çovdarov kimdir?

Akif Çovdarov vaxtilə Binə qəsəbəsində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində işləyib. Dustaqlara qarşı çox qəddar davranışı ilə yaddaşlarda qalıb: “Həmin vaxt Ramiz Heybətov müəssisənin rəisi, Akif Hacıyevlə Elxan Sadıqov isə müavin olublar. Akif Çovdarovun onlarla, xüsusən də Akif Hacıyev və Elxan Sadıqovla çox yaxşı dostluq münasibətləri olub və indiyədək də davam edir. Akif Hacıyev Rövşən Cavadovun bacısının həyat yoldaşıdır”.


“Gündəm xəbər” qəzeti Akif Çovdarovun cəbhə hakimiyyətə gələnə qədər Penitensiar Xidmətin rəis müavini vəzifəsində çalışdığını da yazır. Milli Təhlükəsizlik Nazirliyinə isə Çovdarovu qayınatası gətirib: “Çovdarovun qayınatası təhlükəsizlik işçisi olub və onu bu sistemə işə də o gətirib. Akif Hacıyev isə sonralar fəaliyyətini DİN sistemində davam etdirib və Cəlilabadın polis rəisi olub. Sonuncu iş yeri DİN-də inspektor olub”. Qəzet A.Çovdarovun cinayət aləmi ilə, Hacı Məmmədovla münasibətlərinin olmasını da yazır: "Akif Hacıyev Hacı Məmmədov olayından sonra bu sistemdən uzaqlaşdırılıb. Bu səbəbdən də Akif Çovdarovla Hacı Məmmədovun şəxsi münasibətlərinin ola biləcəyi də istisna edilmir". Akif Çovdarovun şəxsi keyfiyyətlərinə gəldikdə isə o, yuxarıdan verilən tapşırıqları dərhal və heç bir tərəddüdsüz, eyni zamanda, ehtiyac olanda xüsusi qəddarlıqla icra edən bir şəxs kimi xarakterizə edilir.

Akif Çovdarov barədə Andres Herkel, “AQO” qrupu, Mikloş Haraşti də məlumatlıdır

Jurnalist Eynulla Fətullayev prezidentə məktubunda Akif Çovdarovun barəsində milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədova, Baş Prokurorluğa müraciət göndərildiyini, habelə vəkillərə məlumat verdiyini yazıb. Onun sözlərinə görə, buna görə hakimiyyət onu həbsə atıb. Həbsdə olarkən MTN rəhbərliyinin nümayəndələri, o cümlədən, Çovdarov onunla söhbət edib. Fətullayevə MTN-lə əməkdaşlıq müqabilində azad ediləcəyi vəd olunub.

MTN zabitlərinin “cinayətkar fəaliyyəti” haqqında Fətullayev Bakıdakı xarici diplomatlara, habelə AŞ PA məruzəçisi Andres Herkel, AŞ “AQO” qrupunun üzvlərinə, ATƏT-in xüsusi nümayəndəsi Mikloş Haraştiyə də məlumat verib.

Jurnalist Bakının 6-cı mikrorayon ərazisində yerləşən zeytun bağında ərazinin şəxsi evin tikilməsi üçün qanunsuz ələ keçirilməsi faktının fotoşəkillərini çəkərkən A.Çovdarov tərəfindən döyülmüşdü. Hətta bəzi iddialara görə, jurnalisti fotokamerasının naqili ilə boğmağa cəhd edən də məhz A.Çovdarov idi./Hafta/
584 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber